Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranın İtaliyaya münasibəti müsbətdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə axşamı günü axşamüstü İtaliyanın baş naziri cənab Matteo Rentsi ilə görüş zamanı iki ölkə arasındakı əlaqələrin keçmişdə yaxşı səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığın genişlənməsindən razı qaldığını bildirdi. O, qeyd etdi ki, Avropa nümayəndə heyətlərinin İrana son səfərlərinin zəif və problemli cəhəti danışıqların əməli nəticələrinin hiss olunmamasındadır. İnqilab Rəhbəri xatırlatdı: “Biz İtaliya və sizin dövlətinizlə əməkdaşlıq məsələsinə fərqli tərzdə və müsbət şəkildə baxırıq. Ümid edirik ki, bu səfər də həmin baxış tərzinin qüvvətlənməsinə xidmət edəcək”.

Həzrət Ayətullah Xamenei İran əleyhinə məcburi embarqonun qüvvədə olduğu dövrdə İtaliyanın münasibətini bəzi Qərb ölkələrinə nisbətən daha məntiqli sayaraq dedi: “İslam Respublikası müxtəlif sahələrdə, xüsusilə, iqtisadi əməkdaşlıq sektorunda İtaliya ilə əlaqələrin genişlənməsini alqışlayır”.

İnqilab Rəhbəri qeyd etdi ki, ölkəxarici gediş-gəliş və müzakirələrdə mühüm olan budur ki, əldə olunan razılaşmalar həyata keçsin və icra olunsun. O, xatırlatdı: “Avropanın bəzi dövlət və şirkətlərinin nümayəndələri İrana gəlib-gedir, danışıqlar aparırlar, amma indiyə kimi bu danışıqların nəticəsi hiss olunmamışdır”.

İnqilab Rəhbəri əlavə etdi: “Bəziləri bunun günahını amerikalılarda görürlər; onların keçmişinə və göstərdikləri münasibətə baxdıqda bu dəyərləndirmə məqbul görünür. Onlar indi də nüvə müzakirələrindəki öhdəliklərini lazımi şəkildə yerinə yetirmirlər, İranla əməkdaşlıq etmək istəyən qarşı tərəfləri də öz bəyanat və hərəkətləri ilə qorxudurlar”.

İnqilab Rəhbəri ölkə prezidenti cənab Ruhaninin Avropaya ilk səfərinin İtaliyadan başladığına toxundu, İranın İtaliyaya müsbət və xoş münasibət bəslədiyini qeyd edərək söylədi: “Əlbəttə, biz bəzi Avropa ölkələrinə bu cür xoş münasibət bəsləmirik. Çünki onlar yalnız Amerikaya sarı üz tutublar və onun diktəsi altında hərəkət edirlər”.

O, türrorizmlə mübarizəni iki ölkə arasındakı əməkdaşlığın mövzularından biri adlandıraraq söylədi: “Avropa ölkələrindən bir neçəsi bəzi qatı terrorçu qruplaşmaları bir müddət himayə etdi. Bu gün isə terrorizmin təhlükəli və geniş dalğası artıq Avropanın özünə də yetişib”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, terrorizm probleminin həllinin qarşısında duran maneələrdən biri də Amerikanın terrorçu qruplaşmalara maliyyə və silah sarıdan göstərdiyi yardımdır. O, əlavə etdi: “Amerikanın İŞİD-ə və başqa terror qruplaşmalarına yardımları barədə etibarlı və dəqiq sübutlar mövcuddur. Hətta hal-hazırda İŞİD-ə qarşı koalisiya yaratdıqdan sonra da Amerikanın bəzi qurumları ona başqa formalarda yardım etməkdədir”.

İnqilab Rəhbəri İtalıyanın baş nazirinin terrorizmə qarşı hərbi və maliyyə mübarizəsi ilə yanaşı mədəni mübarizə aparmaq mövzusunda fikirlərini dəstəkləyərək xatırlatdı: “Qərb siyasətçilərinin istismarı altında olan dünyanın nəhəng təbliğat vasitələri bir dəstə pozğun terrorçunun hərəkətlərini bəhanə edib İslamla mübarizəyə başlamışlar. Siyasi pərdəarxası oyunlar mədəni mübarizə sahəsində işi çətinləşdirir”.

Prezident cənab Ruhaninin də iştirak etdiyi görüşdə İtaliyanın baş naziri cənab Matteo Rentsi dedi: “Bugünkü görüşlərdə mühüm məsələlər barədə, xüsusilə, iqtisadi mövzularda danışıqlar apardıq. İqtisadiyyat və maliyyə mexanizmlərini yaxşılaşdırmalı və gücləndirməliyik”.

Cənab Rentsi dedi: “İtaliyanın istəyi budur ki, bütünlükdə razılaşmalara əməl edilsin. Həmin prinsipə əsasən mövqeyimiz budur ki, nüvə razılaşmalarına uyğun olaraq İran əleyhinə embarqolar ləğv edilməlidir. Biz narahat deyilik və verdyimiz sözə uyğun şəkildə hərəkət etmək fikrindəyik”.

Cənab Rentsi daha sonra terrorizmin Avropada yayılmaqda olduğuna işarə edərək bildirdi ki, bunun qarşısını almağın yolu hərbi terror qruplaşmalarının kökünü kəsməkdən, onların neft və tarixi abidələrin satışı istiqamətində qazanc yollarını bağlamaqdan ibarətdir. O dedi: “Bizim məqsədlərimizin başında İŞİD-in kökünü kəsmək durur. Sevinirik ki, bu sahədə İranla baxışlarımız eynidir”.

İtaliyanın baş naziri terrorizm bəhanəsi altında İslamın nüfuzunun ləkələnməsinə təəssüf etdiyini bildirərək dedi: “Bu gün Avropada terrorizm halları meydana gələn zaman bəzi dövlət məsulları terrorizmi günahlandırmaq əvəzinə İslamı qınayırlar. Məsələn, Amerikada prezident seçkilərində prezidentliyə namizəd öz təbliğat kampaniyasında iddia edir ki, terrorizm probleminin günahkarı İslamdır”.

Cənab Rentsi mədəni sahədə iş aparmağı terrorizmlə mübarizənin başqa bir qolu adlandıraraq əlavə etdi: “Biz göstərməliyik ki, dinlər bəşəriyyətin sülh, danışıq və barışıq şəraitində birgəyaşayışını təmin etməyə çalışır. İslam dünyasının ali məqamlı rəhbəri olaraq sizin malik olduğunuz güc və ifa etdiyiniz rol bu baxış tərzinin yayılmasında böyük əhəmiyət daşıyır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /