Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika və terrorizmlə mübarizə iddiası edən digər qüvvələr səmimi deyillər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) axşamüstü Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayevlə görüşdə müxtəlif siyasi, iqtisadi, beynəlxalq sahələrdə və terrorizmlə mübarizədə iki ölkə arasındakı həmkarlığı genişləndirməyin vacibliyinə toxunaraq xatırlatdı: “Bəzi dünya güclərinin, xüsusilə də Amerikanın terrorizmlə mübarizə iddiası səmimi və ciddi deyil. Lakin İslam ölkələri səmimi həmkarlıq sayəsində bu təhlükəni müsəlman dünyasından uzaqlaşdıra bilərlər”.

Həzrət Ayətullah Xamenei amerikalıların İraqda İŞİD-ə etdikləri yardımı terrorizmlə mübarizə iddiası edən müxtəlif koalisiya qüvvələrinin hərəkətlərinə nümunə göstərərək qeyd etdi: “Onlar öz ikili standartlarına haqq qazandırmaq üçün terrorizmi yaxşı və pis olmaq üzrə iki növə bölürlər”.

İnqilabın Rəhbəri Avropada baş verən terror hadisələrinin icraçılarının elə milliyyətcə avropalı olduqlarına, eləcə də, Suriya və İraqdakı terror qruplaşmalarının tərkibində Avropa ölkələrinə mənsub fərqli insanların olduğuna diqqəti yönəldərək əlavə etdi: “Bu reallıqlar Qərbin və xüsusilə, amerikalıların terrorizmlə mübarizədə ciddi olmadıqlarını göstərir”.

O, dünyanın bugünkü mənzərəsini təlatümlü adlandıraraq əlavə etdi: “Müsəlman ölkələri bir tərəfdən İslam adından, əslində isə İslam və müsəlmanlar əleyhinə fəaliyyət göstərən terror qruplaşmalarının təhlükəsi ilə üz-üzə durub. O biri tərəfdən də bəzi Qərb dövlətləri istəmir ki, müsəlman ölkələri birləşsin və bir-birinin yanında olsun”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, terrorizm təhlükəsinə və dünya güclərinin ikili standartlarına qarşı durmaq üçün İslam ölkələri arasında ağla və məntiqə əsaslanan siyasi hüdudlar daxilində əməkdaşlığı genişləndirməyə ehtiyac vardır. O, dedi: “Biz müsəlman ölkələrini qardaş bilirik. Bir çox qlobal məsələlərdə İranla Qazaxıstanın mövqeyi eynidir”.

İnqilab Rəhbəri Qazaxıstanla İran arasında beynəlxalq qurumlar səviyyəsində əməkdaşlığa işarə edərək vurğuladı: “Ortaq dini, tarixi və mədəni dəyərlərin mövcudluğuna, hər iki ölkənin əhatə genişliyinə baxmayaraq, ticarət və iqtisadiyyat əlaqələri aşağı səviyyədədir. Biz siyasət, iqtisadiyyat, ticarət və nəqliyyatın müxtəlif sahələrində əməkdaşlığı genişləndirməyin, eləcə də, ortaq su məkanının hüquqi statusu mövzusunda əməkdaşlığın tərəfdarıyıq”.

Prezident cənab Ruhaninin də iştirak etdiyi görüşdə Qazaxıstan Respublikasının prezidenti cənab Nursultan Nazarbayev İranı böyük, güclü, etibarlı və arxalanmağa layiq olan qonşu adlandıraraq dedi: “İki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük imkanlar var. Biz bu səfər zamanı iqtisadiyyat və ticarət proqramları baxımından mühüm razılıqlar əldə etmişik; bu razılıqlar əməkdaşlığın inkişafına və genişlənməsinə imkan yaradacaq”.

Qazaxıstan Respublikasının prezidenti terrorizmi ciddi təhlükə adlandırdı, Qərbdə baş verən terror hadisələrinə və İslamı terrorizmin mənbəyi kimi göstərmək uğrunda qərblilərin göstərdikləri səylərə diqqət yönəldərək dedi: “Terrorizm və mühacir axını əslində Qərb dövlətlərinin region ölkələrindəki legitim hökumətlər əleyhinə mübarizəsindən qaynaqlanır. Çünki bir ölkədə güclü, mərkəzləşdirilmiş dövlət süqut edəndə onun yerini terrorizm tutur”.

Cənab Nazarbayev İran İslam Respublikasının qüdrətinə və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müsəlman ölkələrindəki mənəvi nüfuzuna işarə edərək söylədi: “Mən İslam dünyasının birliyi barədə sizin baxışlarınızla tam razıyam. Biz bütün dünyaya göstərməliyik ki, İslam terrorizmlə mübarizə, inkişaf və birlik dinidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /