Ali Baş Komandan bu gün (bazar günü) Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə bayram görüşündə qeyd etdi ki, İran İslam Respublikası Silahlı Qüvvələrinin bir hərbi kollektiv kimi mahiyyətinin əsas göstəricisi onun döyüş bacarığına malik olmaqla yanaşı, həm də dini-mənəvi stimula köklənməsidir. O vurğuladı: “İslam Respublikası quruluşunda Silahlı Qüvvələrin əsas vəzifəsi milli təhlükəsizliyin sərhədlərini qorumaqdır. Ona görə də bu qüvvələrin hərbi səriştəsi və mənəvi stimulu günbəgün gücləndirilməlidir”.
Həzrət Ayətullah Xamenei dünyanın əksər ölkələrində hər biri özünəməxsus mahiyyətə malik iki cür silahlı qüvvələrin olduğunu qeyd edərək dedi: “Bəzi ölkələrdə ordu formal xarakter daşıyaraq bəzək və nümayiş məqsədi güdür, hərbi səriştədən məhrum, yalnız hakim dairələrin təhlükəsizliyini qoruyan bir hərbi qüvvədir”.
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Bu cür ordu nümunələrindən regionumuzda da var. Onların bəzisi bir il bundan əvvəl var qüvvələri ilə Yəmənə hücum etdilər, bu ölkənin əhalisini hədəf seçdilər, amma heç bir iş görə bilmədilər”.
Həzrət Ayətullah Xamenei dünyadakı ikinci tip ordulardan söz açaraq əlavə etdi: “Bu ordular üzdə yüksək operativliyə və hərbi səriştəyə malikdir, amma hərbi əməliyyatlar meydanında yalnız militaristlik, məntiqsizlik və qəddarlıq edirlər”.
O, sırf militarist mahiyyətə malik orduların bariz nümunəsi kimi Amerika ordusunu, onun İraq və Əfqanıstanda apardığı əməliyyatları misal gətirərək dedi: “Bu cür silahlı qüvvələr döyüş meydanında məğlub olduqda “Bləkuoter” (“Blackwater”) kimi peşəkar cinayətkar qüvvələri işə salmaqdan belə çəkinmirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Dünyada həm dini ideologiya ilə sıx bağlı və mənəvi stimula sahib olan, həm də siyasi cəhətdən müstəqil bir ölkədə effektiv şəkildə fəaliyyət göstərən yeganə silahlı qüvvələr İran İslam Respublikasının Silahlı Qüvvələridir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikasında hərbçilik nə formal gözqamaşdırma mahiyyəti daşıyır, nə də idarəolunmayan şəkildə, məntiqsiz, düşüncəsiz, konkret istiqamət seçilmədən həyata keçirilən bir siyasətdir”.
O, İran Silahlı Qüvvələrinin özünəməxsus cəhətlərini durmadan qüvvətləndirmək lazım olduğunu vurğulayaraq əlavə etdi: “Silahlı Qüvvələr konkret bir şəxsdən, bu və ya digər siyasi partiya, yaxud cinahdan ötrü deyil, bütün millətə və ölkəyə aiddir. Bu qüvvələr ölkə əhalisinin əmin-amanlığını təmin edən möhkəm qala, xalqın təhlükəsizliyinin keşikçisi olmalıdır”.
İslam İnqilabının Rəhbəri xatırlatdı: “Silahlı Qüvvələrin ümumilikdə təşkilatlanma və təchizat tədbirlərindən, hərbi bilik və müdafiə bacarığından ibarət olan hərbi qüdrəti artdıqca, bununla yanaşı, dinin vacib və müstəhəb göstərişlərindən də daha irəlidə duran və hərbçilərimizin qəlbinin dərinliyində yaranmalı olan mənəvi-psixoloji hazırlıq səviyyəsi yüksəldikcə ordumuz real gücə sahib olduğunu hiss edəcək”.
Ali Baş Komandanın çıxışından əvvəl Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-leytenant Firuzabadi Silahlı Qüvvələrin fəaliyyət və proqramları barədə hesabat verərək dedi: “Silahlı Qüvvələr hərbi və qorxuducu gücünü artırmaq, xüsusilə ballistik raket ehtiyatlarını gücləndirmək, raket bazalarını genişləndirməklə İslamın toxunulmaz müqəddəsliyini qoruyur, milli təhlükəsizliyi və ərazi bütövlüyünü təmin edir. Buna əsasən, inanırıq ki, hazırki şəraitdə hərbi təlimlərin keçirilməsi zəruridir və təlimlər davam edəcək”.
Görüşdən əvvəl İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamlığı ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir