İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü günorta vaxtı hökumət kabinetinin üzvləri, parlamentin rəyasət heyəti, ədliyyə sisteminin yüksək çinli rəsmiləri və bəzi qurumların vəzifəli kadrları ilə bayram görüşündə onlara təşəkkür etdi. O, xüsusilə, müqavimət iqtisadiyyatının siyasətlərinin reallaşdırılması istiqamətində səy və zəhmətlərinə görə hökumət nümayəndələrinə təşəkkür etdi, bu siyasətlərin icrasında əl və söz birliyi ilə, ölkənin vəzifəli şəxslərinin bir araya gəlməsini mühüm amil kimi dəyərləndirərək vurğuladı: “Müqavimət iqtisadiyyatının mərkəzi qərargahı dövlətin, xüsusilə, prezidentin birinci müavinin rəhbərliyi altında, bütün qurumların həmkarlığa və yardıma cəlb edilməsi, müxtəlif qurumların verəcəyi reaksiya və tədbirlərin dəqiq koordinasiyası, daxili istehsalın ciddi surətdə dəstəklənməsi şəraitində müqavimət iqtisadiyyatının icrasına start verilməsi və əməli surətdə reallaşması üçün hərtərəfli və əhatəli addımların atılmasına zəmin hazırlamalıdır”.
O, qurumların fəaliyyətinin dəqiq koordinasiyasında hökumət komandasının rolunu xeyli əhəmiyyətli sayaraq dedi: “Koordinasiya gedişində bu siyasətlərin hüdudları daxilində fəaliyyət göstərən qurumlar dəstəklənməli, laqeydlik göstərən qurumlar düzgün yola çəkilməli, müqavimət istisadiyyatının əleyhinə fəaliyyət göstərən qurumların atdığı addımların isə qarşısı alınmalıdır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, müqavimət iqstisadiyyatının icrasına elə bir formada başlayıb davam etmək lazımdır ki, müxtəlif sahələrdə görülən tədbirlər barədə ilin sonunda dəqiq və real surətdə müşahidə olunan hesabatlar verməyə imkan yaransın. O, əlavə etdi: “İcra qurumlarının hamısı müqavimət iqtisadiyyatının siyasətlərinin reallaşdırılması imkanlarına malikdirlər və parlament də bu yolda dövlətə yardım etməlidir”.
Həzrət Ayətullah Xamenei xatırlatdı: “Biz dövlətdən gözlənti və tələblərimizi artırmaq fikrində deyilik, problemlərdən, kredit və resurs qıtlığından da xəbərdarıq. Amma bəzi sahələrdə əldə edilən gəlirlə digər sahələrdəki boşluq və qıtlığı doldurmaq lazımdır”.
O, ölkə rəhbərliyini seçilmiş, təcrübəli, stimula, ideyaya və əmələ sahib olan bir toplum kimi dəyərləndirərək əlavə etdi: “Həm yeni ideya, həm də praktik addımların baş komanda qərargahı ölkəyə gözəl rəhbərlik etmək bacarığından istifadə edərək, həmçinin, müxtəlif qurumların imkan və qüvvələrindən yararlanaraq qərar vermək və onları mərhələlərlə həyata keçirmək istiqamətində hərəkət etməlidir.”
İslam İnqilabının Rəhbəri dövlətin və şəxsən möhtərəm prezidentin öhdəsində olan ölkə idarəçiliyi məsuliyyətinin çox ağır olduğunu vurğulayaraq dedi: “Möhtərəm prezidentin işinin çoxluğunu və məşğulluğnu nəzərə alaraq, dövlətdə mühüm yeri olan prezidentin birinci müavini müqavimət iqtisadiyyatının qərargahına rəhbərlikdə mühüm rol ifa edə bilər”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən xalqın mənafeyi, proseslərin inkişafı və xalqın problemlərinin həlli yolunda dövlətin, parlamentin, ədliyyə sisteminin atdığı hər bir addımı ciddi şəkildə dəstəkləyəcəyəm. Amma mühüm olan budur ki, görülən işin milli mənafe baxımından faydalı və lazım olduğu hiss edilsin”. O, vurğuladı: “Müqavimət iqtisadiyyatının siyasətlərinin həyata keçirilməsində çoxsaylı daxili imkan və potensiala arxalanmaq lazımdır”.
İslam İnqilabının Rəhbəri Amerikanı əxlaqsızlığın və ədəbsizliyin mənbəyi hesab edərək xatırlatdı: “Amerikalılara və qeyri-amerikalılara inanmaq olmaz. Bəzi Qərb ölkələri də bu cürdür. Ona görə də öz qüvvəmizə inanmalıyıq. Amerika rəsmilərinin mövqeyi və hərəkətləri də bu fikri təsdiq edir”.
Həzrət Ayətullah Xamenei hadisələr meydanına sədaqətlə qədəm basacağımız təqdirdə mütləq Allah tərəfindən kömək və yardım alacağımızı vurğulayaraq buyurdu: “Fərdi və ictimai həyatımız boyunca həmişə eniş-yoxuşla, çətinlik və onların həlli ilə rastaşırıq. Amma mühüm olan budur ki, bütün bu şəraitdə əsas kurs və istiqamət unudulmasın”.
O, yerli istehsala dəstək vermə məsələsinə ciddi yanaşmağın son dərəcə mühüm olduğunu qeyd edərək dedi: “Hər iki sahədə - həm sənaye, həm də Kənd təsərrufatıında - istehsala xüsusi diqqət yetirilməlidir”.
İslam İnqilabının Rəhbəri vəzifəli şəxslərin həmrəylik və söz birliyi ilə birgə olmalarını müqavimət iqtisadiyyatının reallaşmasına zəmin yaradan faktor adlandıraraq vurğuladı: “vəzifəli şəxslərin həmkarlığı olmadan işlər irəli getməyəcək”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası həmişə milli birlik kimi bir üstünlüyə sahib olmuşdur. Amma milli birliklə yanaşı, məsul vəzifəli şəxslərin birliyi və ürəklə eyniliyi də olmalıdır. Bu birlik zövq və baxış fərqliliyi ilə ziddiyyət təşkil etmir”.
O, bugünkü görüşü məsulların həmrəylik və söz birliyinin, ünsiyyətin götəricisi sayaraq xatırlatdı: “Ölkənin bütün vəzifəli şəxsləri siyasi baxışlarından aslı olmayaraq əsas və inqilabi hədəflərə doğru hərəkət etməlidirlər”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu gün ölkədə hiss olunur ki, hakimiyyətin üç qolunun rəsmiləri və dövlətin aparıcı simaları vasitə və metod baxımından bəzi fərqliliklərə rəgmən, İnqilabın əsas hədəflərinə eyni baxış və yanaşmaya malikdirlər.
Həzrət Ayətullah Xamenei öz çıxışının digər bölümündə vəzifəli şəxslərin ailə üzvlərinə, xüsusilə də, həyat yoldaşlarına göstərdikləri səbr və dözümə görə dönə dönə təşəkkür edərək dedi: “Məsulların diqqət mərkəzində olan səy və zəhmətlərinin çox hissəsi onların həyat yoldaşlarının sayəsində baş verir, amma adətən bunlar gözə çarpmır”.
Prezidentin birinci müavini cənab Cahangiri bu görüşdə İslam İnqilabı Rəhbərinə, verdiyi məsləhətlərə və dövlətə göstərdiyi himayəyə görə təşəkkür edərək dedi: “Dövlət müqavimət iqtisadiyyatının siyasətlərinin reallaşması üçün əhatəli proqramlar hazırlamışdır və dövlət bu siyasətləri ölkənin iqtisadi problemlərini sağaldacaq həkim resepti hesab edir”.
Prezidentin birinci müavini əlavə etdi: “Dövlət müqavimət iqtisadiyyatının siyasətlərinə tam inanır. Bu siyasətlər şəriət, qanun və elmi – nəzəri səviyyə baxımından dövlət tərəfindən müsbət qarşılanıb”.
Cənab Cahangiri müqavimət iqtisadiyyatı qərargahının son iki iclasında 1395-ci il üçün iqtisadiyyatın prioritet istiqamətlərinin müəyyən edilməsinə toxunaraq xatırlatdı: “Ötən gecə böyük iqtisadi müəssisələrin iştirakı ilə uzun çəkən bir iclas keçirildi. Dövlət istehsalın işə salınmasına, eksportun genişləndirilməsinə, qazanc əldə etməyin asanlaşdırılmasına və özəl sektorun ciddi şəkildə iqtisadiyyata daxil edilməsinə qərar verib”.
O, müqavimət iqtisadiyyatının siyasətlərinin icrasında dövlətin uğur qazanması üçün müxtəlif hakimiyyət strukturları, xüsusilə, televiziya və radionun əməkdaşlıq və köməyinin lazım olduğunu bildirərək dedi: “Mən tam əmin edirəm ki, müqavimət iqtisadiyyatının siyasətlərinin reallaşdırılması yolunda dövlət bilik, təcrübə, idarəetmə səlahiyyəti və imkanları sarıdan əlindən gələn heç nəyi əsirgəmiyəcək”.
Görüşdən əvvəl vəzifəli şəxslər İslam İnqilabının Ali Məqamlı Rəhbərinin imamlığı ilə zöhr və əsr namazını qıldılar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir