İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1395-ci hicri-şəmsi ilinin gəlişi ilə əlaqədar İran xalqına ünvanladığı təbrik mesajında bütün həmvətənlərini, xüsusilə də möhtərəm şəhid ailələrini və müharibə veteranlarını yeni ilin gəlişi və Novruz bayramı münasibətilə təbrik edir, şəhidlərin və dahi lider İmam Xomeyninin (r.ə) xatirəsini yad edərək yeni ili “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” ili elan etdiyini bildirir.
Təbrik mesajında Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (ə) mübarək mövludunun 1395-ci ilin həm əvvəlinə, həm də sonuna təsadüf etdiyinə toxunaraq bu ilin İran xalqı üçün bərəkətli bir il olacağına, iranlıların o böyük qadının mənəviyyatından bəhrələnəcəyinə, onun həyatından və istiqamətləndirici davranışlarından ibrət dərsi götürə biləcəyinə ümid etdiyini qeyd edir.
Həzrət Ayətullah Xamenei geridə qalan ili dəyərləndirərkən 1394-cü ilin də acılı-şirinli, enişli-yoxuşlu, şans və təhlükələrlə dolu digər illərə bənzədiyini qeyd edərək deyir: “Mina hadisəsinin acısından tutmuş 22 bəhmən yürüşü və 7 isfənd seçkilərinin şirinliyinə, həmçinin Birgə Kompleks Tədbirlər Planı təcrübəsi və onunla paralel olaraq yaşadığımız ümid və nigarançılığa qədər – hamısı 1394-cü ilin gətirdiyi hadisələr idi”.
Yeni ildə qarşıda duran ümid, şans və təhlükələrə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğulayır: “Hünər odur ki, fürsətlərdən sözün əsl mənasında istifadə edib təhdidləri də fürsətə çevirə bilək, belə ki ilin sonunda ölkəmizdə hissolunan dəyişikliklər müşahidə olunsun. Əlbəttə ki, ümidləri reallaşdırmaq üçün səy göstərmək, gecə-gündüz, durmadan işləyib çalışmaq lazımdır”.
İran xalqının ümummilli hərəkatında əsas və prinsipial bir məqama toxunan Həzrət Ayətullah Xamenei deyir: “İran xalqı elə etməlidir ki, düşmənlərindən gələn təhlükələr qarşısında özünü hər cür riskdən sığortalasın və düşmən sarıdan gələn təhdidlərin onun üçün risklilik dərəcəsi sıfra ensin”.
Bu ümummilli hərəkatda birinci və təcili prioritetin iqtisadiyyat olduğunu bildirən Ali Məqamlı Rəhbər deyir: “Xalqımız, dövlətimiz və bütün rəsmilər iqtisadiyyat məsələsində düzgün, yerində və fundamental işlər görə bilsə, ümidlər böyükdür ki, bu işlər digər məsələlərə, misal üçün, ictimai problemlərin həllinə, sosial təhlükələrin aradan qaldırılmasına, əxlaq və mədəniyyətlə bağlı məsələlərə də öz təsirini göstərəcək”.
Ali Məqamlı Rəhbər iqtisadiyyat sferasında əsas problemlərin daxili istehsal, işsizlik probleminin həlli, məşğulluq, durğunluqla mübarizə, iqtisadiyyatda dinamika və rövnəqlənmənin təmin edilməsi olduğunu bildirərək deyir: “Bütün bunlar əhalinin gündəlik həyatda üz-üzə qaldığı, yaşadığı və həllini tələb etdiyi problemlərdir. Statistik rəqəmlər və rəsmilərin verdiyi hesabatlar da göstərir ki, xalqın bu tələbləri yerində və haqlı olan tələblərdir”.
“İqtisadi problemlərin əlacı, xalqın tələblərini cavablandırmağın yolu müqavimət iqtisadiyyatıdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları əlavə edir: “Müqavimət iqtisadiyyatı sayəsində işsizlik və durğunluğa qarşı mübarizə aparmaq, bahalaşmanı cilovlamaq, düşmən sarıdan gələn təhlükələrə müqavimət göstərmək, ölkə üçün bir sıra dəyərli fürsətlər yaradıb onlardan istifadə etmək mümkündür”.
Ali Məqamlı Rəhbər bütün bu sadalananlara müvəffəq olmaq üçün müqavimət iqtisadiyyatını rəhbər tutaraq gərgin surətdə işləmək lazım olduğunu bildirərək deyir: “Hökumət nümayəndələrinin hesabatları göstərir ki, bu sahədə geniş işlər görülüb, lakin bunlar hələ müqəddimə xarakterli, müxtəlif strukturlara ünvanlanan göstəriş və təlimatnamələrdən ibarət olan işlərdir”.
Rəsmilərin müqavimət iqtisadiyyatı sahəsində əməli işlər həyata keçirməli olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğulayır: “Müqavimət iqtisadiyyatı ilə bağlı fəaliyyət proqramlarının icrasına davam edərək iş görmək, əhaliyə görülən işlərin göz önündə olan nəticəsini göstərmək lazımdır”.
Ali Məqamlı Rəhbər “Müqavimət iqtisadiyyatı; əməli tədbirlər” şüarının ölkənin problem və ehtiyaclarının aradan qaldırılması üçün birbaşa və aydın bir yol olduğunu bildirərək bu sferada çalışan hər kəsə təşəkkürünü bildirir və deyir: “Əlbəttə, görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin bir il ərzində ölkənin bütün problemlərini aradan qaldıracağını gözləmirik, lakin işlər düzgün fəaliyyət proqramları əsasında aparılarsa, heç şübhəsiz, ilin sonunda artıq onların təsirini və nişanələrini müşahidə etmək mümkün olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir