Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei bu gün səhər (çərşənbə axşamı günü) Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin üzvləri ilə görüşündə İslam İnqilabının qələbəsində Qum Dini Elmlər Hövzəsinin əvəzolunmaz rolu və mövqeyi barədə danışaraq, inqilabi baxış və ruhiyyənin Dini Elmlər Hövzəsindən qaldırılması istiqamətindəki bəzi cəhdlərə işarə edərək dedi: “Qum Dini Elmlər Hövzəsi “inqilab mərkəzi və inqilab beşiyi” olaraq qalmalıdır. Bu məqsədə çatmaq isə, dəqiq düşüncəyə, tədbirə və plana ehtiyaclıdır”.
Ali Məqamlı Rəhbər öz sözlərinə İslam İnqilabının qələbə çalması və davamlı qalmasında Qum Dini Elmlər Hövzəsinin rolu, Qum Dini Elmlər Hövzəsi ilə inqilab arasındakı əlaqə barədə söz açmaqla başladı: “İslam İnqilabının formalaşması və qələbə çalmasında iki cərəyanın aşkar rolu olmuşdur: 1- Universitet; 2- Dini Elmlər Hövzəsi”.
Həzrət Ayətullah Xamenei universitetlərə hakim sfera, habelə, universitet tələbələrinin günün aktual məsələləri ilə tanışlığı səbəbilə dünyanın müxtəlif regionlarında tələbə mübarizələrinin mövcud olduğuna toxunaraq qeyd etdi: “İranda - istər islami mübarəzələr dövründə, istərsə də ondan əvvəl - tələbə mübarizəsi mövcud olmuşdur. Amma təsir qoyma hüdudlarının məhdudluğu səbəbilə tələbə mübarizəsi ölkədə heç zaman inqilab və çevrilişlə nəticələnməmişdir”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsində tələbə hərəkatı və mübarizəsinin təsir qoya bilməsinin başlıca səbəbini ilahiyyatçıların mübarizəsi hesab edərək bildirdi: “Biz tələbə mübarizəsinə böyük dəyər veririk. Amma bunu qeyd etmək istəyirik ki, əgər ilahiyyatçıların mübarizəsi olmasaydı, heç şübhəsiz, tələbə mübarizəsi elə universitet hüdudlarında qalacaqdı və öz amalına çatmayacaqdı”.
Ali Məqamlı Rəhbər “əhatəli olma və təsir qoyma” xüsusiyyətlərini İslam İnqilabında ilahiyyatçılar hərəkatının iki xüsusiyyəti hesab edərək dedi: “Qum Dini Elmlər Hövzəsi iki hissədən – xalqın müraciət etdiyi ilahiyyat alimlərindən və ilahiyyat tələbələrindən təşkil olunmuşdur. İmam (r.ə) bir ilahiyyat alimi kimi bəyanatlar verir və çıxışlar edirdi. İmamın (r.ə) çıxışlarını və baxışlarını isə cəmiyyətə, hətta uzaq məntəqələrdə yaşayan insanlara ilahiyyat tələbələri çatdırdı”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər Qum Dini Elmlər Hövzəsi olmasaydı, İmamın (r.ə) hərəkatı, bəlkə də, uğurla tamamlanmayacaqdı. Bu, İslam İnqilabının formalaşması və davam etməsində Qum Dini Elmlər Hövzəsinin rolunu göstərməkdədir”.
O həmçinin bildirdi: “Milləti ayağa qaldırıb küçələrə çıxaran və o böyüklükdə etiraz aksiyalarının təşkilinə bais olan amil, mübariz ilahiyyat tələbələrinin fəaliyyəti olmuşdur. Onlar İmamın (r.ə) düşüncə və məqsədlərini ölkənin ən uzaq məntəqələrinə belə çatdırırdılar”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının formalaşması ilə İmam (r.ə) arasındakı vasitə halqasının Qum Dini Elmlər Hövzəsi olduğunu qeyd edərək bildirdi: “İslam İnqilabında Qum Dini Elmlər Hövzəsinin dəyərli və əvəzolunmaz bir rolu olduğu halda, hal-hazırda inqilabi baxış və ruhiyyənin Dini Elmlər Hövzəsindən qaldırılması istiqamətində planlar cızılır və cəhdlər göstərilməkdədir”.
Həzrət Ayətullah Xamenei dedi: “Əgər İslam hökumətinin “islami və inqilabi” qalmasını istəyiriksə, Dini Elmlər Hövzəsi inqilabi qalmalıdır. Çünki əgər Dini Elmlər Hövzəsi inqilabi qalmazsa, hökumət “inqilabdan kənarlaşma” təhlükəsi isə qarşı-qarşıya qalacaqdır”.
O, inqilabi baxış və ruhiyyənin Dini Elmlər Hövzəsindən qaldırılması istiqamətində göstərilən cəhdlərə görə təhlükə hiss etməyin gərəkli olduğunu vurğulayaraq bildirdi: “Bu təhlükə ilə düşüncə, tədbir və dəqiq plan əsasında mübarizə aparmaq lazımdır ki, beləcə, Qum Dini Elmlər Hövzəsi hər zaman bir inqilab mərkəzi və inqilab beşiyi olaraq qalsın, burada inqilabi baxış və hərəkət günü-gündən genişlənsin”.
Həzrət Ayətullah Xamenei İslam İnqilabı ilə müxalifətçilik metodlarına toxunaraq bildirdi: “Bəzən İslam İnqilabının prinsiplərinə açıq-aşkar şəkildə qarşı çıxırlar. Bəzən isə, İnqilabın prinsiplərinə qeyri-müstəqim şəkildə qarşı çıxırlar. Bu xüsusda çox həssas və diqqətli olmaq lazımdır. Dünya hegemonları və Amerika qarşısında ayıq-sayıq olmağı dönə-dönə tapşırmağımızın səbəbi də elə budur”.
O, dünya hegemonlarının İran İslam hökuməti ilə düşmənçiliklərinin əsas səbəbini İranın dünya hegemonlarının zülmkar hakimiyyəti qarşısında duruşu və müqaviməti hesab edərək bildirdi: “Əgər bu duruş və müqavimət olmasa, hansı adda hökumət sisteminiz olsa belə, dünya hegemonlarının sizinlə heç bir düşmənçiliyi olmayacaqdır”.
Ali Məqamlı Rəhbər millətin uzaqgörən və ayıq İmamının (r.ə) təkid etdiyi prinsiplər və məsələlərə qarşı müxalifətçiliyin İslam İnqilabı və İslam hökuməti ilə qeyri-müstəqim müxalifətçiliyin başqa bir metodu hesab edərək bildirdi: “İmam Xomeyninin (r.ə) baxışları və təkid etdiyi məsələlər ilə siyasi və mədəni müxalifətçiliyin həqiqi mənası, İslamın ilkin dövründən sonra İranda hökumət təşkil edən siyasi İslam və həqiqi İslam ilə müxalifətçilikdir”.
Ali Məqamlı Rəhbər Dini Elmlər Hövzəsində inqilabi baxış və ruhiyyənin zəiflədilməsi istiqamətində aparılan işlərlə mübarizə yollarını açıqlayaraq dedi: “Dini Elmlər Hövzəsinin aparıcı qurumları, xüsusilə də, Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisi ölkə səthində Dini Elmlər Hövzəsi ilə nizamlı və məzmunlu əlaqələri planlı şəkildə inkişaf etdirməklə, inqilabi düşüncələrin yayılması istiqamətində düzgün yolların araşdırılıb tapılması üçün tədqiqat qrupları yaratmaqla, ilahiyyat tələbələrinin qarşılaşdıqları çətinlikləri və zehinlərində yaranan şübhələri tanıyıb aradan qaldırmaqla bu zəmində təsirli rola malik ola bilər”.
Həzrət Ayətullah Xamenei Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin təşkilini olduqca yaxşı bir hadisə kimi dəyərləndirdi və qeyd etdi ki, bu qurum öz mövqeyini və mahiyyətini qorumalı və gücləndirməlidir.
O, əlavə etdi: “Bu baxışla və lazımi tədbirləri görmək və planlar hazırlamaqla, eləcə də, Allahın fəzli sayəsində yüzlərlə müvəffəq və inqilabi ilahiyyat müəllimi yetişəcəkdir və ilahiyyat tələbələri və müəllimlərinin mənəvi bağlılıqlarına arxalanmaqla Dini Elmlər Hövzəsində inqilabi baxış və ruhiyyə günü-gündən daha da çox yayılacaqdır”.
İslam İnqilabı Rəhbəri çıxışının sonunda bir daha vurğuladı: “Ölkənin künc-bucağında bəzi xoşagəlməz hadisələrin baş verdiyinə baxmayaraq, ölkənin hərəkətinin ümumi istiqaməti yaxşıdır və inkişafa doğrudur. Rəbbin lütfü sayəsində gələcəyin üfüqü bütün sahələrdə aydındır”.
İslam İnqilabı Rəhbərinin çıxışından qabaq Qum Dini Elmlər Hövzəsi Tələbələri və Alimlərinin Nümayəndələri Məclisinin rəhbəri Hüccətül-islam vəl-müslimin Hüseyninəjad bu qurumun layihələri, fəaliyyətləri və gələcək planları barəsində məlumatla məruzə etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir