Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin dördüncü kollegiyasının sədri və üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi axırıncı görüşdə yeddi isfənd tarixində keçirilən seçkilərdə vətəndaşların mənalı və əzəmətli iştirakını, İslam hökumətinə olan vəfadarlıqlarını bir daha qətiyyətlə elan etmələrini təqdirəlayiq hesab edərək, bu seçkilərin xüsusiyyətlərini, eləcə də, Xubriqan Məclisi və İslam Şurası Məclisinin ən mühüm və başlıca vəzifələrini açıqladı. Hazırkı dönəmdə ölkənin qarşısında dayanan üç əsas məqsədi sadalayaraq, düşmənlərin nüfuzu məsələsini çox ciddi məsələ və ciddi təhlükə kimi dəyərləndirərək qeyd etdi: “Həqiqi inkişafın yeganə yolu iqtisadi, mədəni və siyasi sferalarda ölkənin daxili strukturunu möhkəmləndirmək, inqilabın xüsusiyyətlərini qorumaq, ciddi-cəhdlə hərəkət etmək, milli və islami izzət və mənliyi qorumaq, dünya imperializmi maşınının çarxlarında parçalanıb məhv olmamaqdır.”

Yeddi isfənd tarixində keçirilən seçkilərdə otuz dörd milyon vətəndaşın iştirak etdiyini və seçki qutularına təxminən yetmiş milyon seçki vərəqinin atıldığını nəzərə alaraq, Ali Məqamlı Rəhbər bu seçkiləri mənalı və mühüm adlandıraraq dedi: “Vədəndaşlar bu seçkilərdə həqiqətən çox fəal iştirak etdilər. Seçki hüququna malik vədəndaşların altmış iki faizinin bu seçkilərdə iştirak etməsi bir çox ölkələrlə, hətta Amerika ilə müqayisədə yüksək göstəricidir.”

Həzrət Ayətullah Xamenei qeyd etdi: “Seçkilərdə yüksək səviyyədə iştirak etməklə, əslində, vətəndaşlar İslam hökumətinə olan etimadlarını əməli surətdə göstərdilər”.

Ali Məqamlı Rəhbər seçkilərdə bəzilərinin seçilməsi və bəzilərinin seçilməməsini təbbi hal hesab etdi və Xubriqan Məclisinə öz namizədliklərini irəli sürən, amma bu seçkilərdə məclicə üzv seçilməyən namizədlərin göstərdikləri səylərə görə öz təşəkkürünü bildirərək, əlavə etdi: “Əlbəttə, bəzi möhtərəm insanlar vardır ki, seçilib-seçilməmək onların şəxsiyyətinə heç bir xələl gətirmir. Cənab Yəzdi və cənab Misbah belə şəxsiyyətlərdəndir. Onların Xubriqan Məclisinə üzv olmaları bu Məclisin ağırlığını artırardı, onların yoxluğu isə Xubriqan Məclisi üçün bir ziyandır”.

Daha sonra Ali Məqamlı Rəhbər İslam hökumətində keçirilən seçkilərin, xüsusilə də, yeddi isfənd tarixində keçirilən seçkilərin xüsusiyyətlərini sadalayaraq qeyd etdi: “Seçkilərdə vətəndaşların azad və sərbəst şəkildə iştirakı bu xüsusiyyətlərdən biridir. Çünki İslam hökumətində seçkilərdə iştirak etmək məcburi deyildir və vətəndaşlar rəğbət, düşüncə və stimul ilə seçkilərdə iştirak edirlər”.

Həzrət Ayətullah Xamenei seçkilərin rəqabətli şəkildə keçirilməsini İslam hökumətində keçirilən seçkilərin ikinci xüsusiyyəti kimi qeyd edərək dedi: “Yeddi isfənd tarixində keçirilən seçkilərdə tam mənada rəqabət mövcud idi. Çünki müxtəlif qruplar və fərdlər müxtəlif şüarlar və təkliflərlə seçkilərdə iştirak edirdilər. Media və yayım şirkəti də Xubriqan Məclisinin namizədlərinin xidmətində idi. Hamı sözün əsl mənasında rəqabət apardı və səy göstərdi”.

Ali Məqamlı Rəhbər seçkilərin təhlükəsiz və dinc şəraitdə keçdiyini son seçkilərin ən qabarıq xüsusiyyəti kimi vurğulayaraq dedi: “Qonşu ölkələrdə qeyri-sabitlik və terrorizmin baş alıb getdiyi bir dövrdə bizim ölkədə vətəndaşların geniş iştirakı ilə keçirilən bu seçkilərdə heç bir acı hadisə yaşanmadı. Belə ki, Tehran şəhərinin əhalisi səhər saat 8-dən gecə yarısınadək tam təhlükəsiz bir şəraitdə seçki məntəqələrində səs vermək üçün növbə gözləmişlər”.

Ali Məqamlı Rəhbər seçkilərin təhlükəsiz və dinc şəraitdə keçirilməsi istiqamətində Polis Qüvvələrinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Keşikçi korpusun göstərdikləri səylər və gördükləri tədbirlərə görə öz təşəkkürünü bildirdikdən sonra, seçkilərin tam sağlam və əmanətdarlıq şəraitində keçirildiyini bu seçkilərin başqa bir xüsusiyyəti hesab edərək dedi: “Düşmənlərin təbliğatı, həmçinin ölkə daxilində olan bəzi qüvvələrin iddialarının əksinə olaraq, İslam hökumətində keçirilən seçkilər hər zaman sağlam olmuş və seçkilərin nəticələrinə təsir qoya biləcək mütəşəkkil bir fəaliyyət əsla mövcud olmamışdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Yeddi isfənd tarixində keçirilən seçkilər 1388-ci ildə keçirilən seçkilərin etibarsız olduğunu iddia edənlərin və ölkə üçün o zərərli fitnəni törədənlərin sözlərinin yanlış və etibarsız olduğunu bir daha göstərdi”.

O əlavə etdi: “Son seçkilər sağlam olduğu kimi, əvvəlki seçkilər də, o cümlədən, 1388-ci və 1384-cü illərdə keçirilən seçkilər də sağlam olmuşdur”.

Ali Məqamlı Rəhbər bu seçkilərdə səs toplamayan namizədlərin nəcib rəftarlarını yeddi isfənd tarixində keçirilən seçkilərin başqa bir xüsusiyyəti kimi qeyd edərək dedi: “1388-ci ildə səs toplamayan və buna görə fitnə törədərək ölkəyə çətinliklər yaradan və düşmənləri tamahlandıran namizədlərin nanəcib rəftarlarından fərqli olaraq, bu seçkilərdə səs toplamayan namizədlər səs toplayan namizədləri təbrik etdilər. Bu məsələ, olduqca böyük və dəyərlidir”.

Həzrət Ayətullah Xamenei bu mövzunun yekununda dedi: “Yeddi isfənd tarixində keçirilən seçkilərdə vətəndaşların İslam hökumətinə olan etimadlarını elan etmələri, düşmənlərin vətəndaşları və hökuməti iki qütbə ayırmaq və seçkilərin nəticələrini etibarsız qələmə vermək istiqamətində olan səylərinin müqabilində qərar tutmuşdu”.

Ali Məqamlı Rəhbər son aylarda Keşikçi Şuraya qarşı olan basqılara bir daha toxundu və düşmənin siyasətlərinə bilməyərəkdən kömək edibKeşikçi Şuranı tənqid atəşinə tutanlardan möhkəm gileylənərək dedi: “Keşikçi Şurası öz işini tam ciddiyyətlə yerinə yetirdi. Əgər bir problem varsa, bu problem mövcud qanunlara aiddir və qanunlar islah olunmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İyirmi gün ərzində on iki min nəfərin namizədliyə səlahiyyətli olub-olmadığını araşdırmaq qanuna aid bir problemdir və bu problem aradan qaldırılmalıdır. Qanuna aid olan bu problemə görə Keşikçi Şurası tənqid atəşinə tutulmamalıdır”.

Həzrət Ayətullah Xamenei namizədliyə səlahiyyətin aşkarlanması məsələsi barəsində dedi: “Məgər namizədliyə səlahiyyət aşkarlanmadan bir şəxsin seçkilərə namizədliyini təsdiqləmək olarmı? Buna görə Allah qarşısında hansı cavabı vermək olar?”

O qeyd etdi: “Əgər Keşikçi Şurası bir şəxsin seçkilərə namizədlik üçün qanuni şərtlərə malik olduğunu aşkarlaya bilməzsə, onun səlahiyyətini təsdiqləyə bilməz. Bu, bir irad deyil, əksinə, qanuna əməl etməkdir”.

Həzrət Ayətullah Xamenei Keşikçi Şurasının İran İslam Respublikası hökumətinin bir neçə əsas qurumlarından biri olduğunu və inqilabın əvvəllərindən hegemon dövlətlərin hücumuna və təxribatına məruz qaldığını qeyd edərək dedi: “Keşikçi Şurasına qarşı hər cür təxribat qeyri-islami, qeyri-qanuni, qeyri-şəri və qeyri-inqilabi hərəkətdir”.

O, bir daha vurğuladı: “Namizədliyə səlahiyyəti aşkarlanmayan şəxslər, təbbi ki, narahat ola bilərlər. Amma Keşikçi Şurasına qarşı təxribat aparmamlıdırlar, əksinə, öz etirazlarını qanuni yollarla ortaya qoymalıdırlar”.

Ali Məqamlı Rəhbər yeddi isfənd tarixində keçirilən seçkilərin xüsusiyyətləri və ismarıclarını açıqladıqdan sonra qeyd etdi: “Vətəndaşlar seçkilərdə fəal iştirak etməklə öz vəzifələrini yerinə yetirdilər. İndi isə məsul şəxslərin növbəsidir ki, öz vəzifələrini yerinə yetirsinlər”.

Həzrət Ayətullah Xamenei əvvəlcə Xubriqan Məclisinin İslam hökumətinin ən əsas qurumlarından biri olduğunu xatırladıb, Xubriqan Məclisi üzvlərinin vəzifələrini açıqlayaraq dedi: “Xubriqan Məclisinin vəzifəsi bundan ibarətdir: inqilabi qalmaq, inqilabi düşünmək və inqilabi əməl etmək”.

O, ölkənin gələcək rəhbərinin seçilməsində bu üç cəhətə riayət edilməsini Xubriqan Məclisinin ən əsas vəzifələrindən hesab edərək dedi: “Ölkənin gələcək rəhbərinin seçilməsində doğru olmayan yanaşmalar kənara qoyulmalı və yalnız Allah, ölkənin ehtiyacı və həqiqət nəzərə alınmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər bu böyük vəzifənin yerinə yetirilməsində səhlənkarlıq göstərilsə, heç şübhəsiz, hökumətin və ölkənin təməllərində problem yaranacaqdır”.

Həzrət Ayətullah Xamenei Xubriqan Məclisi üzvlərinin alimlər, möhtərəm şəxslər və böyük şəxsiyyətlər olduğuna işarə edərək, bu məclis üzvlərinin başqa bir vəzifəsini camaatın tələblərini və problemlərini dövlət məsullarına çatdırmaq, həqiqətləri camaata açıqlamaq və onları həqiqətlərdən xəbərdar etmək hesab etdi.

Ali Məqamlı Rəhbər İslam Şurası Məclisinin yeni kollegiyasının vəzifələrindən danışarkən həmişəki tövsiyəsinə - Məclisin dövlətin kənarında olması və dövlətə kömək olması məsələsinə işarə edərək dedi: “Söz yox ki, İslam Şurası Məclisinin dövlətin kənarında olması və dövlətə kömək olması bu Məclisin öz qanuni vəzifələrinə göz yumması anlamında deyildir”.

O, daha sonra dövlət rəsmiləri və məsullarının vəzifələrinə toxunaraq dedi: “Ölkənin hazırkı durumunda dövlət rəsmiləri və məsulları üç əsas vəzifəni diqqətdə saxlamalıdırlar: 1- Müqavimət iqtisadiyyatı; 2- Ölkənin sürətli elmi hərəkətinin davam etdirilməsi; 3- Ölkə, millət və gəncləri yadların mədəni basqılarından qorunmaq”.

Həzrət Ayətullah Xamenei sözükeçən vəzifələrdən birincisi xüsusunda danışarkən ölkənin iqtisadi problemlərinin müqavimət iqtisadiyyatı siyasətləri icra olunmadan həll olunmayacağı və iqtisadi inkişafın baş verməyəcəyinə bir daha təkid edərək dedi: “Belə qərara alındı ki, dövlət bir müqavimət iqtisadiyyatı qərargahı təşkil etsin və qərargah üçün komandanlıq da təyin etsin. Belə ki, bəzi işlər görülmüşdür. Amma bu işləri millət görməli və duymalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlət rəsmiləri və məsulları öz iqtisadi fəaliyyətlərini və səylərini müqavimət iqtisadiyyatı əsasında aparmalıdırlar. Hər bir əməkdaşlıq və proqramda meyar, müqavimət iqtisadiyyatı siyasətləri olmalıdır. Belə ki, müqavimət iqtisadiyyatı siyasətləri bir qrup nəzər sahibinin təklifləri əsasında tənzimlənmiş və iqtisadiyyat üzrə mütəxəssislərin əksəriyyəti tərəfindən qəbul olunmuşdur”.

Həzrət Ayətullah Xamenei ikinci əsas vəzifə, yəni ölkənin sürətli elmi hərəkətinin davam etdirilməsi məsələsinə toxunaraq dedi: “Əgər dünyada qüdrət və izzət sahibi olmaq, diqqətdə və mərkəzdə olmaq istəyiriksə, elmi inkişaf etdirməli və elmi hərəkəti dayandırmamalıyıq”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Elmi inkişaf istiqamətində tam ciddiyyətlə çalışmaq gərəkdir, çünki bu səylərin nəticələrindən biri iqtisadiyyatın elmə söykənməsi olacaqdır”.

Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri və məsullarının üçüncü əsas vəzifəsi, yəni ölkə mədəniyyətini yadların mədəni basqılarından qorumaq məsələsinə toxunaraq qeyd etdi: “Ölkə mədəniyyətini yadların mədəni basqılarından qorumaq üçün ilk öncə bu hədəfə etiqad bəsləmək lazımdır, sonra isə bu hədəf üçün proqram tərtib etmək və ciddiyyətlə səy göstərmək lazımdır”.

Ali Məqamlı Rəhbər daha sonra qeyd etdi: “Əgər dövlət rəsmiləri və məsulları bu üç vəzifəyə ciddi şəkildə əməl etsələr, bunun nəticəsi ölkənin həqiqi inkişafı olacaqdır”.

O, bazarı zahirdə rövnəqləndirmək, idxalatı artırmaq və müəyyən bir dönəm üçün millətin razılığını qazanmaq yolu ilə olan formal iqtisadi inkişafı millətin zərərinə hesab edərək dedi: “İqtisadi inkişaf köklü və möhkəm olmalı, ölkənin daxili sütunlarına söykənməlidir”.

Ali Məqamlı Rəhbər inqilabi xüsusiyyətləri qorumaq, cihad hərəkəti, milli və islami izzət və mənliyi qorumaq, dünya imperializminin mədəni, iqtisadi və siyasi çarxlarında parçalanıb məhv olmamağı inkişafın digər amilləri hesab etdi və düşmənin ölkəyə nüfuzu üçün hazırladığı planlara toxunaraq dedi: “Dəqiq məlumatlara əsasən, dünya hegemonları və Amerika ölkəmizə nüfuz etmək üçün ciddi planlar hazırlamışlar. Söz yox ki, onların planında silahlı çevriliş etmək yoxdur. Çünki onlar İran İslam quruluşunda silahlı çevriliş ilə ölkəyə nüfuz edə biləcəklərinin mümkün olmadığını yaxşı bilirlər. Buna görə də iki başqa yol ilə ölkəyə nüfuzu gerçəkləşdimək ardıncadırlar”.

Ali Məqamlı Rəhbər ölkəyə nüfuz üçün düşmənin iki əsas planının ölkə məsullarını və milləti hədəfə almaq olduğunu qeyd edərək dedi: “Ölkə məsullarına nüfuz etmək planı məsulların hesablamalarını dəyişdirməkdir. Bunun nəticəsi isə, məsulların düşüncə və iradəsinin düşmənin ovucunda qərar tutmasıdır. Belə olduğu təqdirdə, artıq birbaşa müdaxiləyə ehtiyac olmayacaqdır və məsul şəxs hətta özü də bilmədən düşmənin istədiyi qərarları alacaqdır”.

O, ölkəyə nüfuz üçün düşmənin digər planının millətin İslama və inqilaba olan inamını, siyasi İslam və onun ümumi vəzifələrinə, yəni dövlət qurmaq və mədəniyyət yaratmaq xüsusunda olan inaclarını hədəfə almaq olduğunu qeyd edərək dedi: “Ölkənin müstəqilliyini inkar etmək düşmənin planlarından biridir və ölkə daxilində də bəzi qüvvələr naşılıqla bu mövzunu müzakirə edir və deyirlər ki, müstəqillik köhnə mövzudur və bu gün öz anlamını itirmişdir”.

Həzrət Ayətullah Xamenei qərbin xəyanətlərini unutmaq üçün millətin inanclarını dəyişdirməyi düşmənin planlarından biri olduğunu qeyd etdi və dedi: “Beynəlxalq arenada təbliğ olunur ki, nə üçün İran İslam Respublikası və onun məsulları qərbə və Amerikaya qarşı bu qədər qarşıdırlar?”

O əlavə etdi: “Biz qərbdən zərbə almışıq və qərbin bizimlə nə etdiyini unutmamalıyıq. Mən qərb ilə əlaqələrin kəsilməsinin tərəfdarı deyiləm, amma kiminlə danışıqlar apardığımızı və əməkdaşlıq etdiyimizi bilməliyik”.

Ali Məqamlı Rəhbər Qacarların hakimiyyət dövrünün ortalarından bu günədək qərbin İran milləti ilə düşmənçilyinin aşkar nümunələrindən bir neçəsini sadalayaraq qeyd etdi: “Qacar şahlarının zəifliyi qərblilərin İran millətinə qarşı təzyiqinin artması və millətimizin inkişafının dayanmasına bais oldu. Sonra Rzaxanı və ondan sonra da oğlunu hakimiyyətə gətirdilər. Daha sonra 1332-ci il mordad ayının 28-də baş tutan milli hərəkatı amansızcasına yatızdırdılar və cinayətkar “Savak”ı yaratdılar”.

Həzrət Ayətullah Xamenei əkinçiliyi məhv etmək, elmi inkişafı dayandırmaq, istedadları oğurlamaq, ölkə gənclərini əxlaqsızlıq və narkamaniyaya sürükləməyi Pəhləvi rejiminin hakimiyyəti dövründə qərblilərin icra etdikləri planlardan olduğunu qeyd edərək dedi: “İslam İnqilabı qələbə çaldığı vaxtdan qərblilər müxalifətçiliyə qalxdılar. Sərhəd zonalarında inqilab əlehyinə qruplaşmalara silah-sursat və siyasi köməkliklər göstərdilər. İmamın, inqilabın və inqilab məsullarının əleyhinə şayiə yaydılar və düşmənçiliklərini göstərdilər. Müharibədə də bacardıqları qədər Səddama hərbi və siyasi köməklik göstərdilər, onlara lazımi məlumatları ötürdülər”.

Ali Məqamlı Rəhbər ölkəmizə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini bu düşmənçiliyin nümunələrindən biri hesab edərək dedi: “İran İslam Respublikası qərblə düşmənçilik etmək niyyətində deyildi, əksinə, bu ölkədə yeni müstəqil bir quruluş yaranmışdı ki, qərblilər bu quruluşla düşmənçiliyə qalxdılar”.

Ali Məqamlı Rəhbər Avropanın müxtəlif sferalarda, o cümlədən, sansiyaların tətbiqi və düşmənçilik xarakterli təbliğatlarda Amerikanı izlədiyini vurğulayaraq dedi: “Biz ölkəmiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq, biz tarix qarşısında məsuliyyət daşıyırıq. Əgər düşmənlərin düşmənçiliyi qarşısında şücaət və iqtidarla dayanmasaq, onlar bizim ölkəmizi və millətimizi udar. Biz onlara belə bir icazəni verməməliyik”.

Ali Məqamlı Rəhbər bəzi ölkə məsullarının “biz bütün dünya ölkələri ilə əməkdaşlıq etməli və əlaqələr qurmalıyıq” kimi sözlərinə işarə edərək dedi: “Amerika və siyonist rejimi istisna olmaqla, biz bütün dünya ölkələri ilə əlaqələr qurmalıyıq. Amma bunu da bilməliyik ki, dünya ölkələri təkcə qərb və Avropa ölkələrində xülasələşmir”.

O, Quşulmama Hərəkatına üzv ölkələrin Tehranda təşkil olunan iclasında 130-dan çox ölkənin iştirak etdiyini qeyd edərək dedi: “Hazırkı dövrdə qüdrətlər dünya müstəvisində paylanıbdır və dünyanın şərqi və Asiya qitəsi də geniş bir ərazini əhatə edir”.

Həzrət Ayətullah Xamenei ilk əvvəldə qərblilərin İran millətinə qarşı düşmənçiliyə qalxdıqlarını və indi də ölkəyə nüfuz etmək ardınca olduqlarını qeyd edərək dedi: “Düşmən elmi, mədəni və iqtisadi sferalarda ölkə daxilinə nüfuz etmək üçün təxminən on yol cızmışdır. O cümlədən, universitetlər və alimlər ilə görüşlər keçirmək, zahirdə elmi konfrans kimi görünən, amma ölkəyə nüfuz etmək planını izləyən konfranslar təşkil etmək, mədəni fəaliyyətlər örtüyü altında təhlükəsizlik qurumlarının məmurlarını ölkəmizə yollamaq kimi planlar cızmışlar”.

Ali Məqamlı Rəhbər düşmənlərin ölkə daxililinə nüfuz etmələrinin qarşısını almaq üçün ən əsas yolun ölkəni daxildən gücləndirmək olduğunu qeyd edərək dedi: “Əgər İslami İran daxildən güclü və zəngin olarsa, indi buynuz çıxaranlar İslam hökuməti ilə əlaqələr qurmaq üçün sıraya dayanacaqlar”.

O əlavə etdi: “Hal-hazırda qərblilər ölkəmizə gəlib-gedirlər, amma indiyədək bu gəl-getlərin heç bir müsbət nəticəsi olmamışdır. Bu gəl-getlərin hansı nəticələr verdiyi əməldə özünü göstərməlidir. Yoxsa kağız üzərində anlaşmaların heç bir faydası yoxdur”.

Ali Məqamlı Rəhbər ölkə məsullarının zəhmətlərinə görə öz təşəkkürünü bildirərək dedi: “İran İslam Respublikasının otuz yeddi illik təcrübəsi göstərir ki, siyasi, iqtisadi, mədəni və elmi baxımdan güclü olmalıyıq və bu mərhələyə çatdıqda həqiqi izzətə sahib olacağıq”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində Xubriqan Məclisinin dördüncü kollegiyasının üzvlərindən olan mərhum Ayətullah Vaiz Təbəsi və mərhum Ayətullah Xəzəlinin xatirəsini anıb dedi: “Bu iki yaxşı qardaş Xubriqan Məclisində “üstünlük məqamı”nı sözün həqiqi mənasında qoruyub saxladılar və sınaqlardan yaxşı çıxdılar”.

Ali Məqamlı Rəhbər Ayətullah Vaiz Təbəsinin mübarizələrinə və İnqilabdan sonrakı xidmətlərinə, eləcə də, İmam Rza (ə) hərəmində gösətdikləri xidmətlərə toxunaraq əlavə etdi: “Riyasız, mömin və həssas məqamlarda öz əqidəsində qətiyyətli olan bu insan, öz inqilabi mövqeyini açıq şəkildə sərgilədi. 1388-ci il fitnəsində dostluqları və yanaşmaları bir kənara qoyub meydana gəldi”.

O, Ayətullah Vaiz Təbəsinin dəfn və vida mərasimində camaatın geniş iştirakını Məşhəd camaatının qədrdanlıq əlaməti kimi qeyd edərək dedi: “Vəzifə başında çalışdığı müddətdə bu böyük şəxsiyyətin məişəti və yaşayışı dəyişmədi və artmadı. Heç vaxt zədəganlıq həyat tərzi yaşamadı və inqilabdan əvvəl yaşadığı həmin evdə dünyasını dəyişdi”.

Ali Məqamlı Rəhbər Ayətullah Xəzəli barəsində dedi: “O mərhum da başqa bir ağır sınaqdan çıxdı. Qohumlarından və ona bağlı insanlardan söz getdiyi bir məqamda tam şücaətlə inqilaba vəfadar qaldı. Bu xüsusiyyyətlər insanlara dəyər və onların inqilabi hərəkətinə məna verir”.

Həzrət Ayətullah Xamenei Xanım Fatimə Zəhranın (s.ə) şəhadəti münasibətilə başsağlığı verib dedi: “O xanımın fəzilətlərindən danışdıqda diqqət olunmalıdır ki, məzhəblər arasında ixtilaf yaradan məqamlara toxunulmasın. Çünki dünya hegemonlarının şeytanlıq siyasəti bu gün şiə ilə sünni arasında ixtilaf salmaqdır”.

O əlavə etdi: “Söz yox ki, qaydalara və ədəbə riayət etməklə, məsləhətləri nəzərə almaqla tarixi faktlardan söz açmağın heç bir iradı yoxdur. Amma bu söhbətlər ixtilaf və ədavət yaratmamalıdır”.

Ali Məqamlı Rəhbər əhli-sünnə qardaşların Əhli-beyt (ə) hərəmlərinin müdafiəsində iştirak etdikləri və şəhid olduqları, şəhid ailələrinin bununla iftixar etdiklərinə toxunaraq dedi: “Ruhanilər izn verməməlidirlər ki, əhli-sünnə qardaşlarımızı incitməklə Amerikanın və siyonistlərin ixtilaf salma istiqamətində olan planlarının həyata keçməsinə kömək olunsun”.

Ali Məqamlı Rəhbərin çıxışından qabaq Xubriqan Məclisinin sədri cənab Ayətullah Yəzdi Xanım Fatimə Zəhranın (s.ə) şəhadət günləri münasibətilə başsağlığı verdi və mərhum Ayətullah Vaiz Təbəsi və Ayətullah Xəzəlinin xatirəsini andı. Daha sonra Xubriqan Məclisinin on doqquzuncu iclası barəsində hesabat məruzə etdi.

Həmçinin Xubriqan Məclisinin sədr müavini cənab Ayətullah Haşimi Şahrudi Xubriqan Məclisi üzvlərinin və sonuncu iclasın qonaqlarının çıxışları və müzakirələrinin ən mühüm mövzuları barəsində məruzə ilə çıxış etdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /