Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbərin seçkidə möhtəşəm şəkildə iştirak etmiş İran xalqına təşəkkür mesajı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin çağırışına ləbbeyk deyərək böyük əzm və yaddaşlarda uzun müddət qalacaq bir ruh yüksəkliyi ilə dinə əsaslanan xalq hakimiyyətini öz timsalında dünya ictimaiyyətinə nümayiş etdirmiş müdrik və qətiyyətli İran xalqına ünvanladığı mesajda ölkə əhalisinə təşəkkürünü bildirir, üzünü ölkə rəsmilərinə tutaraq onların xalqa layiqincə təşəkkür etmək üçün öhdələrinə düşən vəzifələri sədaqətlə yerinə yetirməli olduğunu qeyd edir. Daxili imkan və potensialdan qaynaqlanan, hərtərəfli inkişafın başlıca hədəf olduğunu vurğulayan Ali Məqamlı Rəhbər mesajında deyir: “Gələcək parlamentin üzərinə ağır vəzifələr düşəcək və ümidvaram ki, bu parlamentin fəaliyyətində hər kəs Allahın və xalqın qarşısında cavabdehlik meyarlarını müşahidə edəcək”.

Ali Məqamlı Rəhbərin mesajının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Elm və qüdrət sahibi olan Allaha şükürlər olsun ki, müdrik və qətiyyətli İran xalqını daha bir böyük sınaqdan qalib çıxardı; xalqımız İslam İnqilabının əvvəlindən bu yana 36-cı dəfə ümumxalq səsverməsində böyük əzm və yaddaşlardan silinməyəcək ruh yüksəkliyi ilə iştirak edərək hazırkı mərhələdə ölkənin müqəddəratını müəyyən etməyə, iki güclü və əhəmiyyətli hakimiyyət orqanına öz nümayəndələrini seçməyə, dinə əsaslanan xalq hakimiyyətini özünün parlaq və qüdrətli timsalında dünya ictimaiyyətinə bir daha nümayiş etdirməyə müvəffəq oldu.

İran İslam Respublikası öz xalqı ilə fəxr edir, milli iqtidarı yeniləmək və dirçəltmək üçün dəyərli fürsətlər yaradan güclü qanunvericilik bazasına malik olması ilə qürur duyur.

İslam dövlətinin çağırışına hamılıqla ləbbeyk demiş insanlarımıza təşəkkürümü bildirməyi, bu möhtəşəm və məhsuldar cüməni yaratmış camaatımız üçün Allahdan mükafat və doğru yola hidayət arzu etməyi özümə borc bilirəm.

İstər Xubriqan Məclisinə və parlamentə seçilmiş, istər hakimiyyətin digər qollarında yüksək vəzifə tutan, istərsə də digər hökumət qurumlarında çalışan  üzümü tutaraq xatırladıram ki, xalqa layiqincə təşəkkür etmək üçün camaata, ölkəyə və İslam dövlətinə sədaqətlə xidmət etsinlər; sadə yaşayış tərzini, namuslu əməyi, daim işinin başında olmağı, milli mənafeyi şəxsi və partiya maraqlarından üstün tutmağı, yadellilərin müdaxiləsinə qarşı şücaətlə müqavimət göstərməyi, bədxahların və xainlərin planlarına bir inqilabçı kimi reaksiya verməyi, düşüncədə və əməldə cihad ruhunu – bir sözlə, Allah-taala naminə işləməyi və Onun yaratdıqlarına xidmət etməyi vəzifə postu tutduqları bu dövr ərzində özləri üçün başlıca fəaliyyət proqramı bilsinlər və heç bir şeyin bahasına onu pozmasınlar.

Yaşadığımız son dərəcə həssas dövr hamıdan, xüsusilə də siz rəsmilərdən həssaslıq, sayıqlıq və əzmkarlıq tələb edir.

Əsas hədəfimiz ölkənin inkişafıdır. Formal, xalqın müstəqilliyinə və milli qürura zidd olan inkişaf qəbuledilməzdir. İnkişaf deyərkən biz imperializmin mədəsində həzm olmağı nəzərdə tutmuruq. Milli qürur və heysiyyəti isə yalnız daxili güc və potensialdan qaynaqlanan, hərtərəfli inkişafla təmin etmək olar. Yeni parlamentin öhdəsinə bu mühüm mövzularla bağlı ağır vəzifələr düşəcək və ümidvaram ki, onun fəaliyyətində hər kəs Allahın və xalqın qarşısında cavabdehlik meyarlarını müşahidə edəcək.

Bu möhtəşəm seçkinin təşkilatçılarına, icra və nəzarət strukturlarının rəsmilərinə, təhlükəsizliyi təmin edən insanlara, Dövlər Teleradiosuna, eləcə də digər aidiyyətli qurumlara və şəxslərə səmimi təşəkkürümü bildirirəm.

Allah-taaladan hamınıza uğurlar diləyirəm.

Seyid Əli Xamenei
9 isfənd 1394-cü il

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /