Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Biz keçmişdən bəri İsveçrəni sülh, dostluq və əməkdaşlıq mərkəzi kimi tanıyırıq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İsveçrə Konfederasiyasının prezidenti cənab Yohan Şnayder-Amman ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə iki ölkə arasındakı əlaqələrin keçmişinə, İsveçrə dövlətinin davranışlarının ümumilikdə İran ictimaiyyətində müsbət rəy yaratdığına toxundu, İran və İsveçrə arasında elmi və iqtisadi əməkdaşlığın artırılmasını alqışladığını qeyd edərək dedi: “İran və İsveçrə arasında ticarət mübadiləsinin həcmi az və qeyri-stabildir. İsveçrə biznesmenləri və investorları İrandakı zəngin potensial haqda məlumat almaqla bu göstəricini yüksəldə bilərlər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, indiyə qədər İsveçrənin bəzi Qərb dövlətlərinin İrana tətbiq etdiyi sanksiya və təzyiqlərə qoşulması kimi mənfi bir halın yaşanmaması da iki ölkə arasında əməkdaşlığın artırılması üçün mədəni cəhətdən əlverişli zəmin yaradan amillərdəndir. O, əlavə etdi: “Biz keçmişdən bəri İsveçrəni sülh, dostluq və əməkdaşlıq mərkəzi kimi tanıyırıq. Əlbəttə ki, öz mənafeyini konflikt və müharibələr törətməkdə görən bəzi Qərb dövlətləri heç də belə deyil”.

İran xalqının bəzi Avropa dövlətlərinin müharibə körükləmə həvəsinə öz təcrübəsində şahid olduğunu qeyd edən Ali Məqamlı Rəhbər İranın zorla təhrik olunduğu müharibədə Səddam rejiminin Avropanın raket və qırıcıları ilə təmin olunduğunu xatırlatdı. O dedi: “Bu davranışlar xalqımızda həmin dövlətlərlə bağlı mənfi təəssüratlar qoymuşdur. İsveçrə ilə bağlı isə İranda belə bir təəssürat yoxdur”.

Həzrət Ayətullah Xamenei iki ölkə arasında əldə edilmiş razılaşmalara İslam Respublikası tərəfindən iqtisadi cəhətdən tam dəstək veriləcəyini və onların hüquqi cəhətdən qarant altına alınacağını qeyd edərək dedi: “Əsas odur ki, ciddi əməkdaşlıq, güclü əzm və iradə sayəsində bu razılaşmalar əməli addımların həyata keçirilməsi ilə nəticələnsin”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə İsveçrə prezidenti Yohan Şnayder-Amman İrana səfərindən məmnun qaldığını bildirərək iki ölkə arasında dostluq münasibətlərinin uzunillik keçmişə malik olduğunu qeyd etdi. O dedi: “İranda olmaq, ölkələrimiz arasındakı münasibətlərin irəliləməkdə olduğunu görmək bizim üçün fəxrdir”.

Hazırkı səfərdə onu İsveçrədən iki – elmi və iqtisadi heyətlərin müşayiət etdiyi haqda məlumat verən cənab Şnayder-Amman əlavə etdi: “Cari səfərdə İran və İsveçrə arasında geniş və çoxşaxəli əməkdaşlıqların yol xəritəsi ilə bağlı danışıqlarımız oldu. Bu yol xəritəsinin imzalanması İran-İsveçrə əlaqələrinin və əməkdaşlığının genişlənməsi ilə nəticələnə bilər”.

Dünyada böyük problemlərin mövcud olduğuna toxunan İsveçrə prezidenti əlavə etdi: “Bu qeyri-sabitlik və problemlərin uzantıları bu gün hətta Avropanı və İsveçrənin ətrafını da əhatə edib. Bu böyük problemlərin həlli üçün əməkdaşlığa ehtiyacımız var”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /