Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Parlamentdə dövlətin lehinə və əleyhinə qütbləşmə olduğu yalandır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nəcəfabad əhalisi ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi izdihamlı görüşdə olduqca mühüm fikirlər səsləndirdi. “Radikal” və “liberal” anlayışlarının dəqiq izahını verən Ali Məqamlı Rəhbər bütün xalqı, xüsusilə də rəsmiləri və siyasətçiləri düşmənin seçkiqabağı atmosferdə reallığı əks etdirməyən, uydurma qütbləşmələr yaratmaq planlarına qarşı sayıq olmağa çağırdı. Seçkiləri milli dirçəliş meydanı, xalqın sədaqət və mübarizliyini təcəssümü, ölkənin suverenlik və heysiyyətini qoruma arenası adlandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müsəlman İranının nüfuz və başucalığını istəyən hər kəs cümə günü baş tutacaq seçkilərdə iştirak etməlidir. 7 isfənd günü İran xalqının necə böyük həvəslə seçki məntəqələrinə gəldiyini bütün dünya görəcək”.

Bu günlər Həzrət Fatimeyi-Zəhranın (ə) şəhadəti ilə bağlı günlərin yaşandığını ehtiramla yad edən Ali Məqamlı Rəhbər cümə günü ölkədə iki önəmli seçkinin – İslami Şura Məclisi və Xubriqan Məclisinə seçkilərin keçiriləcəyini qeyd edərək dedi: “Seçkilərin özünün ölkəmizdəki əhəmiyyəti təkcə əhalinin səs verməsi ilə bağlı deyil. Seçkilər cürbəcür təzyiqlərdən, zülmkar sanksiyalardan və çirkin təbliğatlardan sonra İran xalqının düşmən qarşısında sinəsini sipər etməsi, özünü irəli verməsi deməkdir”.

Əhalinin seçkidə genişmiqyaslı iştirakının İslam İnqilabının heybət və əzəmətini dünyaya bir daha nümayiş etdirəcəyini bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkilər milli qüdrət, əzm və mübarizlikdən əlavə, böyük bir xalqın qərəzli məqsədlərlə qarşıdurma meydanında şücaət, sədaqət və qəhrəmanlığını da nümayiş etdirəcək”.

Ali Məqamlı Rəhbər səsvermə meyarlarına cavab verən hər bir vətəndaşın seçkiyə qatılmasının əhəmiyyətini açıqladıqdan sonra ötən 37 il ərzində ölkədə baş tutan müxtəlif seçkilər ərəfəsində düşmənin reallaşdırmağa cəhd göstərdiyi məkrli planlardan danışdı. O dedi: “Ötən illər ərzində bədxahlar xalqın seçkidə iştirakını zəiflətmək üçün İranda seçkilərin yalandan keçirildiyini iddia edərək inkar etməyə, seçkilərdə seçicilərin az sayda və passiv iştirakına nail olmağa, nəticələrin əvvəlcədən müəyyən edildiyi bəhanəsi ilə seçkidə iştirakın faydasız olduğu barədə ictimai rəy yaratmağa cəhd göstərmişlər. Müəyyən dövrlərdə hətta Amerika rəsmiləri ölkəmizdə baş tutacaq seçkilərin əleyhinə açıq-açığına mövqe ifadə etmişlər”.

“Uzunillik təcrübədən sonra hazırda Amerika rəsmiləri açıq mövqe ifadə etməyin əks nəticə verdiyini anlayıblar” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə buna görə də budəfəki seçkidə amerikalılar susublar, onların artığını yeyən əlaltıları isə müxtəlif metodlarla yeni məkrli planların icrası ilə məşğuldurlar”.

Bu yeni planın nədən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının bədxahları budəfəki seçki üçün “yalançı qütbləşmə yaratmaq” planına üz tutublar. Bu yolla onlar əhali arasında guya ki ikitirəlik olduğu barədə fikir formalaşdırmaq istəyirlər”.

“İstənilən müsabiqə kimi, seçki üçün də coşğu, dinamika, birinin o birindən üstün olması tam təbii və xarakterik bir haldır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Seçkidə birinin o birindən üstün olması xalqın qütbləşməsi, cəmiyyət arasında ikitirəlik yaranması, əhalinin bir-biri ilə düşmənçilik etməsi demək deyil. İranda bu cür qütbləşmənin mövcud olduğu barədə qəsdən yayılan fikirlər yalandır”.

İranda real olaraq mövcud olan qütbləşmənin İslam İnqilabına və İmam Xomeyninin (r.ə) prinsiplərinə sadiq olanlarla imperializm cəbhəsi və onun həmfikirləri arasında getdiyini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu qütbləşmədə İran xalqı inqilabı dəstəkləyən, inqilabi ideyaların daşıyıcısı olan, İmam Xomeyniyə (r.ə), onun məfkurəsinə və prinsiplərinə sadiq olan qütbdə yer tutur”.

O həmçinin dedi: “Yalançı qütbləşmələrin əsl qaynağı ölkədən xaricdədir, amma təəssüflər olsun ki, belə fikirlər bəzən daxildə də təkrarlanır”.

Parlamentdə “dövləti dəstəkləyən” və “dövlətin əleyhinə olan” tərəflər arasında qütbləşmə getdiyi barədə fikirlərin də seçkiqabağı atmosferdə qəsdən yaradılan qütbləşmələrdən olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu qütbləşmənin planını cızanlar belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya İran xalqının bir hissəsi dövləti dəstəkləyən, digər bir hissəsi isə dövlətin əleyhinə olan bir parlament istəyir. Halbuki İran xalqı nə dövləti dəstəkləyən, nə də dövlətin əleyhinə olan bir parlamentin arzusundadır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı dindar, məsuliyyətli, cəsarətli, yalanlara uymayan, imperializmin acgözlüyü və tamahkarlığına qarşı müqavimət göstərməyi bacaran, xalqın suverenliyini və heysiyyətini qoruya bilən, ölkənin həqiqətən də inkişafını istəyən, gənc istedadların elmi hərəkatına, daxildən güc alan iqtisadiyyata inanan, xalqın dərdinə bələd olan, əhalinin problemlərinin həllində qərarlı, Amerikadan qorxub-çəkinməyən, qanunla öhdəsinə düşən vəzifələri yerinə yetirən bir parlament istəyir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /