İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə İran və Azərbaycan arasında yaxşı siyasi münasibətlərin, bir sıra müştərək məqamların mövcudluğuna, özəlliklə də iki xalq arasındakı din və məzhəb birliyinə toxunaraq dedi: “Dövlət tərəfindən İslam təlimlərinin genişləndirilməsi, dinin zahiri atributlarına və dini ayinlərə hörmətlə yanaşılması ictimaiyyət tərəfindən alqışlanacaq və təhlükələr qarşısında xalqın ona dayaq durmasına səbəb olacaq”.
Görüş zamanı Həzrət Ayətullah Xamenei İslam Respublikasının Azərbaycan xalqına sadəcə dost və qonşu kimi deyil, daha da yüksək mövqedən – qardaş bir xalq kimi yanaşdığını qeyd edərək dedi: “Azərbaycan xalqının siyasi sabitliyi, təhlükəsizliyi, ümumi rifah və asayişi bizim üçün olduqca əhəmiyyətlidir. Xalqlarımız arasında indiyə qədər qarşılıqlı anlaşmanın mövcud olduğuna baxmayaraq, müxtəlif sferalarda əməkdaşlığı və iqtisadi mübadilələri daha da artırmaq lazımdır”.
İran və Azərbaycan xalqlarının eyni din və məzhəbi paylaşdığına toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Azərbaycan xalqının müsəlman-şiə inancı dəyərli bir sərmayədir və dövlətiniz xalqın bu ideologiyasına, dini ayin və atributlara nə qədər hörmətlə yanaşıb bunları dəstəkləsə, xalq da bəzi super-güclər qarşısında ona bir o qədər dayaq durub daha çox müqavimət göstərəcək”.
“Xalqlar arasında təkfirçi qrupların fitnəsinə qarşı mübarizə aparmaq üçün İslam dini ilə bağlı maarifləndirmə işlərini gücləndirmək lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Azərbaycan bəzi böyük müsəlman alimlərinin yetişdiyi, dərin dini köklərə malik bir bölgə, Azərbaycan xalqı da sayıq və məlumatlı bir xalqdır. Dövlətin dini fəaliyyətlərdə xalqa dəstək və yardımçı olması onun sevgi və bağlılığını qazanmasına çox böyük təsir göstərəcəkdir”.
Ali Məqamlı Rəhbər Azərbaycan prezidentinin əksər hallarda hər iki ölkəyə qarşı təhlükələrin eyni mənbədən qaynaqlandığı barədə fikirlərini təsdiqləyərək dedi: “İslam və şiə təlimlərinin təbliği təhlükə və çətinliklər qarşısında Allah-taalanın yardımının və məsum imamların (ə) lütfünün bizə cəlb edilməsinə yol açacaqdır”.
Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Azərbaycan prezidenti cənab İlham Əliyev Tehran və Bakı arasındakı yaxın münasibətlərə toxunaraq İranda olduqca mühüm və konstruktiv danışıqlar apardığını bildirdi. O dedi: “Ortaq mədəniyyət, din və tarixə malik olmaları İran və Azərbaycan arasında dərin bağlılıq yaratmışdır”.
Tehran və Bakı arasında əməkdaşlıq haqda 10-dan çox sənədin imzalandığını qeyd edən cənab Əliyev ikitərəfli əməkdaşlıqların həddən artıq yüksək səviyyədə və qardaşlıq münasibətləri əsasında qurulduğunu bildirdi. O, əlavə etdi: “Ticarət, nəqliyyat, enerji və sənaye sahələrində əməkdaşlıq istiqamətində müsbət addımlar atılmışdır. Biz iki ölkə arasında bütün sferalarda birlik və əməkdaşlığı genişləndirməyə çalışırıq”.
Azərbaycan prezidenti beynəlxalq məsələlərdə rəsmi Tehran və Bakının həmfikir olduğunu bildirərək dedi: “İran dünyada sülh və sabitliyin bərqərar edilməsində mühüm rol oynayır. Biz İranın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik”.
İki ölkəyə qarşı təhlükələrin eyni mənbədən qaynaqlandığını vurğulayan cənab Əliyev əlavə etdi: “Hazırkı səfərdə regionda sülh və sabitliyin bərqərar edilməsi üçün İranın əməkdaşlığı ilə terror əleyhinə mübarizə aparmaq barədə razılığa gəldik”.
Ölkəsində hökumətin islami dəyərlərə hörmətlə yanaşdığını vurğulayan Azərbaycan prezidenti dövlət tərəfindən İslama xidmət üçün görülən işlərə toxunaraq dedi: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 2000 məscid tikilib ki, bunun da yarısı mənim prezidentliyim dövrünə təsadüf edib”.
İslama zidd davranışları pisləyən cənab Əliyev ölkəsinə qarşı yönəlmiş düşmənçiliklərə xalqın dini əqidəsinin səbəb olduğunu bildirərək dedi: “Azərbaycanda İslam dini və şiəlik xalq tərəfindən sevilir və regionda Sizin kimi böyük bir şəxsiyyətin varlığı da bizə həddən artıq güc və enerji verir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir