İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan əhalisinin müxtəlif təbəqələri ilə bu gün səhər keçirdiyi izdihamlı görüşdə bu ilin 22 bəhmən günü ortaya çıxardığı tarixi qəhrəmanlığa görə böyük İran xalqına səmimi təşəkkürünü bildirərək bu günün xalqın qırılmaz əzminin, mübarizliyinin və sayıqlığının göstəricisi olduğunu qeyd etdi. O vurğuladı ki, 7 isfənd seçkiləri də xalqın sayıqlığını, öz dövlətinin, müstəqilliyinin və milli qürurunun daim keşiyində durduğunu təcəssüm etdirəcək. Ali Məqamlı Rəhbər həmçinin dedi: “Qoy xalqımız seçkidə hərtərəfli və məlumatlı surətdə, gözüaçıqlıq və bilgi ilə iştirak etməklə düşmənin istədiyinin tam tərsinə hərəkət etsin”.
Təbriz əhalisinin 1356-cı il 29 bəhmən qiyamının ildönümü ərəfəsində baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei Azərbaycan əhalisinin ölkə tarixinin mühüm və taleyüklü etaplarında, xüsusilə də İslam İnqilabı dövründə dərin iman, sayıqlıq, ruh yüksəkliyi və mübarizlik nümayiş etdirməsini yüksək dəyərləndirdiyini bildirərək inqilabın gedişində baş vermiş tarixi günləri daim yaşatmaq lazım olduğunu vurğuladı. O, həmin son dərəcə əhəmiyyətli günlərdən biri kimi, 22 bəhmən gününə toxunaraq dedi: “Mötəbər mərkəzlərin verdiyi əsaslı məlumatlara görə, ötən illə müqayisədə bu il ölkənin hər yanında 22 bəhmən tarixi qəhrəmanlıq yürüşlərində iştirak edən insanların sayı diqqət çəkəcək bir səviyyədə artmışdır”.
22 bəhmən yürüşündə möhtəşəm iştirakına görə xalqa səmimi təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu artan iştirak onu göstərir ki, imperializm cəbhəsinin inqilabın xalqın yaddaşından silinməsi və ya əhəmiyyətinin arxa plana keçirilməsi üçün göstərdiyi irihəcmli və genişmiqyaslı səylərə baxmayaraq, xalqımızın qırılmaz əzmində cüzi belə olsun boşluq yaranmayıb”.
Daha sonra 7 isfənd seçkiləri mövzusuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Seçki üçün xüsusi layihəsi olan düşmən hazırladığı məkrli planı reallaşdırmaq niyyətindədir. Ona görə də ölkənin əsl sahibi olaraq, İran xalqı bəzi həqiqətlərdən xəbərdar olmalıdır ki, o çirkin niyyətlər gerçəkləşməsin”.
“İslam İnqilabının qələbəsi, Amerika və İsrailin əlinin İrandan kəsilməsi onlar üçün ən böyük təhqir idi və ötən 37 il ərzində onlar İran xalqının sürətli inkişaf hərəkatını durdurmaq üçün əllərindən gələn heç nəyi əsirgəməyiblər” – fikirlərinə bu sözlərlə giriş verən Həzrət Ayətullah Xamenei dedi: “İslam İnqilabının qələbəsinin ilk günlərindən bəri düşmən İranda seçkilərin keçirilməsinə əngəl olmağı planlaşdırırdı və buna müəyyən cəhdlər də göstərmişdi, amma heç nəyə nail ola bilməyib məyus olduğuna görə son illərdə əsas səylərini ölkəmizdə baş tutan seçkilərin üzərinə şübhə kölgəsi salmağa yönəldiblər və seçkilərə təsir göstərmək istəyirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onların 7 isfənd üçün qurduğu plan Keşikçi Şura əleyhinə təxribatlarla, bu qurumun qərarlarını şübhə altına salmaqla başlayıb. Bu şura İslam dövlətində inqilabın ilk illərindən bəri Amerikanın kəskin şəkildə əleyhinə çıxdığı bir neçə əsas strukturdan biridir”.
Keşikçi Şuranın qərarlarının sual altına alınmasının nəticə etibarilə seçkilərin qanunsuz olduğu barədə rəy yaratdığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İctimaiyyətdə seçkinin qanunsuz olduğu barədə rəy yarananda isə bu seçki ilə formalaşmış parlament və onun təsdiqlədiyi qanunlar da qeyri-qanuni sayılacaq”.
O, əlavə etdi: “Ustalıqla hazırlanmış bu planın hədəfi qarşıdakı 4 ildə ölkədə qanun və parlament boşluğu yaratmaqdır. İctimaiyyət bu məsələyə diqqət yetirməlidir”.
Ölkə daxilində də müəyyən şəxslərin Keşikçi Şuraya qarşı təxribatlara yol verməklə düşmənin səsinə səs verdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Belə insanların çoxu dediklərinin mahiyyətini dərk etmədiyinə görə onları xəyanətdə günahlandırmaq olmaz, amma onlar bir şeyə diqqət yetirməlidirlər ki, düşmənlə eyni sözü deməklə onun təhlükəli planlarının dəyirmanına da su tökmüş olurlar”.
“Seçkiləri şübhə altına salmaqda imperializm cəbhəsinin izlədiyi hədəflərdən biri də dünyadakı müsəlman xalqlarını dinə əsaslanan xalq hakimiyyəti kimi misilsiz, görünməmiş, cəlbedici bir təzahürdən məhrum etməkdir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin olduqca əhəmiyyətli mövqeyə malik olduğunu qeyd edərək dedi: “Parlament qanunlar qəbul etməklə icraedici hakimiyyətin hərəkəti üçün relslər atmış olur. Odur ki millət vəkillərinin gözüaçıqlıqla, məlumatlı surətdə seçilməsi ölkənin ümumi irəliləyiş kursu üçün zəmin yaradılması və bu kursun istiqamətləndirilməsinə böyük təsir göstərir”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Parlamentin hədəfi xalqın rifahının yüksəldilməsi, sosial ədalət, iqtisadi problemlərin həlli, elm və texnologiyanın inkişafı, xalqın suverenliyinin və milli qürurunun təmin edilməsi olarsa, o, hökumətin fəaliyyəti üçün də məhz bu əsaslar üzərində relslər atacaq. Yox əgər parlament Amerika və Qərbdən qorxar, dəbdəbəli, aristokratik həyat tərzinə üstünlük verərsə, onun hökumət üçün müəyyən etdiyi hərəkət kursu da bu istiqamətə yönələr və nəticədə ölkəni bədbəxtliyə sürükləyər”.
İmam Xomeyninin (r.ə) bütün işlərin başında parlamentin durduğu barədə fikirlərinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu sözlər müxtəlif mərhələlərdə işlərin icrasının başında durmaq anlamında deyil, parlamentin ölkənin hərəkət və irəliləyiş kursunun müəyyən edilməsi baxımından əhəmiyyətli mövqeyə malik olduğunu vurğulamaq məqsədi daşıyır”.
Çıxışının ardında Xubriqan Məclisinin İslam dövlətindəki əsas və fundamental əhəmiyyətindən danışan Ali Məqamlı Rəhbər dedi: “Xubriqan Məclisinin əhəmiyyəti bu baxımdandır ki, sözügedən qurum ölkədə mühüm qərarlar verən və başlıca siyasətləri müəyyənləşdirən əsas sima olaraq, Ali Rəhbərlik Məqamının təyin edilməsində rol oynayır. Odur ki Xubriqan Məclisinə üzvlərin seçilməsi çox önəmli bir mövzudur”.
O, əlavə etdi: “Xubriqan Məclisinin nümayəndələri inqilaba sadiq, xalqı sevən, düşmənin məkrli planlarından xəbərdar olan və həmin planlara müqavimət göstərən insanlar olarsa, lazım olan anda onlar bir cür, bunun əksinə xarakterizə olunan simalar olarsa, bir başqa cür davranacaqlar”.
İmperializm cəbhəsinin təbliğat strukturlarının daha çox Xubriqan Məclisinə önəm verdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Seçicilərin seçkidə gözüaçıqlıq, məlumatlılıq və bilgi ilə seçim etməli olduğunu dəfələrlə vurğulamağımızın səbəbi də məhz elə budur ki, qoy insanlarımız düşmənin istədiyinin əksinə hərəkət etsinlər”.
Ali Məqamlı Rəhbər bir daha İran xalqını seçkidə hərtərəfli iştirak edib İslam dövlətini, öz qürurunu və suverenliyini qorumağa çağırdı. O, İran xalqının üz-üzə durduğu, sionist şəbəkəsinin nüfuz dairəsi və ağalığı altında olan həyasız və təhlükəli cəbhə qarşısında sayıqlığın vacib olduğunu vurğulayaraq dedi: “Amerika və əksər Avropa dövlətlərinin siyasəti bu şəbəkənin ağalığı altındadır. Amerikanın İranın nüvə məsələsindəki davranışlarını da bu kontekstdə dəyərləndirmək lazımdır”.
Həzrət Ayətullah Xamenei dedi: “Uzun sürən danışıqlardan və sonda nüvə mövzusunda anlaşmanın əldə edilməsindən sonra yaxınlarda Amerika rəsmilərindən biri yenə də: “Çalışırıq ki, dünya sərmayədarları İranda iş qurmağa ürək etməsinlər” – deyib!”
“Bu tip bəyanatlar Amerikanın İran xalqına nə qədər dərin düşmənçilik bəslədiyini göstərir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Son iki ildə nüvə danışıqlarına can atan – və insafla demək lazımdır ki, bu iş üçün xeyli zəhmət çəkmiş – şəxslərin bir məqsədi də xarici investisiya vasitəsilə ölkədəki iqtisadi problemlərin həllinə nail olmaq idi, indi isə amerikalılar bunun da qarşısını almağa çalışırlar”.
O həmçinin dedi: “Elə buna görə mən dönə-dönə deyirdim ki, Amerikaya etimad etmək olmaz”.
Amerika siyasilərinin yürüşlərdə səsləndirilən “Amerikaya ölüm!” şüarına etiraz etdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Siz bu cür hərəkət etdiyiniz, dünəniniz və bugününüz açıq-aşkar düşmənçilikdən xəbər verdiyi halda, İran xalqının sizə necə cavab verməsini gözləyirsiniz?”
O, əlavə etdi: “Əlbəttə, onlar özəl görüşlərdə gülümsəyir, əl verir, xoş sözlər deyirlər, lakin bu cür davranışlar yalnız özəl, diplomatik görüşlərə aiddir və reallığa heç bir təsiri yoxdur”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Reallıq budur ki, uzun çəkən danışıqlardan, razılaşma imzalandıqdan, olaylar bitdikdən sonra indi onlar “qoymarıq” deyir və bizi açıq-aşkar surətdə yeni sanksiyalarla hədələyirlər”.
Ali Məqamlı Rəhbər dedi: “Amerikanın gerçək siması budur və belə bir düşmənin qarşısında gözünü yumub hər şeyi yaxşılığa yozmaq olmaz”.
Üzünü xalqa tutan Həzrət Ayətullah Xamenei dedi: “Əziz İran xalqı, sizin qarşınızdakı belə birisidir, odur ki ayıq-sayıq olmaq lazımdır”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Ölkədəki problemlərin həlli yolu xalqın sayıqlığından, cəmiyyətdə dini inanc meylinin qorunmasından, mömin və stimullu gənclərin cəlb edilməsindən, ölkənin iman, iqtisadiyyat, texnologiya və idarəetmə strukturları baxımından daxildən gücləndirilməsindən asılıdır”.
“Xalqımız İslam İnqilabının, onun idea və prinsiplərinin qorunması işində bir yumruq kimi birləşib həmrəy olmalıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin müqəddəratına biganə yanaşmayan rəsmilər də işləri Allahın razılığı və xalq üçün görməli, ölkənin daxili güc və imkanlarına inanmalıdırlar”.
Müqavimət iqtisadiyyatının ölkənin ətrafına hasar çəkmək demək olmadığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Müqavimət iqtisadiyyatı daxildən güc tapıb inkişaf etməli, eyni zamanda xarici əlaqələrə də açıq olmalıdır. Yəni əgər müqavimət iqtisadiyyatı daxili güc və potensialdan qaynaqlanmazsa, heç yerə gedib çıxmaz”.
Dünya ölkələri ilə iqtisadi əməkdaşlığın yaxşı bir şey olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, bu əməkdaşlıq hərtərəfli düşünülmüş olmalı və ölkə iqtisadiyyatının daxildən inkişaf etməsi ilə nəticələnməlidir. Bu məqsədə isə yalnız xalqın mübarizliyi və rəsmilərin tədbirli davranışları sayəsində çatmaq olar”.
Ali Məqamlı Rəhbər son olaraq aşağıdakıları dedi: “Allahın köməyi ilə ölkəmizin gəncləri o günü görəcək ki, Amerika və hətta ondan da böyüyü İran xalqı qarşısında heç bir qələt edə bilməyəcək”.
Ali Məqamlı Rəhbərdən öncə vəli-fəqihin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi, Təbrizin imam-cüməsi Ayətullah Şəbüstəri azərbaycanlıların həssas dönəmlərdə dini qeyrət nümayiş etdirdiklərini vurğulayaraq dedi: “Təbriz camaatının 1356-cı il 29 bəhmən qiyamı böyük İslam İnqilabının tarixində dönüş nöqtəsi oldu. Bu qiyam dinin rəhbərliyini daim dəstəkləyən Azərbaycan əhalisinin uzaqgörənliyini nümayiş etdirir”.
“Əhalinin seçkidə geniş iştirakı İslam Respublikasının mənəvi gücünün nişanəsidir” – deyən Ayətullah Şəbüstəri əlavə etdi: “Sayıq Azərbaycan əhalisi 7 isfənddə İranın digər ostanlarının əhalisi ilə birlikdə seçki məntəqələrində geniş və məlumatlı surətdə iştirak edərək öz qəhrəmanlıq salnaməsinin daha bir möhtəşəm və unudulmaz səhifəsini yazacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir