Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Qana Respublikasının prezidenti ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qana Respublikasının prezidenti cənab Con Dramani Mahama ilə bu gün günortadan sonra baş tutan görüşündə İranın İslam İnqilabının ilk illərindən Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə müsbət yanaşdığını və bunun tərəfdarı olduğunu qeyd edərək dedi: “İranla Afrika arasında isti münasibətlərin qurulmasının əleyhinə olan imperialist dövlətlər müharibə və konfliktləri körükləyir, terrorçu qruplara maliyyə dəstəyi göstərir, amma bütün bu problemlərin çarəsi müstəqil ölkələrin bir-birinə yaxınlaşaraq öz aralarında əməkdaşlığı artırmasıdır”.

İmperialist dövlətlərin dünyanın müxtəlif regionlarında sabitliyi pozub cürbəcür müharibələr törətməklə öz mənafeyini təmin etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Regionumuzda və Afrikada olan terrorçu qruplar Amerika, İngiltərə və İsrail kəşfiyyat xidmətlərinin yetişdirmələridir”.

Qana prezidentinin Suriyanın terrordan əziyyət çəkdiyi ilə bağlı fikirlərinə münasibət bildirən Ali Məqamlı Rəhbər belə bir sualla çıxış etdi: böyük həcmdə ən son model silahlar və pul terrorçularda haradandır? O, əlavə etdi: “Bütün problemlərin kökü Amerika başda olmaqla imperialist dövlətlərdir. İsrail rejimi də şər təcəssümüdür”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, sülh tərəfdarı olmaq Suriya məsələsində İslam Respublikasının dəyişməz siyasətidir. O, əlavə etdi: “Biz həmişə çalışmışıq ki, bu məsələ Suriya xalqının xeyrinə bitsin və düşünürük ki, kənardan heç bir ölkə bu xalqın dərdinə çarə ola biləcək çıxış yolu təklif edə bilməz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerika və Avropa Suriya xalqının nə etməli olduğunu müəyyənləşdirə bilməz. Məhz Suriya xalqı özü öz gələcəyi ilə bağlı qərar qəbul etməlidir”.

“Suriya məsələsinin, terror kimi problemlərin, Fələstin xalqının çəkdiyi əziyyətlərin həlli müstəqil ölkələrin bir-birinə daha çox yaxınlaşıb əməkdaşlıq etməsindən asılıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran və Qana gözəl və geniş potensiala malikdirlər, ümidvaram, hazırkı səfər ölkələrimiz arasında əməkdaşlığın artırılmasına yol açacaq”.

O həmçinin Afrikanın bəzi görkəmli şəxsiyyətlərinin imperializmə qarşı çıxaraq müstəqillik uğrunda mübarizə aparmasını da yüksək qiymətləndirərək dedi: “Bu görkəmli simalar dünyada afrikalıların nüfuz və heysiyyətini ucaltmışlar”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Qana Respublikasının prezidenti cənab Con Dramani Mahama İranın zəngin sivilizasiyaya malik olduğunu, elmin müxtəlif sferalarında öndə getdiyini qeyd edərək Ali Məqamlı Rəhbərin fikirlərinin sülh dolu bir dünyanın qurulmasına stimul verdiyini bildirdi. O, Fələstin məsələsi ilə bağlı aşağıdakıları dedi: “Fələstin xalqının dərd-kədəri bütün xalqları narahat edir. Biz birgə əməkdaşlıq edərək Fələstin xalqının hüquqlarını müdafiə etməliyik”.

Terrorçu qrupların Afrika və Qərbi Asiyadakı fəaliyyətinə toxunan cənab Mahama terrora qarşı apardığı ciddi mübarizəyə görə İrana təşəkkürünü bildirərək Suriyadakı dolaşıq vəziyyətlə bağlı aşağıdakıları qeyd etdi: “İranın xarici siyasəti, doğrudan da, xalqların öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşmağa əsaslanır. Ümidvarıq ki, İranın terrora qarşı mübarizədə effektiv rol oynaması ilə Suriya problemi həllini tapacaq”.

Qana xalqına humanistcəsinə göstərdiyi yardımlara görə İrana təşəkkürünü bildirən cənab Mahama dedi: “Afrika xalqlarının bir nümayəndəsi kimi, bu qitədə aparılan azadlıq hərəkatlarına, xüsusilə də Cənubi Afrikadakı anti-aparteid hərəkata dəstəkverici rol oynadığına görə İran İslam Respublikasına təşəkkürümü bildirirəm”.

Qana prezidenti Tehranda apardığı müzakirələrə toxunaraq bir neçə anlaşma memarandumu imzaladığını qeyd etdi və dedi: “Biz müxtəlif sferalarda əməkdaşlığı genişləndirməyə hazırıq”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /