Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bir xalqı zəiflətdikdən sonra onunla mübarizə aparmaq üçün artıq odlu müharibəyə ehtiyac qalmır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Hava və Havadan Müdafiə Qüvvələrinin zabitləri və şəxsi heyətin bir qrup hərbçisi ilə bu gün səhər baş tutan görüşündə bildirdi ki, 22 bəhmən və seçkilər İran xalqı üçün dolğun məna yükünə malik iki bayramdır. O, builki 22 bəhmən yürüşündə xalqın düşmənin belini qıracaq, diqqətəlayiq bir şəkildə, izdihamlı iştirak etdiyini vurğulayaraq dedi: “Xalqımızın 7 isfənd seçkilərində hamılıqla iştirakı da damarlarına axıdılan təzə qan kimi, ölkəmizin və dövlətimizin nüfuz və iqtidarını sığortalayacaq, qəddar və hiyləgər düşmənin hədəflərini puça çıxaracaq”.

Hər il 22 bəhmən günü əhalinin yürüşlərdə fəal iştirak etməsini yüksək qiymətləndirdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ötən 37 il ərzində xalqımız 22 bəhmən yürüşlərində həm fiziki, həm də əzmi, iradəsi və sevgisi ilə dövlətimizə dayaq olaraq iştirak edib. Allahın köməyi ilə, bu il də camaatımız küçələrə çıxaraq bu yürüşə bədxahları məyus edən, düşmənin belini qıran, diqqətəlayiq bir şəkildə qatılacaq”.

22 bəhmən yürüşlərini inqilabın qələbəsinin xalqa yaşatdığı bayram və şadyanalığın təkrarı adlandıran Ali Məqamlı Rəhbər vurğuladı ki, dünyada ümumxalq miqyasda hər il ardıcıl olaraq belə bir mərasimin keçirilməsi misilsiz bir təzahürdür. O, əlavə etdi: “İslam İnqilabının qələbəsindən bu günə qədər xalqımız istənilən şəraitdə: əlverişsiz hava durumlarında, problemlər içində daim inqilab bayramı olan 22 bəhmən mərasimlərində iştirak edib”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Son illər ərzində bu yürüşlərdə əhalinin böyük bir qisminin yaş etibarilə inqilabın baş verdiyi o günlərin – 1357-ci ilin 22 bəhməninin şahidi olmamış insanlardan ibarət olması, sona çatmaq bilməyən bu silsilə ardıcıllıq onu göstərir ki, İslam İnqilabı təkrarən özü üçün yeni qüvvələr yetişdirməyə qadirdir”.

“Bu möhtəşəm hadisə ilə bağlı xatirələrin unudulmasına yol vermək olmaz” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnqilabla bağlı həqiqətlər daim xalqın zehnində yaşamalıdır, çünki İslam İnqilabı hələ yolun yarısındadır və əsaslarını möhkəmlətmək, qarşıya qoyduğu uca amallara yetişmək üçün öz başlıca hədəflərinin aktuallığını qoruyub saxlamalıdır”.

“İslam dövlətinin əsas hədəfi elm, əxlaq, ədalət, nüfuz və tərəqqiyə malik bir müsəlman cəmiyyəti formalaşdırmaqdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düşmən cəbhəsinin əsas hədəfi isə bu uca amalları unutdurmaq, nəticə etibarilə İslam Respublikasının davranışlarını dəyişmək, onu daxildən dəyişdirməkdir”.

Düşmənin əsas məqsədinin İslam Respublikasının inqilabi mahiyyətini və kimliyini dəyişmək olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövlətinin bədxahlarından ibarət genişmiqyaslı cəbhə bütün səylərini İslam Respublikasını ona nüfuz və iqtidar qazandıran hədəflərinə doğru irəliləməkdən saxlamağa, ölkədə yadellilərin ağalığını geri qaytarmağa yönəldib”.

“Hazırkı şəraitdə İran əleyhinə hərbi əməliyyatlara başlanması zəif bir ehtimal olsa da, qeyri-real deyil” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Bu gün düşmən İslam dövlətinə qarşı mübarizədə əsas fəaliyyət planlarını “yumşaq” müharibəyə yönəldərək İran dövlətinin və xalqının əlindən onları güclü edən vasitələri almaq istəyir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, bir xalqın əlindən ona qüdrət qazandıran vasitələrin alınması onun təslimçilik vəziyyətinə gətirilməsi deməkdir. O həmçinin əlavə etdi: “Xalqı zəiflətdikdən sonra onunla mübarizə aparmaq üçün artıq odlu-alovlu müharibələrə ehtiyac qalmır”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, belə dəhşətli bir vəziyyətin qarşısını almağın yeganə yolu xalqın öz davranışlarında, hərəkətlərində, ictimai qayda və normalarında, habelə qanunvericiliyində inqilabi məfkurəni qoruyub saxlaması və müdafiə etməsidir.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei seçkilərin ölkənin və xalqın həyatına yeni nəfəs və ruh verdiyini, damarlarına təzə qan yeritdiyini qeyd edərək dedi: “Xalq öz təbii hüququndan istifadə edərək, müəyyən olunmuş bir vaxtda daha öncə seçdiyi rəsmilərdən hansıların vəzifədən gedəcəyi, hansılarınsa qalacağı ilə bağlı qərar vermək üçün seçki məntəqələrinə gəlir”.

“Seçki xalqın gücünün təzələnməsi, İslam İnqilabının qarşıya qoyduğu hədəflərə yenidən beyət etmək deməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mən seçkidə hər kəsin iştirak etməsi üzərində ona görə israr edirəm ki, seçicilərin hamılıqla iştirakı ölkəmizə və dövlətimizə nüfuz qazandırır, onları sığortalayır. Odur ki bu böyük hadisəyə qatılmaq bütün xalqımız üçün şəri cəhətdən vacib olan bir vəzifədir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerika başda olmaqla düşmən cəbhəsinin həmişəki məqsədlərindən biri də xalqla dövlət arasında yalançı, eyni zamanda təhlükəli bir uçurum, qütbləşmə yaratmaqdır. O vurğuladı: “Əhalinin seçkidə iştirakı, xalqla dövlət arasındakı sıx əlaqənin bir daha parlaq bir şəkildə özünü göstərməsi İslam Respublikasının qələbəsi, düşmənin o hədəfinin puça çıxması deməkdir və Allahın danılmaz vədinə əsasən, bu iştirak ardınca Uca Yaradanın yardım və köməyini gətirəcəkdir”.

İnqilabın qələbəsinin ilk dövrlərindən etibarən düşmənin ölkədə həyata keçirdiyi silsilə manevr və sui-qəsd planlarını, o cümlədən İranı bölmə və çevriliş cəhdlərini, 8 il davam etmiş məcburi savaş və günü-gündən artırılan sanksiyaları xatırladan Həzrət Ayətullah Xamenei dedi: “Xalqımız bütün bu məkrli planlara qarşı mübarizədə İslam dövlətinə yardımçı olub. Allah-taala da qarşılıqlı kömək şərti əsasında İslam Respublikası və İran xalqını region, bəzi məsələlərdə isə dünya miqyasında nüfuz və təsir gücünə malik bir dövlətə çevirib”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər üzünü xalqa tutaraq aşağıdakıları vurğuladı: “Ölkəmizin və xalqımızın nüfuz, qüdrət və başucalığı bizim öz inqilabi vəzifələrimizə əməl etməyimizdən asılıdır. Seçkilərdə iştirak etmək isə həmin vəzifələrdən ən önəmlisi hesab olunur”.

Seçki barədə söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei son günlər əhalidə təşviş və tərəddüd yaradan bəzi yanlış və yersiz fikirlərə toxunaraq dedi: “İlahi stimuldan tamamilə uzaq olan bu söz-söhbətlər yalnız siyasi baxışlardan qaynaqlanır, amma mən hazırda o mövzuya toxunmaq fikrində deyiləm”.

Seçki mövzusunda danışan Ali Məqamlı Rəhbər rəsmilərə xitabən də bir neçə mühüm məqamı vurğuladı. Onların içində ən önəmlisi isə media-təbliğat məsələləri ilə baş qatmamaqla bağlı idi.

O, əlavə etdi: “Allahın köməyi ilə, rəsmilərimiz öz işləri ilə məşğuldur, amma yenə də diqqətli olsunlar ki, seçki ilə bağlı gündəlik qalmaqallar başlarını qarışdırıb onların fikrini mühüm məsələlərdən, xüsusilə də iqtisadiyyatdan yayındırmasın”.

Seçkinin son dərəcə əhəmiyyətli bir mövzu olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bütün əhəmiyyətinə baxmayaraq, seçki keçici bir etapdır. Ondan bir neçə həftə sonra ortada olan isə ölkənin əsas problemləri, o cümlədən iqtisadiyyata müqavimət qabiliyyəti qazandırılması məsələsi olacaq”.

Ali Məqamlı Rəhbər bir daha ölkənin iri həcmdə ali savadlı və stimullu kadr potensialına, əlverişli iqlim özəlliklərinə, zəngin təbii resurslara malik olduğunu xatırladaraq rəsmilərə xitabən aşağıdakıları vurğuladı: “Bu misilsiz sərmayəyə söykənərək ölkə iqtisadiyyatını elə möhkəm və dayanıqlı bir vəziyyətə gətirin ki, düşmən öz istəklərini qəbul etdirmək niyyəti ilə ölkəmizə təzyiqlər göstərmək fikrindən daşınsın”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilər əldə olan resursları sənaye və kənd təsərrüfatına istiqamətləndirib istehsalatı rövnəqləndirmək, durğunluq problemini həll etməklə ölkənin inkişafını sürətləndirməlidirlər ki, düşmən məcbur qalıb sanksiyaların faydasız olduğunu anlasın”.

Son 10-12 ildə rəsmilərlə görüşləri zamanı ölkə iqtisadiyyatını daxildən möhkəmləndirərək dayanıqlı bir vəziyyətə gətirməyin vacib olduğunu dönə-dönə vurğuladığını xatırladan Ali Məqamlı Rəhbər dedi: “Bu məqsəd reallaşarsa, gənclərin məşğulluğu, işsizlik və digər problemlərin də münasib həlli yolları tapılacaq”.

Digər bir mühüm məqama toxunan Həzrət Ayətullah Xamenei geniş düşmən cəbhəsinin plan və hədəflərinə həmişə və hərtərəfli diqqət yetirməyin zəruri olduğunuu vurğulayaraq dedi: “Düşmənlərini diqqətdən yayındıran və onlara ürək qızdıran şəxslər heç vaxt xalqın rəğbətini qazanmır”.

O, əlavə etdi: “Düşmən üzünüzə gülümsəyir, siz də ona qarşılıq verərək gülümsəyirsiniz, amma onun təbəssümünün arxasında hansı hiylənin gizləndiyindən ehtiyatlı olmaq lazımdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Düşmənin təhlükəsizlik, məişət, mədəniyyət, gənclər, sosial bəlalar və digər məsələlər üzərində hansı məkrli planlar qurduğunu dərk etmək və bu planlara qarşı mübarizə məqsədilə müvafiq siyasətlər işləyib hazırlamaq, qanunlar qəbul etmək, iş görmək və danışmaq lazımdır”.

Ali Məqamlı Rəhbər şirin kəlamlı şair Sədi Şirazinin misralarından nümunə gətirərək dedi: “Düşmən özünü dost kimi göstərmək istəsə, dost libası altında elə işlər görər ki, heç bir düşmən onu bacarmaz”.

Düşmənin həyasız və xəbis olduğunu xatırladan Həzrət Ayətullah Xamenei rəsmiləri daha da diqqətli və ehtiyatlı olmağa çağıraraq dedi: “Amerikalılar Yəməndə vəhşi cinayətlər törədən ünsürləri nəyə görə dəstəklədikləri barədə dünya ictimaiyyətində yaranan ən elementar sualları cavablandırmır, dövlət terrorunun ən qəddar formasını tətbiq edərək günahsız Yəmən əhalisini qətlə yetirənləri həyasızcasına müdafiə etməkdə davam edirlər”.

Ali Məqamlı Rəhbər amerikalıların insan haqları və demokratiyanın tərəfdarı olduqları barədə iddialarının gülünc olduğunu bildirərək dedi: “Onlar körpə qatili olan İsrail rejimini, habelə regiondakı, seçki haqda anlayışı belə olmayan, ümumiyyətlə seçkinin nə olduğunu bilməyən havadarlarını müdafiə edirlər!”

O, əlavə etdi: “Amerika administrasiyası o qədər həyasızdır ki, ən vəhşi işləri törədir, sonra da adamın üzünə gülür. Belə bir düşmənin qarşısında ehtiyatlı davranmaq lazım deyilmi?”

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Allahın köməyi ilə, xalqımız düşmən qarşısında həmişə diqqətli və ehtiyatlı olub, bu gün də belədir. İran xalqının möhtəşəm hərəkatı indiyə qədər bu qəddar və hiyləgər düşmənin planlarını puça çıxarıb, elə bundan sonra da onu xar edəcək”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər 1357-ci ilin 19 bəhmən günü Hava Qüvvələrinin İmam Xomeyniyə (r.ə) beyət etməsini İslam İnqilabının tarixində mühüm və effekli bir hadisə, “bələdçi ulduz” adlandıraraq dedi: “19 bəhmən günü Hava Qüvvələri xalqın tərəfinə keçməklə ölkədə güclərin balansını dəyişdilər. Onların bu hərəkətinə xalq da dərhal cavab verdi. Bu onu göstərir ki, xalqla birlikdə olmağın nəticəsi xalqdan dəstək almaqdır”.

“Son 37 il ərzində İslam Respublikası Ordusunun Hava Qüvvələrinin fəaliyyəti, doğrudan da, təqdirəlayiq olmuşdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün ordumuzun Hava Qüvvələri möhkəm, qüdrətli, təşəbbüskar və hər zaman xalqın yanında olan bir kollektivdir. Bu möhkəmlik, güc, bacarıq və xalqla sıx əlaqə günü-gündən daha da artırılmalıdır”.

Görüşün əvvəlində İİR Ordusu Hava Qüvvələrinin komandanı, briqada generalı Şahsəfi iştirakçıları 19 bəhmən Hava Qüvvələri Günü münasibətilə təbrik edərək komandanlıq etdiyi hərbi strukturun müdafiə, elmi inkişaf və mədəniyyət sahəsində gördüyü işlərdən danışdı. O vurğuladı: “Ordunun Hava Qüvvələri elan olunmuş hədəfləri regionun yeni düzənini dərk edərək, İslam Respublikasının müdafiə strategiyası çərçivəsində ikiqat güc və stimulla izləyir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /