İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Şəmxani və şuranın katibliyinin müavin və ekspertləri ilə bu gün günortadan əvvəl keçirdiyi görüşdə müasir dünyada təhlükəsizliyin mürəkkəb və çoxcəhətli bir anlayış olduğunu qeyd edərək bildirdi ki, Milli Təhlükəsizlik Ali Şurasının vəzifəsi təhlükəsizlik prinsipinə bir neçə rakursdan və genişmiqyaslı yanaşma çərçivəsində qərarlar qəbul etmək, şuranın katibliyinin daşıdığı mühüm vəzifə isə Milli Təhlükəsizlik Ali Şurasında qəbul olunan qərarların düzgün istiqamətləndirilməsi üçün münasib zəmin hazırlamaqdır. O vurğuladı: “Katibliyin mühüm qərarların qəbulu üçün münasib zəmin hazırlamaq kimi son dərəcə mühüm bir vəzifəni dürüst və layiqincə yerinə yetirə bilməsi üçün Milli Təhlükəsizlik Ali Şurasında hökm sürən atmosfer və tendensiyalar əsl və düzgün dini-inqilabi məfkurəyə tamamilə uyğun olmalıdır”.
“Təhlükəsizlik cəmiyyətin həyat əhəmiyyətli ən önəmli ehtiyaclarından biridir və elə buna görə də Quranda təhlükəsizlik məsələsinə dəfələrlə toxunulmuşdur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün təhlükəsizlik sırf hərbi sferaya aid bir mövzu deyil və artıq onun iqtisadi, məişət, mədəniyyət, siyasi, sosial, psixoloji və əxlaqi aspektləri də özünü göstərir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Milli Təhlükəsizlik Ali Şurasının başlıca vəzifəsi təhlükəsizlik anlayışının bütün aspektlərini nəzərə alaraq ona kompleks yanaşmaqdır. O, əlavə etdi: “Şuranın katibliyi qərarların qəbulu üçün zəmin hazırlamaq kimi mühüm bir vəzifəni elə formada həyata keçirməlidir ki, Milli Təhlükəsizlik Ali Şurası təhlükəsizlik prinsipinə bir neçə rakursdan və düzgün yanaşma çərçivəsində qərarlar qəbul etsin”.
Milli Təhlükəsizlik Ali Şurasının katibliyinin həyata keçirdiyi müxtəlif işlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Katibliyin mühüm qərarlar üçün zəmin hazırlama funksiyasını düzgün yerinə yetirməsi bu qurumda yüzdə-yüz inqilabi atmosferin hökm sürməsindən asılıdır. Çünki əgər Milli Təhlükəsizlik Ali Şurasının katibliyində İslam İnqilabı ilə uzlaşmayan tendensiyalar təsirə malik olarsa, arzulanan nəticə əldə edilməz”.
İnqilabi tendensiyaların sadəcə fantaziya və ya nəzəriyyə olmadığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İnqilabi prinsip və tendensiyalar tamamilə realdır, açıq-aydındır və İmam Xomeyninin (r.ə) bəyanatlarına əsaslanır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir