İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Ölkənin Şəhid İdmançıları Konqresinin təşkilatçıları ilə 21 dey 1394-cü il tarixində keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər bu məqsədlə “Azadlıq” İdman Kompleksinin 12 min nəfərlik salonunda baş tutan forumda oxundu.
Həmin görüş zamanı Ali Məqamlı Rəhbər şəhid idmançıların xatirəsinin yad edilməsini maraqlı bir təşəbbüs kimi yüksək qiymətləndirərək demişdi: “Camaat bilməlidir ki, din və inqilab uğrunda fədakarlıq etmək təkcə müəyyən bir təbəqəyə aid deyil, ictimaiyyətin bütün təbəqələri bu böyük və mənəvi marafonda iştirak edir”.
“Ölkənin şəhid olmuş idmançılarının hörmətlə anılması inqilabi ideologiyanı yüksəldir, inqilabi ruhu möhkəmləndirir” – deyən Həzrət Ayətullah Xamenei vurğulamışdı: “Təbii ki, gənc idmançılar gənclərin böyük bir kəsiminə örnək olur. Onların əxlaqı, davranışı və həyat tərzi cəmiyyətə təsir göstərərək insanları din, əxlaq və mənəviyyata tərəf çəkə bilər”.
“Pəhləvan” sözünün yerli, milli leksikonda imtiyaza malik bir ləqəb olduğunu bildirən Ali Məqamlı Rəhbər idman arenalarında layiqli hərəkətlər edən idmançıları yüksək qiymətləndirərək demişdi: “İsrailli rəqibləri ilə güləşməkdən imtina edən idmançıların, yaxud şərəf pyedestalı üzərində çadra və ya mükəmməl hicabla duran qadın idmançıların bu hərəkətləri dövlət himnini oxumaqdan, yaxud şərəf pyedestalı üzərində dövlət bayrağının yüksəlməsindən də yüksək bir iftixardır”.
Bu kimi davranışların döyüş meydanına yollanmağa bərabər və müsəlman-iranlı psixologiyasının bariz nümunəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etmişdi: “İnsanı qorxuya salan düşüncə və emosiyalar qarşısında sınmaması, məğlub olmaması bir xalqın kimliyindən, onun mübariz bir başlanğıca malik olduğundan, daxili gücündən xəbər verir. Elə etmək lazımdır ki, ölkənin idman ictimaiyyəti bu istiqamətdə irəliləsin”.
Çempionatlarda dini-mənəvi dəyərləri açıq-aşkar şəkildə qoruyan idmançıları yüksək qiymətləndirən Ali Məqamlı Rəhbər demişdi: “Allahın adını dilə gətirən, yaxud rəqibinin kürəyini yerə vurduqdan sonra səcdə edən idmançıları dəyərləndirmək lazımdır”.
Müsəlman-iranlı kimliyinin simvollarından biri olan bu tendensiyanı gücləndirmək lazım olduğunu bildirən Ali Məqamlı Rəhbər vurğulamışdı: “Ümidvaram, ölkəmizdə idman mühiti günü-gündən daha saf və aydın olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir