Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər 24-cü Ümummilli Namaz Qurultayına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 24-cü Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın cəmiyyətdə təbliği və yayılmasında hər kəsin məsuliyyət daşıdığını vurğulayaraq hamını, xüsusilə də rəsmi qurumların başında duran, əlində maddi və mənəvi imkan olan, rəhbər vəzifələrdə çalışan insanları bunun nə qədər böyük və önəmli bir məsələ olduğunu dərk etməyə, bu yolda əməli addımlar atmağa çağırır.

 

Ali Məqamlı Rəhbərin müraciəti bu gün (çərşənbə axşamı) işinə başlayan 24-cü Ümummilli Namaz Qurultayında vəli-fəqihin nümayəndəsi, Qəzvinin imam-cüməsi Ayətullah Abidini tərəfindən iştirakçılara oxundu.

 

Müraciətin tam mətni:

 

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

 

Elm və qüdrət sahibi olan Allaha şükürlər edirəm ki, bu mühüm qurultayın təşkilatçıları olan sizlərin və hər kəsdən çox, böyük və mücahid alim, cənab Höccətül-İslam vəl-muslimin Qiraətinin əsas və effektli sferalarda çəkdiyiniz zəhmətlər öz bəhrəsini verib, dinin böyük və misilsiz vacib əməllərindən olan namazın cəmiyyətdə təbliği və genişləndirilməsi istiqamətində olduqca faydalı işlər həyata keçirilib.

 

Lakin bütün bunlarla bərabər, bu sahədə mövcud olan potensial, iş görmək üçün münasib şərait, habelə İslam cəmiyyətinin arzulanan səviyyəyə çatmağa duyduğu ehtiyac və güclü istək göz önündəki reallıqlardan qat-qat artıqdır. Ötənilki müraciətimdə mən ciddi səylərlə doldurulması mümkün olan bu boşluqlardan bəzilərini qeyd etmişdim.

 

Bu müraciətdə isə mən namazın cəmiyyətdə təbliği və genişləndirilməsi işində hər kəsin özündə məsuliyyət hiss etməli olduğunu vurğulamaq istəyirəm.

 

İstəyim və gözləntim budur ki, hər kəs, xüsusilə də rəsmi qurumların başında duran, əlində maddi və mənəvi imkan olan, rəhbər vəzifələrdə çalışan insanlar bunun necə böyük bir məsələ olduğunu lazımınca anlayıb əməli addımlar atsınlar.

 

Hər kəs bilsin ki, cəmiyyətdəki sosial bəlaları azaltmağın ən effektiv yollarından biri namazın genişləndirilməsidir. Çalışın ki, ölkənin gənc və yeniyetmələrindən biri də namaza səhlənkar yanaşmasın. Bu, xalqımızın, cəmiyyətimizin mənəvi-psixoloji sağlamlığı üçün ən yaxşı yollardan biridir.

 

Çalışın ki, hamı namazı Allah-taalaya tam itaətkarlıqla, kimin qarşısında durduğunu bilib diqqətini toplayaraq qılmağı öyrənsin və buna adət etsin.

 

Bütün bunlar, inşallah, siz rəsmilərin ciddi əzmi və ardıcıl səyi nəticəsində reallaşacaq, tamamilə mümkün olan işlərdir.

 

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

 

Seyid Əli Xamenei

6 bəhmən 1394

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /