Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərblilər heç vaxt İran xalqının etimadını qazana bilməyiblər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Çin Xalq Respublikasının prezidenti cənab Si Cinpin və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Çin xalqları arasında qədim tarixə malik ticari və mədəni əlaqələrin mövcud olduğunu qeyd edərək aşağıdakıları vurğuldı: “İran dövləti və xalqı Çin kimi etimada layiq və müstəqil ölkələrlə əlaqələrini genişləndirməyə həmişə can atıb və bu, bu gün də belədir. Odur ki İran və Çin prezidentlərinin strateji əlaqələrlə bağlı 25 illik razılaşma əldə etməsi tamamilə düzgün və müdrik bir addımdır”.

 

ÇXR prezidentinin İpək yolunun bərpası, bu marşrutun üzərindəki ölkələrlə əməkdaşlıqların genişləndirilməsinin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərin tamamilə məntiqli və məqbul ideyalar olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası sanksiyalar dövründə Çinin onunla əməkdaşlıq etdiyini heç bir zaman unutmayacaq”.

 

Müasir dünyanın ən önəmli problemlərindən birinin enerji məsələsi olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İran regionda enerji sahəsində etibarlı tərəfdaş sayıla biləcək yeganə suveren ölkədir. Çünki bəzi region ölkələrindən fərqli olaraq, İranın enerji siyasətinə heç bir kənar amil təsir göstərmir”.

 

Bəzi ölkələrin, xüsusilə də Amerikanın imperialist siyasət yürüdərək digər ölkələrlə riyakarcasına əməkdaşlıq etdiyini bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu vəziyyət müstəqil ölkələrin bir-biri ilə daha sıx əməkdaşlığa can atmasına səbəb olmuşdur. İran və Çin arasında 25 illik strateji əməkdaşlıq barədə razılaşma da bu yanaşmaya əsaslanır. Əldə edilmiş razılaşmalar hər iki tərəfin ciddi səyi nəticəsində, hökmən, reallaşdırılmalıdır”.

 

İran mədəniyyətində həmişə Şərqə meyil və müsbət yanaşmanın olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Qərblilər heç vaxt İran xalqının etimadını qazana bilməyiblər”.

 

“Qərb ölkələri arasında Amerikanın İrana qarşı siyasəti daha pis və düşmən mövqelidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə bu düşmənçi siyasət də İran xalqının və ölkəmizin rəsmilərinin müstəqil ölkələrlə əlaqələri genişləndirməyə üstünlük verməsinə səbəb olmuşdur”.

 

“Vahid Çin” mövzusunun İran İslam Respublikasının qəti və prinsipial siyasətlərindən olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei ÇXR prezidentinin iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərinə toxunaraq dedi: “Təəssüflər olsun ki, Qərbin yanlış siyasətləri, habelə İslam dinindən səhv və azdırıcı nəticələr çıxarılması ucbatından regionumuzda təhlükəsizlik pozulub və bu vəziyyətin getdikcə daha da genişlənməsi riski vardır. Bunun qarşısını müdrik əməkdaşlıqlar sayəsində almaq lazımdır”.

 

Ali Məqamlı Rəhbər İslam dini ilə əlaqələndirilən bu yanlış ideyaların bəzi region ölkələrindən qaynaqlandığını bildirərək dedi: “Qərblilər də bu yanlış təfəkkürün əsl mənbəyinə, terrorçu qruplara qarşı mübarizə aparmaq əvəzinə, Avropa və Amerikada müsəlmanlara təzyiq və hücumlar edir, halbuki bu terrorçu cərəyanlar əsl, düzgün İslam məfkurəsindən tamamilə fərqlənir”.

 

Amerika və Qərbin bəzi terrorçu qruplar haqda “İslam dövləti” ifadəsinin işlədilməsinə israr etdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Belə bir yanaşma müsəlmanlara qarşı təhqirdir və problemi həll etmək yerinə, dolayısı ilə bu qrupların daha da güclənməsi üçün zəmin yaradır”.

 

Amerikanın terrora qarşı mübarizə koalisiyasının yaradılması ilə bağlı iddialarını hiylə və yalan adlandıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Amerikanın bütün məsələlərə yanaşması bu cürdür. Onlar heç vaxt dürüst davranmır”.

 

Sonda Ali Məqamlı Rəhbər dedi: “Ümidvaram, Tehran danışıqları və əldə edilmiş razılaşmalar sözün həqiqi mənasında hər iki tərəf üçün faydalı olacaq”.

 

Ölkə başçısı cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə ÇXR prezidenti cənab Si Cinpin İrana səfərindən məmnun qaldığını ifadə edərək dürüst və səmimi hisslərinə görə İran dövləti və xalqına təşəkkürünü bildirdi, bu səmimiyyətin iki ölkə arasındakı uzunmüddətli, dostluğa əsaslanan əməkdaşlıq və mübadilələrdən qaynaqlandığını qeyd etdi. O dedi: “İran və Çin arasında ikitərəfli əməkdaşlıq qarşılıqlı mənafe prinsipi əsasında günü-gündən daha da artırılmalıdır”.

 

İran və Çin arasında qədim İpək yolu vasitəsilə bir bağlılıq olduğunu bildirən Çin prezidenti İpək yolunu sülh, inkişaf və dostcasına əməkdaşlığın simvolu adlandıraraq dedi: “İpək yolu marşrutu üzərində yerləşən ölkələr aralarındakı əməkdaşlığı genişləndirməklə regionda iqtisadi balansın pozulmasına hesablanmış Amerika modeli qarşısında öz mənafeyini qoruya və qarşıya qoyduqları hədəflərə çata bilərlər”.

 

Cənab Si Cinpin əlavə etdi: “Bəzi super-güclər “bizimlə olmayan bizə düşməndir” kimi cəngəllik siyasəti yürütməklə öz mütləq inhisarını dünyaya hakim etməyə çalışır, amma yeni yaranan iqtisadi modellərin inkişafı onların əlindəki güc inhisarını pozaraq suveren dövlətlərin ideya və siyasətləri üçün əlverişli atmosfer yaradır”.

 

ÇXR prezidenti qeyd etdi ki, ölkəsinin nüvə məsələsində İrana verdiyi dəstək, eləcə də İranın vahid və bölünməz Çin siyasətini dəstəkləməsi iki ölkə arasında qarşılıqlı etimadın mövcudluğuna, müstəqil siyasət yürüdüldüyünə bariz nümunədir. O, əlavə etdi: “Biz müstəqil inkişaf yolunu tutmuşuq və sanksiyalar dövründə İranın yanında olduğumuz kimi, sanksiyalar götürüldükdən sonra da bütün sferalarda əməkdaşlığı genişləndirməyə hazırıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /