İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin 10-cu və Xubriqan Məclisinin 5-ci çağırışına seçkilərin təşkilinə və icrasına cavabdeh olan qurumların rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər baş turan görüşündə seçkilərdə sağlam rəqabəti təmin edən amillərdən və etik qaydalardan danışdı. O bildirdi ki, seçkiyə böyük bir milli marafon kimi yanaşılarsa, İran xalqı və İslam Respublikası bu marafonun keçirilməsi işində məğrur qalibdir. Birgə Kompleks Tədbirlər Planının icrası ilə bağlı mühüm məqamlara toxunan Ali Məqamlı Rəhbər rəsmilərə xitabən aşağıdakıları vurğuladı: “Amerika elə köhnə Amerikadır, ona görə də nüvə danışıqlarının nəticələrinin icrası zamanı ondan gələ biləcək zərərdən ehtiyatlı olun”.
İrəlidə gözlənən iki seçkinin son dərəcə böyük və önəmli olduğunu deyən Həzrət Ayətullah Xamenei seçkilərin ümummilli miqyaslı bir marafon olduğunu vurğulayaraq dedi: “Bu marafonda, əslində, xalq üçün udub-uduzmaq söhbəti yoxdur, belə ki istənilən halda əsl və son qalib İran xalqının özüdür”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı həvəs və qətiyyətlə seçki arenasına qatılıb seçki qutularını öz əzmi və səsləri ilə doldursa, bundan qürurlanan İran İslam Respublikasının başı göylərə ucalacaq”.
Daha sonra Ali Məqamlı Rəhbər seçkidə sağlam rəqabətin tələblərindən danışaraq dedi: “Seçkidə sağlam rəqabətin ən vacib şərti səsvermə kriterilərinə cavab verən hər kəsin, hətta hökumətlə problemi olan insanların seçkiyə qatılmasıdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hökumətə mənfi münasibət bəsləyən insanlar ola bilər, amma belələrinin adətən ölkənin sabitlik, inkişaf və nüfuzunun təmin edilməsi ilə problemi olmur. Elə ona görə də əgər milli təhlükəsizliyin davamlı olmasını, xalqımızın nüfuzunun daha da artmasını, ölkənin inkişaf və tərəqqisinin qarant altına alınmasını istəyirlərsə, seçkidə iştirak etməlidirlər”.
O, əlavə etdi: “Əlbəttə ki, səs verməyi özünə şəri vəzifə hesab edib, seçkiyə ilahi niyyətlə qatılan insanlar, heç şübhəsiz, Allahın razılığını qazanmaları üçün zəmin yaratmış olacaqlar”.
Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Sağlam rəqabətin birinci vacib şərti əhalinin seçkidə yüksək əhval ruhiyyə ilə və hamılıqla iştirak etməsidir. Allahın izni və köməyi ilə, müdrik və uzaqgörən İran xalqı qarşıdan gələn iki seçkidə məhz bu cür iştirak edəcək”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir qrup adam belə bir tələ qurub ki, əhalinin seçkiyə qatılmamağına nail olmaqla, seçkini baykot edib zəiflətməklə İslam Respublikasını pis vəziyyətdə qoysunlar. Amma İran xalqı bu yaramaz planlar qarşısında bu işin öhdəsindən yüksək səviyyədə gələ bildiyini ortaya qoyub və bu dəfə də belə edəcək”.
“Sağlam rəqabətin ikinci şərti seçkiyə məlumatlı şəkildə, xalqı düşünərək, ən layiqli namizədlərin seçilməsi məqsədilə qatılmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Elə insanları seçmək lazımdır ki, vəzifə kreslosuna oturandan sonra ölkəni problem və bəlalardan qoruya bilsinlər, özlərini büsbütün xalqa, milli mənafeyə xidmətə həsr etsinlər, ölkəni düşmənə satmasınlar, üzgördülük edib milli mənafeyi ayaqlar altına atmasınlar”.
Ali Məqamlı Rəhbər daha öncə səsləndirdiyi “hətta hakimiyyətlə problemi olan insanlar belə seçkiyə qatılmalıdır” fikrini bir daha vurğulayaraq dedi: “Bu o demək deyil ki, rejimi qəbul etməyənləri parlamentə göndərsinlər”.
O, əlavə etdi: “Dünyanın heç bir yerində bilavasitə həmin ölkədə hakimiyyətdə olan rejimi qəbul etməyən insanlar üçün həlledici hökumət strukturlarına yaşıl işıq yandırmırlar. Hətta özünü azadlığın simvolu kimi təqdim edən – bir para sadəlövh adam da bu fikri qəbul və təbliğ edir – Amerika kimi bir ölkədə də Şərq və Qərb bloklarının qarşıdurması dövründə insanları sosializmə cüzi meyilliliyə görə ittiham edərək seçkidən kənarlaşdırırdılar”.
“Yalnız hökuməti, onun mənafeyini, ölkənin dəyərlərini qəbul edən şəxslərin parlamentə yol tapmasına diqqət və həssaslıq göstərmək xalqın haqqıdır və bu amil seçkinin sağlam keçməsində təsirə malikdir”.
Çıxışının davamında sağlam seçkinin digər şərtlərindən danışan Həzrət Ayətullah Xamenei dedi: “Bütün seçki orqanlarının qanuna tabe olması və qanunçuluğun uca tutulması, dövlət strukturlarına hörmətsiz yanaşmamaq, ictimaiyyətdə təşviş və narahatlıq yaratmamaq, namizədlərin bir-birinə qarşı təhqirlərə yol verməməsi və hətta qeybətdən belə çəkinmək, qanuna zidd və qeyri-real vədlər verməmək, xalqa qarşı dürüst davranmaq sağlam bir seçki rəqabəti üçün vacib olan etik meyar və tələblərdəndir”.
Ali Məqamlı Rəhbər bəzi düşünülməmiş fikir və davranışlarla ictimaiyyətdə təşviş və narahatlıq yaradılması məsələsinə toxunaraq dedi: “Bəziləri mömin, ruhani cərəyanı nəzərdə tutaraq daim “ekstremistlər” ifadəsini işlədirlər. Halbuki Allahın yolunu tutan, mömin gəncləri ekstremizimdə ittiham etmək lazım deyil, çünki onlar bütün varlıqları ilə və saf niyyətlə proseslərə qoşulmağa daim hazırdırlar, sərhədlərimizi, milli kimliyimizi müdafiə etmək lazm gələn anda dərhal meydana atılırlar”.
O vurğuladı: “Sırf Ərəbistan səfirliyinə hücum kimi çox yanlış və xoşagəlməz bir olay ucbatından inqilabi ideyaların daşıyıcısı olan, mömin gənclərin yaxasından yapışmaq lazım deyil”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İnqilabi ideyaların daşıyıcısı olan bu mömin gənclərin ağıl və dərki, bir çox situasiyalarda prosesləri analiz etmə bacarığı yaşca onlardan böyük olan bəzi insanlardan daha yüksəkdir. Ərəbistan səfirliyinə və ya ondan qabaq İngiltərə səfirliyinə hücum bəhanəsi ilə – hansı ki hər ikisi ölkənin və İslamın ziyanına idi, mənim də acığım gəldi – İslamın və inqilabın ürəkdən aşiqi olan bu gənclərə təzyiq göstərmək, onları zəiflətmək lazım deyil”.
Seçki ilə bağlı fikirlərini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “Seçki böyük bir nemət və şansdır. Bu nemətin şükrünü yerinə yetirmək üçün seçkini yüksək səviyyədə və sağlam atmosferdə keçirmək lazımdır. Odur ki bəzi düşünülməmiş davranışlar, ölçülüb-biçilməmiş fikirlərlə bu böyük və qürurverici hərəkatı pozmaq, ona xələl gətirmək olmaz”.
Ali Məqamlı Rəhbər çıxışının ikinci hissəsini Birgə Kompleks Tədbirlər Planına həsr etdi.
Çəkdikləri zəhmətə görə ölkə başçısına, Xarici İşlər Nazirinə və bütövlükdə danışıqlarda iştirak etmiş komandaya təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, İslam Respublikasının bütün istəkləri təmin olunmayıb, amma insafla demək lazımdır ki, bu məsələdə rəsmilərimiz çox böyük əziyyət çəkiblər. İnşallah, Allah-taala bu işin əcrini onlara nəsib edəcəkdir”.
Ali Məqamlı Rəhbər Birgə Kompleks Tədbirlər Planının nəticələrinin icrasına hazırkı həddə olsa belə başlandığına görə Amerikaya minnətdarlıq hiss edən şəxsləri tənqid edərək dedi: “Bir qrup şəxs fürsətdən istifadə edib mənfur imperializmi gözəl simada təqdim etməyə çalışır, amma bu, çox çirkin və təhlükəli bir hərəkətdir”.
Bu kimi davranışların nəyə görə məntiqsiz olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Məhəllənin qulduru sizin ev-eşiyinizi, malınızı zorla qəsb edir və siz böyük zəhmət və əzab-əziyyətlə sonda onu evin müəyyən hissəsinə girməyib çölə çıxmağa razı salırsınızsa, bu, o qoluzorlu quldurun lütfkarlığının nəticəsidir, yoxsa sizin zəhmət və bacarığınızın?”
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Nüvə sahəsində qazanılmış nailiyyətlər İran alimlərinin, o cümlədən şəhid edilmiş 4 dəyərli nüvə alimimizin elmi dühasının və əməyinin, habelə xalqımızın dəstək və müqavimətinin nəticəsidir. Bu reallıqlar və paralel olaraq rəsmilərimizin səyləri düşməni bəzi məsələlərdə geri çəkilməyə vadar etmişdir. Odur ki bəzilərinin bu nəticələri “Amerikanın lütfü” kimi təqdim etməyi tamamilə insafsızlıqdır!”
Amerikalıların son vaxtlar açıqladığı fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Düşmənin ölkəmizə qarşı sanksiya tətbiq etməkdə məqsədi xalqı əsəbləşdirib küçələrə tökmək idi. Lakin xalqımız səbir edib möhkəm duraraq dövlətimiz və rəsmilərimizlə birgə güc və heysiyyətini nümayiş etdirdi”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə, mən inanıram ki, işi bundan da yaxşı həyata keçirmək olardı, amma hər halda, əldə olan imkanlar, vaxt və potensial hazırda əldə olunmuş nəticələri verdi. Deyim ki, bu da çox önəmli və diqqətəlayiq bir işdir”.
Amerikanı “Böyük büt”, Qərbin digər hegemon dövlətlərini isə “imperializmin ətrafda düzülmüş bütləri” adlandıran Ali Məqamlı Rəhbər düşmənlərin nüvə məsələsində İran əleyhinə izlədiyi əsl məqsədləri açıqlayaraq dedi: “And içmək olar ki, qarşı tərəf İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bilirdi və məqsədi başqa idi”.
“Nüvə məsələsində ölkəmizə qarşı təzyiqləri daha da artırmaqda imperialistlərin əsl məqsədi İran xalqının yüksələn xətt üzrə gedən, ümummilli hərəkatını durdurmaq, İslam Respublikasının regionda və dünyada günü-gündən artmaqda olan nüfuzuna son qoymaq idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu hədəfləri reallaşdırmaqla onlar xalqlara qəbul etdirmək istəyirdilər ki, İslam Respublikası da dinə əsaslanan bir hökumət rejimini idarə edib yaşada bilmədi”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Hamı, o cümlədən rəsmilər Amerikanın əsl məqsədlərini diqqətdə saxlasın. Onlar zor və təbliğat gücünə öz işini aparmaq niyyətindədirlər. Bunun qarşısında sayıq olub müqavimət göstərmək lazımdır”.
Həzrət Ayətullah Xamenei dövlət rəsmilərini, eləcə də Birgə Kompleks Tədbirlər Planının İcrasına Nəzarət Şurasının üzvlərini Amerikanın yalan və hiylələrinə qarşı ehtiyatlı olmağa çağıraraq dedi: “Qarşı tərəf saxtajar və hiyləgərdir. Onun təbəssümünə və maskasına inanmasınlar”.
“Bugünkü Amerika eynilə Reyqan və Buş dövründəki Amerikanın İran əleyhinə izlədiyi aqresiv hədəf və siyasətləri izləyir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Rəsmilər diqqətli olmalıdırlar ki, Birgə Kompleks Tədbirlər Planının icrası zamanı Amerika götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsin. Əks təqdirdə hökmən adekvat cavab verilməlidir”.
Ali Məqamlı Rəhbər İranın su səhədlərini pozmuş Amerika hərbçiləri ilə bağlı insidentdə təqdirəlayiq davrandıqlarına görə İnqilab Keşikçiləri Korpusunun dəyərli heyət üzvlərinə təşəkkürünü bildirərək dedi: “Onlar düşmənin təcavüzü qarşısında İran insanının qüdrət və kimliyini nümayiş etdirmişlər. Rəsmilərimiz də bütün sferalarda bu cür davranmalı, düşmən İran xalqının mənafeyinin hüdudlarını pozduğu hər bir yerdə qüdrətlə onun qarşısını almalıdırlar”.
Amerikanın əsl siması ilə bağlı bir daha fikir bildirən Həzrət Ayətullah Xamenei dedi: “Hazırda regionda gedən proseslər amerikalıların bir neçə il öncə “yeni bir Orta Şərq formalaşdırmağın vacibliyi”ndən danışarkən nəyi nəzərdə tutduğunu ortaya qoyur. Əslində onlar müharibə, terror, fanatizm, irtica, məzhəb və vətəndaş müharibələri ilə dolub daşan bir Orta Şərq görmək istəyirmişlər”.
Ali Məqamlı Rəhbər hər kəsə aşağıdakı tövsiyəni etdi: “Əsl Amerikanı bu cür davranışlarından tanıyın”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər sanksiyaların ortadan qaldırılması ilə əhalinin məişət çətinliklərinin bütünlüklə sona çatacağı, ölkənin iqtisadi problemlərinin həllini tapacağı kimi fikirləri qətiyyən qəbul etmədiyini bildirərək dedi: “Camaatın süfrəsinə bolluq gətirmək, iqtisadiyyatı inkişaf etdirmək üçün düzgün idarəetmə və fəaliyyət proqramları olmalıdır. Mən bunu bütün hökumət kabinetlərinə demişəm”.
“İqtisadi problemlərin həllində əsas strategiya müqavimət iqtisadiyyatıdır” – deyən Həzrət Ayətullah Xamenei rəsmilərin dövlət strukturları tərəfindən işlənib hazırlanmış proqramların icrası istiqamətində ciddi və ardıcıl addımlar atmalı olduğunu vurğulayaraq dedi: “Gözünü düşmənin əlinə dikməklə heç bir problem həll olunmayacaq. Biz İran iqtisadiyyatını elə gücləndirməli və möhkəmləndirməliyik ki, xarici böhranlar qarşısında duruş gətirə bilsin, onlardan ciddi təsir götürməsin”.
Digər bir mühüm məqama toxunan Ali Məqamlı Rəhbər dedi: “Hazırda qurulmaqda olan xarici əlaqələr, bağlanan müqavilələr daxili sənaye və istehsala, kənd təsərrüfatına heç bir vəchlə zərbə vurmamalıdır; rəsmilər bundan ehtiyatlı olsunlar”.
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İran xalqının dindarlığı, gözüaçıqlığı, İslam İnqilabına bağlılığı və iqtidarı indiyə qədər qatı düşmənlərimizin bizə ciddi sıxıntılar yaşatmasına mane olub. Allahın köməyi ilə, xalqımız həmrəy və mehriban olub hamılıqla və ixlasla çalışaraq dünyanın bütün hegemon qüvvələri üzərində qələbə çaldığı, inqilabın bütün hədəflərinin reallaşdığı günü görəcək”.
Ali Məqamlı Rəhbərdən öncə Keşikçi Şuranın katibi Ayətullah Cənnəti çıxış edərək seçkiləri ilahi nemət, İslam dövlətinin və xalqın nüfuz və təhlükəsizliyinin dayağı adlandırdı. O, seçki prosesinin müxtəlif mərhələlərində dəstək və əməkdaşlığına görə Daxili İşlər Nazirliyinə təşəkkürünü bildirərək dedi: “Biz bütün səylərimizi ölkədə sağlam, azad, qanunauyğun, rəqabət və tam təhlükəsizlik atmosferində keçən bir seçkinin keçirilməsi üzərində cəmləmişik. Keşikçi Şura bu məqsədlərin reallaşması üçün bütün etaplarda, o cümlədən namizədlərin qeydiyyata alınması zamanı işlərə diqqətlə nəzarət edəcək, heç bir təzyiq və ya təbliğatın təsiri altına düşməyəcək”.
Görüş zamanı Daxili İşlər Naziri də çıxış edərək Mərkəzi Seçki Qərargahının ölkədə izdihamlı və qanunauyğun seçkilərin keçirilməsi istiqamətində gördüyü işlər haqda hesabat verdi.
DİN-in həyata keçirdiyi müxtəlif tədbirlərdən danışan cənab Rəhmanifəzli ölkənin hüquqi potensialından tam şəkildə istifadə edilməsi, informasiyanın vaxtında və şəffaf surətdə çatdırılması, tam təhlükəsizliyin təmin olunması, ehtiyac duyula biləcək bütün imkanların səfərbər edilməsi və nizamlanması istiqamətində görülən işləri qeyd etdi. O dedi: “İndiyə qədər Daxili İşlər Nazirliyi seçki prosesində rəsmi strukturlarla çox gözəl əməkdaşlıq etmişdir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir