İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhaninin nüvə danışıqlarının yekunu ilə əlaqədar ona ünvanladığı məktuba cavab vermişdir. Cavab məktubunda o, İran xalqının zülmkar sanksiyalar qarşısında müqavimətinin istənilən nəticəni verməsindən, İranın nüvə alimlərinin əməyi, danışıqlarda təmsil olunan diplomatların birgə səyləri sayəsində qarşı tərəflərin geri çəkilməsindən sevinc və məmnunluq hissi keçirdiyini bildirərək ölkə prezidentinə xitabən 5 mühüm məqamı vurğulayır
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Möhtərəm ölkə başçısı cənab Dr. Ruhani,
Öncə Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırıram.
Böyük İran xalqının zülmkar sanksiyalar qarşısında müqavimətinin, nüvə alimlərimizin bu mühüm sənayeni inkişaf etdirmək istiqamətində göstərdiyi səylərin, danışıqlarda təmsil olunan diplomatların yorulmaq bilmədən çəkdiyi zəhmətlərin sonda qarşı tərəfləri (onlardan bəziləri İran xalqına qarşı düşmənçiliyi ilə tanınır) geri çəkilməyə və o zorakı sanksiyalardan bir qismini aradan qaldırmağa vadar etməsindən sevinc və məmnunluq duyduğumu ifadə edir, Sizə, danışıqlarda iştirak etmiş diplomatik heyətə, şəxsən hörmətli Xarici İşlər Nazirinə və bütün rəsmilərə təşəkkürümü bildirir, hələlik aşağıdakı məsələləri diqqətinizə çatdırmaq istəyirəm:
1. Qarşı tərəfin götürdüyü öhdəlikləri tam şəkildə icra etməsinə diqqət yetirilsin. Bəzi Amerika siyasətçilərinin son 2-3 gündə səsləndirdiyi fikirlər məndə tamamilə bədgümanlıq yaradır.
2. Bütün dövlət rəsmilərinə xatırlatma edilsin ki, ölkənin iqtisadi problemlərinin həlli müqavimət iqtisadiyyatının reallaşdırılması istiqamətində bütün sferalarda ardıcıl və düşünülmüş fəaliyyətlərdən asılıdır və ölkə iqtisadiyyatına təkan vermək, xalqın məişət rifahını yüksəltmək üçün təkcə sanksiyaların ləğvi kifayət deyil.
3. Aparılan təbliğatda bir məqama diqqət yetirilsin ki, əldə edilmiş razılaşma ölkəmizə və xalqımıza çox baha başa gəlib. Bu həqiqəti nəzərə almadan, Qərb tərəfə minnətçi ruhda yazılar yazıb çıxışlar edənlər ictimai fikrin formalaşdırılması baxımından dürüst davranmırlar.
4. Hegemon imperialist bloku qarşısında əldə edilmiş nailiyyətlərin bu həddi belə, mübarizə və müqavimət sayəsində qazanılıb. Biz bunu İslam Respublikasında baş verən bütün proseslər üçün böyük bir ibrət dərsi bilməliyik.
5. Bir daha vurğulayıram ki, imperialist dövlətlərin, xüsusilə də Amerikanın sözügedən məsələdə və digər proseslərdə hiylə işlədərək, götürdükləri öhdəlikləri poza biləcəkləri diqqətdən yayınmamalıdır.
Uca Allahdan Sizə və digər dövlət rəsmilərimizə uğurlar diləyirəm.
Seyid Əli Xamenei
29 dey 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir