İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin “Fiqh və incəsənət” milli forumunun təşkilatçıları ilə 21 dey 1394-cü il tarixdə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Qum Teoloji Mərkəzinin Dini Təbliğat İdarəsinin “Qədir” konfrans mərkəzində oxundu.
Görüş zamanı incəsənətin əhəmiyyətinə toxunan Həzrət Ayətullah Xamenei bildirmişdi ki, teoloji mərkəzlərin fiqh və incəsənət mövzusuna yaxından maraq göstərməsi onu sevindirir. O demişdi: “İncəsənət bərəkətli və humanist bir işdir, güclü təxəyyülün, mükəmməl zövqün məhsulu, insan həyatının ayrılmaz bir hissəsidir. Fəqihlər və teoloji mərkəzlər arasında da şeir və ədəbiyyat sahəsində həmişə görkəmli sənət adamları olmuşdur”.
Ali Məqamlı Rəhbər qeyd etmişdi ki, fiqh və incəsənət mövzusunun tədqiq edilməsi, bu məsələnin dərinliklərinə varılması, cəmiyət üçün qaranlıq məqamlara aydınlıq gətirilməsi mübarək və lazımlı bir işdir. O həmçinin vurğulamışdı: “Fiqh insan həyatının bütün sferalarını zəmanət altına alır. İncəsənət də bu sferalardan biri olduğuna görə fiqh onunla da məşğul olmalıdır”.
“İncəsənətlə bağlı məsələlər barədə şəri hökm çıxarıb fiqh nöqteyi-nəzərindən fikir yürütmək üçün fəqihin sənət, onun çərçivə və hüdudları ilə tanışlığı olmalıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etmişdi: “İslam dini incəsənəti nəinki təkcə qəbul edir, hətta insanları buna təşviq belə edir. Tarixdə dinimizin incəsənətə olan bu diqqət və təşviqini göstərən nümunələr çoxdur”.
Müasir dövrdə incəsənətin bəşər cəmiyyəti ilə çulğaşdığını, insanların düşüncəsinə, ruhuna və həyat tərzinə bilavasitə təsir göstərdiyini bildirən Ali Məqamlı Rəhbər demişdi: “İncəsənətlə bağlı bəzi mövzularda irəli sürülmüş məşhur fətvalara gəlincə, bu sahədə dərindən və diqqətlə araşdırma apararaq ortaya yeni fikirlər qoymaq olar”.
Ali Məqamlı Rəhbər fiqh və incəsənət mövzusuna yeniliklər gətirmək üçün nələrin tələb olunduğu barədə aşağıdakıları qeyd etmişdi: “Fiqhi baxımdan intizama ciddi surətdə diqqət yetirilməli, ictimai atmosferin təsiri altına düşmədən, şiə fəqihlərinin yazılı mənbələrdən və sünnədən dini hökmləri əldə edərkən işlətdiyi metod və prinsiplərdən istifadə edərək fiqh və incəsənət problemləri ilə bağlı olaraq da nəticə əldə edilməlidir”.
Ali Məqamlı Rəhbər incəsənətdə şəri qanun-qaydaların gözlənməsi kimi müsbət bir ənənənin əsasının qoyulmasını, fiqh və incəsənət mövzusunda forumların keçirilməsini müsbət dəyərləndirərək forumun təşkilatçılarına xitabən aşağıdakıları vurğulamışdı: “Bu iş bundan çox-çox əvvəl görülməli idi və indi ki start götürüb, onu durmadan davam etdirmək lazımdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir