Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Əfqanıstanın icra rəisi ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əfqanıstanın icra rəisi cənab Abdulla Abdulla ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, Əfqanıstanda yaşayan qəbilə və etnosların vəhdəti bu ölkədəki problemlərin ən önəmli həlli yoludur. O, İran və Əfqanıstan arasında əməkdaşlığın uzunillik tarixi keçmişə və geniş potensiala malik olduğuna toxunaraq dedi: “İran İslam Respublikası Əfqanıstanın inkişaf, asayiş və təhlükəsizliyini öz inkişaf və təhlükəsizliyi bilir”.

Əfqanıstanda Milli Birlik Hökumətinin təşkil edilməsini təqdirəlayiq bir təşəbbüs kimi qiymətləndirən Ali Məqamlı Rəhbər ölkənin problemlərinin həllini tapacağına ümidvar olduğunu bildirərək dedi: “İnşallah, Milli Birlik Hökuməti real, həqiqi surətdə təşkil olunar, belə ki Əfqanıstanın problemlərinin həlli yolu etnoslar və rəsmilər arasında həqiqi birlik yaradılmasıdır”.

Ali Məqamlı Rəhbər tarixən Əfqanıstanda sünni və şiələrin, eləcə də müxtəlif etnosların sülh şəraitində birgə yaşadığını xatırladaraq dedi: “Qədimdən bəri biz əfqan xalqını səbirli, gözütox, zəhmətkeş, dindar, ədəbi zövqə malik bir xalq kimi tanıyırıq, buna baxmayaraq etnik konfliktlər və bir sıra digər səbəblər hər bir xalqı zəiflədir”.

O, keçmişdə də İranın əfqan xalqını dəstəklədiyini, xüsusilə Sovet hökumətinin bu ölkəni işğal etməsinə özünəməxsus tərzdə etiraz edərək əfqan mücahidlərə dəstək olduğunu qeyd edərək dedi: “İslam Respublikası indi də Əfqanıstanın yanındadır və 3 milyona yaxın əfqan vətəndaşına qucaq açıb”.

Həzrət Ayətullah Xamenei İranda 16 minə yaxın əfqan tələbə və məzunun olmasını Əfqanıstan üçün dəyərli bir fürsət kimi qiymətləndirdiyini bildirərək dedi: “Əfqanıstan hökuməti həvəsləndirici tədbirlər görməklə bu məzunları geri qayıdıb öz ölkəsinə xidmət etməyə təşviq etməlidir”.

İranın elm, texnologiya və iqtisadiyyat sahəsində zəngin imkan və potensiala malik olduğuna, həmçinin Əfqanıstanda da zəngin təbiət və insan resurslarının mövcudluğuna toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Qarşılıqlı əməkdaşlığın səviyyəsinin yüksəldilməsi hər iki ölkənin xeyrinədir. Sərhəd suları mövzusu kimi bəzi fikir ayrılıqları isə səmimiyyət və əməkdaşlıq şəraitində çözülməlidir”.

Ötən illər ərzində yürüdülmüş, əfqan mücahidlərin təcrid edilməsi siyasətini pisləyən Həzrət Ayətullah Xamenei dedi: “Əfqan mücahidlərin “səhra komandirləri” kimi adlarla təcrid edilməsi yanlış bir siyasətdir. Hərbi hücuma, genişmiqyaslı fitnəyə məruz qalan bir ölkədə xalq özü cihad ruhiyyəsi ilə ölkəsini müdafiə etməyə hazır olmalıdır”.

“Özünümüdafiəyə qadir olmamaq yadellilərin müdaxiləsi üçün şərait yaradır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Amerikalıların Əfqanıstanda nə qədər insanı qətlə yetirdiklərinin, bu ölkəyə nə qədər ziyan vurduqlarının özümüz şahidi olmuşuq. Onlar bu gün də əməllərindən əl çəkməyiblər”.

Əfqan xalqının ingilis, Sovet və son illərdə Amerikanın təcavüz və işğalı qarşısında müqavimət ruhu nümayiş etdirməsini yüksək qiymətləndirdiyini bildirən Həzrət Ayətullah Xamenei dedi: “Əfqan xalqında müqavimət və dindarlıq ruhiyyəsi çox dərindir. Tarixdən bilirik ki, heç bir işğalçı qüvvə bu ölkədə davam gətirə bilməyib”.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Əfqanıstanın icra rəisi cənab Abdulla Abdulla İranın Əfqanıstan hökuməti və xalqına verdiyi dəstəyə görə Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirirək dedi: “Əfqanıstanda Milli Birlik Hökumətinin qurulması yaxşı bir model idi və bir çox problemlərin qarşısını aldı”.

Ölkəsinin başlıca probleminin sabitlik və təhlükəsizliyin pozulması, habelə terrorçu qrupların mövcudluğu olduğunu bildirən cənab Abdulla əlavə etdi: “Allaha təvəkkül edib, xalqın birlik və əməkdaşlığı, habelə iranlı dost və qardaşlarımızın cihad və müqavimət dövründən indiyə qədər davam edən dəstək və əməkdaşlığı sayəsində problemləri aradan qaldıraraq bütün bölgələrdə ədaləti təmin etməyə çalışırıq”.

Əfqan xalqına dəstək olduğuna, həmçinin əfqan şagirdlərin İranda təhsil alması ilə əlaqədar bu yaxınlarda verdiyi tapşırığı görə Həzrət Ayətullah Xameneiyə təşəkkürünü bildirən Cənab Abdulla dedi: “Bu dəyərli dəstək və havadarlıq Əfqanıstan xalqı və dövləti arasında İran İslam Respublikasına özəl və yüksək mövqe qazandırmışdır”.

O, əlavə etdi: “İran və Əfqanıstan arasında əməkdaşlıq üçün münbit zəmin vardır. İran rəsmiləri ilə apardığımız danışıqlarda ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini yüksəltməyin yollarını araşdırıb tətbiq etməyə çalışırıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /