İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə Qum sakini ilə bu gün (şənbə günü) səhər baş tutan görüşündə şəhər əhalisinin 1356-cı il 19 dey günü həyata keçirdiyi tarixi qiyamı yüksək qiymətləndirdiyini bildirdi. O, İslam İnqilabını qalıcı və sarsılmaz edən səbəb və amilləri açıqlayaraq vurğuladı: “Xalqımızın məlumatlı şəkildə və hamılıqla iştirakı sayəsində İslam İnqilabı daim yaşaya, xalqımız mənəvi-psixoloji cəhətdən arxayın və sakit ola, habelə düşmənlərin məkrli planları üzərində qələbə çala biləcək”.
Qum əhalisinin 1356-cı il 19 dey tarixində mərcə-təqlidlərə və ruhani ictimaiyyətinə dəstək olaraq şah diktaturası əleyhinə həyata keçirdiyi tarixi qiyamı yüksək dəyərləndirən Ali Məqamlı Rəhbər qumluları “inqilabın avanqardları, öndərləri” adlandıraraq əlavə etdi: “İmam Xomeyninin (r.ə) illərlə çəkdiyi zəhmət və etdiyi çıxışlar, mərcə-təqlidlərin və ruhanilərin ictimaiyyət arasında malik olduğu yüksək mövqe xalq arasında şah diktaturasına qarşı mübarizə üçün münasib zəmin yaratmışdı. 19 dey qiyamı isə bu həyat əhəmiyyətli mübarizənin əsasını qoydu”.
19 dey qiyamını yetişdirmiş əsas amillərdən danışan Həzrət Ayətullah Xamenei xalqın cəsarət və gözüaçıqlığını, proseslərə qoşulmaq üçün öhdəsinə düşən məsuliyyəti vaxtında dərk edə bilməsini qeyd edərək dedi: “Bu tarixi qiyam İmam Xomeynini (r.ə) müdafiə məqsədilə start götürdü, sonrakı hadisələr isə İslam İnqilabının qələbəsi ilə nəticələndi”.
“Maddi baxımdan götür-qoy etdikdə xaricdən asılı, imperialist dövlətlərdən dəstək alan şah diktaturasının hakimiyyətdə olduğu şəraitdə İslam İnqilabının qələbəsi qeyri-mümkün görünürdü” – deyən Ali Məqamlı Rəhər əlavə etdi: “Bu qələbə yaradılış aləmində ilahi sünnənin – yəni Allah-taala tərəfindən müəyyən edilmiş qayda-qanunların mövcud olduğunu göstərir. Maddiyatçı insanlarsa bunu dərk etməkdə acizdirlər”.
O vurğuladı: “Hazırkı şəraitdə də İran İslam Respubliaksı Amerika, İsrail, imperializmin əlaltıları, təkfirçi ünsürlər və İŞİD də daxil olmaqla geniş bir düşmən cəbhəsi ilə qarşı-qarşıyadır. Əgər biz ilahi sünnənin tələblərinə əməl etsək, yəni gözüaçıq olub müqavimət göstərsək və lazım olan anda hərəkətə keçməyi bacarsaq, heç şübhəsiz, eynilə İslam İnqilabı qələbə çaldığı kimi, bu geniş düşmən cəbhəsinə də qalib gəlmək mümkündür”.
Daha sonra Ali Məqamlı Rəhbər İran və dünyanın müasir tarixində baş vermiş bəzi digər mühüm hadisələrlə müqayisədə nəyə görə məhz İslam İnqilabının qalıcı və sarsılmaz ola bildiyini təhlil etməyə başladı.
O, iki mühüm hadisəyə: neft sənayesinin milliləşdirilməsi və Məşrutə qiyamına toxunaraq dedi: “Neft sənayesinin milliləşdirilməsi uğrunda gedən hərəkatda xalq minimum bir şey – ingilislərin milli neft sərmayəsindən əlini çəkməsini istəyirdi. Məşrutə qiyamında da xalqın istədiyi cüzi bir şey idi: onlar şahın mütləq hakimiyyət və ixtiyarının müəyyən qədər məhdudlaşdırılmasını tələb edirdilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu iki hadisədə xalq mahiyyət etibarilə qarşıya minimal hədəflər qoyduğuna, camaat da proseslərdə fəal iştirak etdiyinə baxmayaraq, sonu məğlubiyyət oldu. İran İslam İnqilabında isə qarşıya hərtərəfli suverenliyin əldə edilməsi, şah diktaturasının devrilməsi kimi maksimal bir hədəf qoyulduğuna baxmayaraq, qələbə qazanıldı və bu inqilab qalıcı oldu”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Gənclər bu reallığı düzgün təhlil edə bilsələr, artıq bəzilərinin xalqın qəlbinə qorxu və ümidsizlik toxumu səpmək səyləri nəticə verməyəcək və ölkənin gələcəkdəki düzgün kursu müəyyənləşəcək”.
O həmçinin Fransa və Sosialist inqilablarının ilkin kursunun sonradan dəyişdiyini, onların zamanla süquta uğrayıb aradan getdiyini qeyd edərək dedi: “İran İslam İnqilabı ilkin prinsip və ideyaları əsasında qalıcılığını qoruyub saxlaya bilmiş yeganə inqilabdır”.
“İmperializm dünyasındakı beyin mərkəzlərinin ən başlıca məqsədi İslam İnqilabını qalıcı edən amilləri yox etməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ötən illər ərzində düşmənin bütün səylərinin – təhrik olunduğumuz müharibə, iqtisadi blokada və son dövrlərdəki genişmiqyaslı sanksiyaların hədəfi İslam İnqilabının sarsılmazlığını yox etmək olmuşdur. Əlbəttə ki, onlar bu məqsədlə hər etapda yeni təşəbbüslər də edirlər”.
Həzrət Ayətullah Xamenei dedi: “1388-ci ildə amerikalılar seçkini bəhanə edərək, bir neçə ölkədə uğurlu olmuş təcrübələrini İranda da tətbiq etmək, səs çoxluğu qazanmamış bir azlığı qabağa verib onlara siyasi və maliyyə cəhətdən dəstək olaraq seçkinin nəticələrinin ləğv edilməsinə nail olmaq niyyətində idilər. Amma xalqın fəal iştirakı ilə onların “rəngli” inqilabı məğlubiyyətə düçar oldu”.
1388-ci ildə baş vermiş hadisələr zamanı Amerika prezidentinin İslam İnqilabına və dövlətə qarşı çıxan qüvvələri dəstəklədiyini xatırladan Ali Məqamlı Rəhbər dedi: “Amerika həmin hadisələri bacardığı qədər dəstəklədi, amma xalqın proseslərə vaxtında müdaxilə etməsi sayəsində onların planları puç oldu”.
O, əlavə etdi: “İndi amerikalılar deyir ki, nüvə danışıqlarından sonrakı mərhələdə İranla sərt davranılacaq – guya bundan əvvəl İranla yumşaq davranırdılar – amma gənclərimiz, xalqımız və rəsmilərimiz ümidlə, sayıq və məlumatlı surətdə, Allaha təvəkkül edib mətin duraraq, ölkəmizin güclü cəhətlərinə söykənərək düşmən qarşısında müqavimət göstərir, bu isə olduqca əhəmiyyətlidir”.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər xalqa yeni nəfəs verməyin seçkilərin özünəməxsus cəhəti olduğunu bildirərək dedi: “Seçkilərdə xalqın məsuliyyət hissi əks olunur və bu, düşmənin məqsədlərini puça çıxırır. İslam İnqilabını qalıcı edən amillərdən biri də budur”.
Həzrət Ayətullah Xamenei seçkilərdə iki məsələnin böyük əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “Birincisi, seçkidə iştirak etməyin özü, ikincisi isə düzgün seçim edib ən layiqli namizədə səs vermək”.
Səsvermə meyarlarına cavab verən hər kəsin mütləq şəkildə seçkidə iştirak etməli olduğunu bir daha vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Mən indiyə qədər olduğu kimi, yenə də israr edirəm ki, hətta İslam hökumətini və vəli-fəqihin rəhbərliyini qəbul etməyən şəxslər də səsvermə məntəqəsinə gəlsin. Çünki bu seçki bütövlükdə xalqa, İrana, İslam Respublikası quruluşuna aiddir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, xalqın seçkidə hamılıqla iştirakı İslam dövlətinin möhkəmlik və sarsılmazlığına, təhlükəsizliyin tam təminatının davamlı olmasına, İran xalqının dünya ictimaiyyəti qarşısında nüfuz və etibar qazanmasına, İran İslam Respublikasının öz düşmənləri qarşısında möhtəşəm bir şəkildə çıxış etməsinə səbəb olacaq.
Layiqli namizədlərə səs verməyin son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Fərqli fikirdə və siyasi mövqedə olmağın eybi yoxdur, əsas odur ki, düzgün seçim etməyimizə diqqət yetirək”.
O, əlavə etdi: “Əgər biz bu işdə diqqətli olsaq, hətta seçilən namizədlərdən hansısa sonradan özünü arzuedilən şəkildə göstərməsə belə, bir seçici olaraq layiqli namizədi seçmək üçün göstərdiyimiz diqqət və səylə Allah-taalanın razılığını qazanmış olacağıq”.
İslami Şura Məclisinin ölkədaxili və beynəlxalq proseslər arenasında yüksək mövqeyə malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Müxtəlif aspektlərdən, xüsusilə də qanunların qəbulu, hakimiyyətə gələn administrasiyaların fəaliyyəti üçün zəmin yaratması, İran xalqının müqavimətini təzahür etdirməsi baxımından parlament misilsiz əhəmiyyətə malikdir”.
Ali Məqamlı Rəhbər hazırkı parlamentin beynəlxalq proseslərə münasibətdə müsbət mövqe tutduğunu bildirərək dedi: “Nüvə məsələsində və digər olaylarda cəsarətlə düşmənin qarşısında durub azad və müstəqil şəkildə öz sözünü və mövqeyini bəyan edən bir parlamentlə müxtəlif məsələlərdə düşmənin sözünü təkrarlayan bir parlament arasında yerdən göyə qədər fərq var”.
“Parlamentin hər bir nümayəndəsi xalqın əsas fəaliyyət istiqamətinin və mövqeyinin formalaşmasında rola malikdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Elə buna görə də bütün ostan və şəhərlərin əhalisi özlərinin parlamentdəki nümayəndəsini seçərkən tam diqqətli olmalı və düzgün seçim etdiklərinə əmin olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Əlbəttə, namizədlərin hər birini ayrı-ayrılıqda tanımaq, doğrudan da, çətindir, amma namizədlərin siyahısını təqdim edən şəxslərin keçmişinə, mövqeyinə diqqət yetirərək, siyahıdakı insanlar barədə qərar vermək olar”.
O dedi: “Əgər bu və ya digər namizədlərin siyahısını təklif edənlər inqilabi ideyaların daşıyıcısı olan, mömin insanlardır və İmam Xomeyninin (r.ə) kursunun, həqiqətən də, qəbul edirlərsə, onların İslami Şura Məclisi və Xubriqan Məclisi üçün təqdim etdiyi siyahıdakı namizədlərə etimad göstərmək olar. Yox əgər inqilaba, müstəqilliyə və dinə bir o qədər də əhəmiyyət vermir, Amerikanın və başqa yadellilərin dediklərinə ürək qızdırırlarsa, belələrinə inanmaq olmaz”.
Xubriqan Məclisinin də həddən artıq əhəmiyyətli olduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bəzilərinin təsəvvür etdiyindən fərqli olaraq, Xubriqan Məclisi ildə bir-iki dəfə iclas keçirib çıxışlar etmək üçün təşkil olunmur. Sözügedən qurumun məqsədi bir gün İnqilab Rəhbəri həyatda olmadığı zaman yeni Rəhbəri, yəni İslam İnqilabının hərəkət kursunu müəyyən edən lideri seçməkdir, bu isə olduqca mühüm bir məsələdir”.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinə namizədləri seçərkən də son dərəcə diqqətli davranmaq lazım olduğunu vurğulayaraq dedi: “Xubriqan Məclisinin tərkibindən asılı olaraq, onlar lazım gəldikdə, düşmənin qarşısında Allaha təvəkkül edərək cəsarətlə duran və İmam Xomeyninin kursunu davam etdirən bir şəxsi Rəhbər seçə bilərlər. Amma bu ehtimal da var ki, fərqli xüsusiyyətlərə malik bir insanı Rəhbər seçsinlər. Odur ki Xubriqan Məclisinə namizədlərə diqqətlə, araşdırma aparıb tanıyaraq, inanaraq səs vermək lazımdır”.
O, əlavə etdi: “Seçkidə iştirak etmək, xüsusilə də ən yaxşı namizədlərə səs verməyə diqqət yetirmək iki ali hədəfin gerçəkləşməsinə səbəb olur: birincisi, İslam İnqilabının qalıcılığı və ikincisi, xalqın mənəvi asayiş və rahatlığı”.
Düzgün seçimin İslam İnqilabının qalıcılığına nə kimi təsir göstərdiyini açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “İnqilabın əvvəllərindən bu yana sıralarımıza qatılanlar və aramızdan ayrılanlar çox olub. İnqilabın tərəfdarı olan şəxslərin bir qrupu fərdi miqyasda onlara zülm edildiyi ehtimalı ilə haqsız olaraq inqilabdan üz çeviriblər, bir qrup isə şəxsi, ailə problemləri ucbatından başqa bir mövqe tutublar. Amma əsas odur ki, müxtəlif müstəvilərdə, o cümlədən mömin, inqilabçı, peşəkar, təhsilli, texnoloji yeniliklərə imza atan, səmərəli kadrların varlığı sahəsində inqilabın yetişdirmələri itkilərindən qat-qat artıq olub”.
O, əlavə etdi: “Hazırkı mərhələdə də əgər camaatımız parlament və Xubriqan Məclisinə ən layiqli namizədləri seçməkdə öhdəsinə düşən vəzifələri düzgün yerinə yetirsə, inqilabın yetirməsi sayılan yeni və sağlam kadrlar daha artıq və həmişəyaşarlığı təmin olunacaq”.
Ali Məqamlı Rəhbər bildirdi ki, inqilabın qalıcılığı baxımından, seçkidə öhdəsinə düşən vəzifəni yerinə yetirməyin ikinci cəhəti xalqın qəlbində rahatlıq və arxayınlıq yaranmasıdır. O, Peyğəmbəri-Əkrəmə (s) beyət edənlərin qəlbinə mənəvi rahatlıq nazil edilməsindən söz açan Quran ayələrinə istinadla aşağıdakıları dedi: “Bu gün inqilaba, İmam Xomeyniyə (r.ə) və imamın yoluna beyət edən hər kəs Peyğəmbəri-Əkrəmə (s) beyət etmiş sayılır. Allah-taala bu beyətin mükafatı olaraq, xalqın qəlbindən narahatlıq və ümidsizliyi yox edərək yerinə inam və arxayınlıq gətirəcək”.
Çıxışını yekunlaşdıran Həzrət Ayətullah Xamenei vurğuladı: “İnqilabın qalıcılığı, insanlarımızın ümid və arxayınlıqla göstərdiyi müqavimət, heç şübhəsiz, xalqın Amerika və düşmənlərin məkrli planları üzərində qələbəsinə yol açacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir