Ali Məqamlı Rəhbərin informasiya bloku

Лидер Исламской революции:

Amerikalılar ölkəmizdə keçiriləcək seçkilərə tamah gözünü dikib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən imam-cümələrlə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə cümə namazının oldüqca yüksək mövqeyə malik olduğunu qeyd edərək onu “iman, bəsirət və əxlaq qərargahı” adlandırdı. O bildirdi ki, imam-cümələrin ən mühüm vəzifəsi həqiqətləri açıqlamaq, insanları mədəni və siyasi cəhətdən düzgün istiqamətləndirməkdir. Ali Məqamlı Rəhbər həmçinin seçkilərin son dərəcə mühüm bir məsələ və həqiqətən böyük bir nemət olduğunu bildirdi. O, isfənd ayında baş tutacaq seçkilərdə seçicilərin maksimum say çoxluğu ilə iştirak etməli olduğunu vurğulayaraq dedi: “Dərin mənalı bir məfhum olan “həqqün-nas” – qul haqqı məfhumu seçkilərin icra, nəzarət, namizədlərin haqları, seçici siyahısı, xalqın verdiyi səslərin toxunulmazlığı, habelə səsvermənin nəticəsinin qəbul edilməsi kimi mərhələlərində tam dolğunluğu ilə və hərtərəfli şəkildə məna kəsb edir. Xalqımız Amerikanın bu seçkiyə tamahla yanaşdığını nəzərə alaraq, onun yol tapıb ölkəyə nüfuz etməyə çalışması məsələsinə lazımınca diqqət yetirməlidir”.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei dedi: “Mən cümə namazı barədə “qərargah” ifadəsini ona görə işlətdim ki, bu gün biz mənəvi, ideoloji, siyasi və dini etiqad baxımından bir qarşıdurma vəziyyətindəyik. Eynilə Müqəddəs Müdafiə kimi, bu qarşıdurmaya da biz zorla cəlb edilmişik, buna görə də müdafiə olunmaq lazımlı və vacibdir”.

İran xalqının özünü müdafiə bacarığına toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu cihadda xalqın imanı, bəsirəti, təqvası və əxlaqı hücum hədəfinə çevrilib və cəmiyyət arasında təhlükəli viruslar yayılır”.

“İmam-cümələrin ən mühüm vəzifəsi həqiqətləri açıqlamaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmam-cümələr şəhərlərin ruhani alimləri, peyğəmbərlərin varisləri olaraq, cümə namazlarında insanların bir arada toplaşması fürsətindən istifadə edərək həqiqətləri onlara açıqlamalı, izah etməlidirlər”.

Cümə namazlarında üz-üzə, canlı təmasla edilən söhbətlərin müasir informasiya texnologiyaları vasitəsilə aparılan qiyabi söhbətlərlə müqayisədə həddən artıq effektiv və daha əhəmiyyətli olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmam cümələr bu dəyərli fürsətdən istifadə edərək hər bir şəhərin mədəniyyətinin döyünən qəlbi olan cümə namazlarında insanları siyasi və mədəni baxımdan istiqamətləndirməlidirlər”.

Mədəni cəhətdən istiqamətləndirmənin siyasi cəhətdən istiqamətləndirmə ilə müqayisədə daha fundamental əhəmiyyət kəsb etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslamın və İran xalqının düşmənlərinin əsas məqsədlərindən biri xalqın əxlaq və mədəniyyətini, xüsusilə də həyat tərzini dəyişməkdir”.

İslami həyat tərzinin müxtəlif aspektlərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Hətta müxaliflərlə söhbət edərkən belə, etikanı gözləmək, həyasızlıq etməmək islami həyat tərzində mühüm olan məsələlərdən biridir. Məhz xalqın etikaya əhəmiyyət verməməsi istiqamətində bir çox işlər görülür və təəssüflər olsun ki, müəyyən məqamlarda bu səylər uğurlu olur”.

Ədalətin, eləcə də kitab mütaliəsi kimi yaxşı vərdişlərin islami həyat tərzinin digər aspektlərindən olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqı və gəncləri kitab oxumağa, intellektual elitanı isə kitab istehsalına təşviq etmək lazımdır. Hər bir şəhərdə cümə namazlarının qılındığı məkanlarda yaxşı, oxunaqlı və aktual kitabların nümayişi və satışı üçün mərkəzlər də təşkil etmək olar”.

“Cümə namazlarında mühüm məsələlərdən biri də ölkənin gənc ictimaiyyətini cəlb etməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Gəncləri təkcə danışmaqla cəlb etmək olmaz. Gənclər cümə namazlarına dərk və ürəklə cəlb edilməlidir”.

Ali Məqamlı Rəhbər siyasi və mədəni məsələlərlə bağlı arqumentlərlə əsaslandırılmış şəkildə fikir bildirməyin və yeni söz deməyin gənclərin cümə namazına cəlb edilməsi üçün zəmin yarada biləcəyini qeyd edərək aşağıdakıları vurğuladı: “Yeni söz demək bidət xarakterli fikirlər irəli sürmək demək deyil. Yeni sözü, yeni fikri mövzular üzərində dərindən düşünüb araşdırma aparmaqla ortaya çıxarmaq lazımdır”.

O, gəncləri cümə namazlarına cəlb edə biləcək digər amillər sırasında imam-cümələrin lovğalıq və ədabazlıqdan uzaq, səmimi və mehriban davranışını, icma üzvləri ilə rəis, idarəçi kimi deyil, ruhani və ata kimi rəftar etməsini qeyd edərək dedi: “Cümə namazlarının xütbələrində auditoriyanın ürəyincə olmasa belə, doğru olan məsələləri məntiqli, arqumentlərlə əsaslandırılmış şəkildə, canlı bir ifadə tərzi ilə açıqlayıb demək lazımdır”.

“İmam-cümə postunun mövqe və nüfuzu yerlərdə fəaliyyət göstərən imam-cümələr, mərkəzi qərargah, həmçinin əhali tərəfindən qorunmalıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikasında cümə namazlarının qılınması böyük bir uğurdur və onun qədrini bilmək lazımdır. Elə buna görə də cümə namazlarının xütbələrində cəmiyyət üçün aktual məsələlərə toxunulmalıdır”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər seçkilərin olduqca mühüm bir məsələ, həqiqətən də, böyük bir nemət olduğunu bildirərək dedi: “Bu gerçək bərəkət İmam Xomeyninin (r.ə) dərin yanaşma və düşüncə tərzindən irəli gəlir. Bəzilərindən fərqli olaraq, o, islami hökumətdə seçkiləri vacib bilir, xalqı hakimiyyətin mənbəyi hesab edirdi və bu fikirdə idi ki, xalqın seçimi və qərarı təsirə malik olmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmamın bu strateji yanaşması və qərarı sayəsində xalq həmişə inqilabın yanındadır, çünki qərarlarının ölkədə gedən proseslərə təsir göstərdiyini bilir”.

“Seçkilər ölkə miqyasında xalqın öz suverenliyini, heysiyyətini, həlledici qərarların qəbuluna təsir göstərə bildiyini hiss etməsinə yol açır, qlobal və regional miqyasda isə ölkəmizə və dövlətimizə hörmət və nüfuz qazandırır” – deyən Ali Məqamlı Rəhbər xalqın qarşıda gələn seçkilərdə maksimal səviyyəli iştirak nümayiş etdirməli olduğunu vurğulayaraq əlavə etdi: “Seçicilərin iştirakı nə qədər çox olsa, ölkəmizin və dövlətimizin nüfuzu, sarsılmazlığı da bir o qədər artır. Elə buna görə də mən əhalinin seçkidə mümkün qədər yüksək səviyyədə iştirak etməli olduğunu vurğulayıram. Elə bu dəfə də bu məsələ üzərində israr edirəm, çünki dövlətimiz xalqın sevgisinə, istəyinə və seçiminə əsaslanır”.

Ali Məqamlı Rəhbər seçkilərin şəffaf keçirilmədiyini iddia edən insanları tənqid edərək dedi: “Bəziləri, elə bil ki, pis bir vərdişə, mərəzə tutulublar – seçki yaxınlaşan kimi, hay-küy salıb nəticələrin qeyri-şəffaf olacağını deyir, bununla böyük bir nemət olan seçkiyə xələl gətirirlər”.

O, əlavə etdi: “Əlbəttə ki, kənar-bucaqda hansısa pozuntu halları ola bilər, amma seçkinin nəticələrini dəyişəcək həddə və təşkilatlanmış surətdə pozuntuların olması qətiyyən mümkün deyil”.

Həzrət Ayətullah Xamenei seçkinin şəffaflığını təmin edən amillər sırasında bütün mərhələlərdə qanun çərçivəsində hərəkət edilməsini, seçkiyə məsul orqanların, hökumət və qeyri-hökumət rəsmilərinin müəyyən edilmiş qanun və normativlərə riayət etməsini qeyd edərək dedi: “Bəzi hökumətlər bir-birindən 180 dərəcə fərqləndiklərinə baxmayaraq, seçki arenasında hamısı dürüst və şəffaf davranıb. İnşallah, budəfəki seçkidə də elə belə olacaq”.

Daha sonra Ali Məqamlı Rəhbər dərin mənalı bir anlayış olan “həqqün-nas” – qul haqqı məfhumunun seçki müstəvisindəki aspektlərini açıqladı.

Qul haqqının müxtəlif aspektlərindən danışan Həzrət Ayətullah Xamenei əvvəlcə namizədlərin haqlarına toxundu. O dedi: “Seçkidə insanların haqqına riayət etməyin vacib olduğu sferalardan biri də budur ki, tələb və meyarlara cavab verən namizədlərin müraciəti geri qaytarılmasın, onlar üçün hər cür şərait yaradılsın və əksinə, istər Xubriqan Məclisinə, istərsə də parlamentə seçilmək üçün hüquqi meyarlara cavab verməyən şəxslərin namizədliyi lazımsız güzəşt və ya diqqətsizlik ucbatından qeydiyyata alınmasın. Bu iki məqama qarşı diqqətsizlik qul haqqına ziddir”.

“Xalqın verdiyi səslər əmanətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu əmanətin qorunması da qul haqqının digər bir aspektidir”.

O həmçinin vurğuladı: “Seçkinin icrasında, seçki prosesinə nəzarətdə, səslərin sayılmasında, toplanmasında, nəticələrin elan edilməsində iştirak edəcək bütün şəxslər xalqın verdiyi səsləri tam əmanətdarlıqla qorumalıdır. Bu məsələlərdə azacıq belə olsun pozuntuya yol verilməsi əmanətə xəyanətdir”.

Seçkinin qanuni nəticələrini dözümlülüklə qəbul etməyin qul haqqının digər bir aspekti olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Müvafiq qurumlar seçkinin nəticələrini təsdiq və elan etdikdən sonra bu nəticələrə qarşı çıxmaq qul haqqına ziddir”.

1388-ci ildə ölkədə baş tutan seçkilərdə 40 milyon insanın möhtəşəm iştirak nümayiş etdirdiyini xatırladan Həzrət Ayətullah Xamenei dedi: “O zaman bəziləri çox pis və xoşagəlməz fikirlər səsləndirərək seçkinin saxtalaşdırıldığı iddiasını ortaya atdılar və səsvermənin nəticələrinin ləğv edilməsini istədilər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz onlarla dil tapıb ortaq məxrəcə gəlmək üçün çox çalışdıq – uzun söhbətdir – dedik ki, gəlin, neçə seçki məntəqəsində istəyirsinizsə, səslər yenidən sayılsın, amma onlar tövsiyələrə məhəl qoymadılar. Çünki əvvəldən haqq sözü qəbul etmək niyyətində deyildilər”.

Həzrət Ayətullah Xamenei bütün o iddiaların və xoşagəlməz işlərin ölkəyə və xalqa çoxlu ziyan vurduğunu bildirərək dedi: “Bu ziyan indiyə qədər kompensasiya edilməyib və nə vaxt kompensasiya ediləcəyini də bilmirik!”

Söhbətinin davamında Ali Məqamlı Rəhbər imza vərəqələrinin təqdim edilməsi zamanı qul haqqının qorunması məsələsinə toxunaraq dedi: “İmza siyahılarının təqdim edilməsi zamanı qul haqqını qorumaq o deməkdir ki, bu prosesə tanışlıq, partiya tərəfdaşlığı kimi məsələlər qarışdırılmasın və imza vərəqələri həqiqətən layiqli olma meyarı əsasında hazırlansın”.

Həzrət Ayətullah Xamenei əhaliyə də namizədlər arasında seçim edərkən hansısa özəl və bəzən qeyri-sağlam məqsədlərlə yox, saf niyyət, doğruculluq və inqilaba bağlılıqla namizədliyini irəli sürən şəxslərə və partiyalara etimad göstərməyi tövsiyə edərək dedi.

Ali Məqamlı Rəhbər ölkənin imam-cümələri qarşısında seçki barədə söhbətini mühüm və mürəkkəb bir məsələ olan düşmənin yol tapıb ölkəyə nüfuz etməsi mövzusu ilə davam etdirdi.

O dedi: “Məlumatlı insanlar bilir ki, xalqın iradə və qətiyyətinin səddini yarmaq məqsədilə ölkə üçün hansı tələlər qurulub və ya qurulmaqdadır”.

“Xalqımız sayıq olmalıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Fərz edək, Xubriqan Məclisinə, parlamentə və ya hökumətin sütunu sayılan digər bir vacib quruma xarici qüvvələr tərəfindən bir ünsür yeridilərsə, termit kimi onu içindən yeyib zəiflədəcək”.

O həmçinin vurğuladı: “Düşmən ünsürlərin ölkəyə nüfuz etməsi məsələsində ayrı-ayrı şəxsləri ittiham edib konkret misallar gətirmədən ictimaiyyət arasında ümumi maarifləndirmə işi aparmaq lazımdır”.

Həddən artıq həssas bir dövrün yaşandığını xatırladan Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabı və İran xalqının düşmənlərindən ibarət geniş cəbhə daim çalışıb cürbəcür məkrli planlar cızır, çünki müxtəlif regionlarda əsl İslam ideya və məfkurəsinin genişlənməsindən ciddi təhlükə hiss edir”.

O həmçinin vurğuladı: “Əsl İslam məfkurəsi ürəkaçan səhər yeli, ətirli bir gülün rayihəsi kimi yayılaraq dünyanın müxtəlif bölgələrində güclü və effektli insanlar yetişdirib. Elə buna görə də İslamın əleyhdarları bu reallıqla mübarizə aparmaq üçün İslam Respublikasını siyasi-təbliğat hücumlarının hədəfinə çeviriblər”.

Ali Məqamlı Rəhbər xarici qüvvələrin ölkə daxilində vətəndaşları hakimiyyət əleyhinə təhrik etdiyini, İİR-ə qarşı güclü siyasi təbliğat apardığını, bu məqsədlə külli miqdarda vəsait xərclədiyini, İran cəmiyyətinin əxlaqını pozmaq üçün tələlər qurduğunu, habelə digər cürbəcür metod və üsullardan istifadə etdiyini qeyd edərək dedi: “Düşmənin yol tapıb ölkəyə nüfuz etməsinə qarşı hamımız sayıq olmalıyıq”.

Çıxışının yekunu olaraq Həzrət Ayətullah Xamenei amerikalıların İranda baş tutacaq növbəti seçkilərə tamah gözünü dikdiyini bildirərək dedi: “Bizim kimi, amerikalılar da dəyişikliklər arxasıncadır, amma biz ölkəmizi və cəmiyyətimizi İslamdan, inqilabdan uzaqlaşdıran məsafəni azaldacaq dəyişiklikləri istəyirik, onlar isə, heç şübhəsiz, İran xalqının nəzərdə tutduğu dəyişikliklərin tam əksinə olaraq, cəmiyyətimizi İslam İnqilabının ideallarından uzaqlaşdırmaq, İranı öz məqsədilərinə yaxınlaşdırmaq niyyətindədirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Bu hədəflərini reallaşdırmağa çalışan amerikalılar tamah gözünü seçkiyə dikib, amma buna baxmayaraq, böyük və sayıq İran xalqı istər seçkilərdə, istərsə də digər məsələlərdə düşmənin istəklərinin tam əksinə hərəkət edərək bu vaxta qədər olduğumu kimi, yenə də onların ağzının üstündən vuracaq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İmam-cümələrlə İş üzrə Siyasi Şuranın sədri Höccətül-İslam vəl-muslimin Təqəvi ölkə imam-cümələrinin qurultayının keçirildiyini qeyd edərək dedi: “Hazırda vətəndaşlarımızın da əməkdaşlığı ilə ölkədə 845 yerdə cümə namazları qılınır”.

“İmam Xomeyni (r.ə) və İslam İnqilabının kursunu qorumaq imam-cümələrin ən vacib vəzifəsidir” – deyən cənab Təqəvi əlavə etdi: “Hakimiyyətin 3 qolunu dəstəkləmək, əhalini maarifləndirmək, cümə namazı tribunalarını siyasi tərəfdaşlıq meyillərindən qorumaq İmam-cümələrlə İş üzrə Siyasi Şuranın ən başlıca fəaliyyət istiqamətlərindəndir”.

Görüşün sonunda Həzrət Ayətullah Xameneinin imaməti ilə zöhr və əsr namazları qılındı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /