Bu gün səhər – rəbiül-əvvəl ayının 17-si, İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək doğum günlərində hökumət rəsmiləri, Müsəlman Vəhdəti Konfransında iştirak edən qonaqlar, müsəlman ölkələrinin səfirləri və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları əzəmətli İslam peyğəmbərinin (s), habelə İmam Sadiqin (ə) mövludları münasibəti ilə təbrik edərək qeyd etdi ki, İslamın zühuru, Həzrət Peyğəmbərin (s) doğumu və besəti ilə yeni nəfəs, əsl mənəviyyat ruhu qazanan xəstə və cansız cahiliyyət dünyası yenidən dirçəlmişdir. O bildirdi ki, bu gün İslam dünyasının, özəlliklə də həqiqi ziyalıların ən vacib vəzifəsi zülm, aqresiya və qəddarlıqla dolu dünyaya böyük cihad əzmi və ciddiyyətlə əsl İslam və mənəviyyat ruhu üfürməkdir. Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün növbə məhz İslam dünyasınındır: elmi biliklərdən, dünyada geniş yayılmış texnoloji vasitələrdən, habelə ağıl, müdriklik və uzaqgörənlikdən istifadə edərək yeni İslam sivilizasiyasının formalaşdırılması istiqamətində iş görmək lazımdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam dünyasından gözlənən vəzifə ilə müqayisədə Peyğəmbərin (s) mövludunun qeyd olunması çox kiçik bir işdir. O dedi: “Bu gün İslam dünyasının vəzifəsi təkcə Peyğəmbərin (s) mövludunu və ya besətini qeyd etmək deyil. İslam dünyası böyük əzmlə yeni İslam sivilizasiyası qurmaq məqsədinə köklənməlidir”.
O, əlavə etdi: “Yeni İslam sivilizasiyası qurmaq Qərb sivilizasiyasının etdiyi kimi, ölkələri işğal etmək, insanların hüquqlarını tapdalamaq, öz əxlaq və mədəniyyətini xalqlara zorla sırımaq demək deyil. Yeni İslam sivilizasiyası ilahi fəziləti bəşəriyyətə hədiyyə edərək doğru yolu insanın özünün tapması üçün zəmin yaratmaqdır”.
Qərb dünyasının öz sivilizasiyasının bünövrəsini qoyarkən İslam dünyasının elm və fəlsəfəsindən istifadə etdiyini qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu sivilizasiya bəşəriyyətə sürətli, rahat və komfortlu yaşayış üçün cürbəcür gözəl texnoloji vasitələr təqdim etdiyinə baxmayaraq, insanlara xoşbəxtlik, səadət və ədalət bəxş etməmiş, öz daxilində də paradoksa düçar olmuşdur”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Qərb sivilizasiyası bütün zahiri parıltısı ilə bərabər bu gün ondakı əxlaqsızlıq və mənəviyyatsızlıq nöqteyi-nəzərindən puçdur. Belə ki qərblilər özləri də bu reallığı etiraf edir”.
“Bu gün artıq yeni İslam sivilizasiyasının təməlini qoymaq üçün İslam dünyasının hərəkətə keçmək növbəsidir” – deyə vurğulayan Həzrət Ayətullah Xameneiə əlavə etdi: “Bu məqsədə çatmaq üçün İslam dünyasının siyasətçilərinə ümid yoxdur və qibləsi Qərb olmayan əsl din alimləri və ziyalılar ümmət arasında maarifləndirmə işi aparmalı və bilməlidirlər ki, bu sivilizasiyanın qurulması realdır”.
Ali Məqamlı Rəhbər İslam dünyasının geniş imkanlara, o cümlədən yaxşı ərazilərə, əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və istedadlı insan potensialına malik olduğunu qeyd edərək dedi: “Bu imkanlar əsl İslam təlimləri ilə çulğaşarsa, İslam ümməti elm, texnologiya və siyasət arenasında, habelə bir çox sosial sferalarda ortaya parlaq yaradılıcılıq məhsulu qoya bilər”.
“İran İslam Respublikası belə böyük hədəflərə yetişməyin mümkün olduğuna bir nümunədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam İnqilabından əvvəl İran elmi, siyasi və ictimai cəhətdən geridə qalmış, beynəlxalq siyasətdən təcrid olunmuşdu, ölkənin işləri tamamilə xarici dövlətlərdən asılı idi. Bu gün isə İslam dininin bərəkəti sayəsində İran xalqı öz mənlik və heysiyyətini nümayiş etdirib, ölkəmiz elm, texnologiya, ən müasir elmi biliklər baxımından mühüm nailiyyətlər əldə edib, bu sahədə az sayda olan qabaqcıl ölkələrin sırasındadır”.
Bu modeli bütün İslam dünyasına tətbiq etməyin mümkün olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu mövqeyə yetişməyin şərti var, bu şərt isə super-güclərin ağır kölgəsinin xalqların başı üzərindən çəkilməsidir. Əlbəttə ki, bunun bir bədəli, bahası var, çünki bahasını ödəmədən uca amallara çatmaq mümkün deyil”.
Ali Məqamlı Rəhbər Qərb sivilizasiyasından fərqli olaraq, İslam sivilizasiyasında heç bir ölkənin zor gücünə kiminsə ağalığı altına salınmadığını qeyd edərək dedi: “Yeni İslam sivilizasiyasının təməlini qoyarkən biz gözümüzü Qərbə dikib, onların üzümüzə güləcəyinəmi, yoxsa bizə üz turşudacağınamı diqqət yetirməməliyik. Biz öz imkan və potensialımıza söykənərək düzgün kursla irəliləməliyik”.
“Düşmənin yeni İslam sivilizasiyasının bərpasına əngəl olmaq üçün istifadə etdiyi metodlardan biri də müsəlmanlar arasına konflikt salmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika rəsmilərinin və siyasət adamlarının dilinə sünni-şiə söhbəti düşən gündən prosesləri dərk edən, ağıllı insanlar narahat olmağa başladılar. Çünki onların bununla yeni, əvvəlkilərdən daha təhlükəli planlar izlədiyi aydın idi”.
Həzrət Ayətullah Xamenei Amerikanın birbaşa İslamın özünə qarşı olduğunu, onların İslamın bu və ya digər məzhəbinə tərəfkeşlik etdikləri barədə bəyanatlarına aldanmamaq lazım olduğunu vurğulayaraq dedi: “Amerikanın eks-prezidentinin 11 sentyabr hadisələrindən sonra “səlib müharibəsi” məsələsini dilə gətirərək səsləndirdiyi fikirlər əslində imperializm dünyasının İslamla müharibəsindən xəbər verirdi”.
Amerikanın hazırkı prezidentinin ABŞ-ın İslamın əleyhinə olmadığı barədə səsləndirdiyi fikirlərin reallığa zidd olduğunu və onların riyakarlığını nümayiş etdirdiyini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikanın hazırkı dövlət rəsmiləri birbaşa İslamın əleyhinədir və çıxışlarında dediklərinin tam əksinə olaraq, müsəlmanlar arasında konflikt yaranması məqsədini izləyirlər. Bunun bariz nümunəsi Amerikadan asılı qüvvələrin pulu, onların siyasi dəstəyi ilə yaradılmış, İslam dünyasında bugünkü faciələri törədən İŞİD və buna bənzər terrorçu firqələrin yaradılmasıdır”.
Amerika rəsmilərinin sünniliyi dəstəklədikləri, şiəliyin isə əleyhinə olduqları barədə səsləndirdikləri fikirləri yalan adlandıran Həzrət Ayətullah Xamenei dedi: “O cür hücumlara məruz qalan Qəzza əhalisi məgər sünni deyildi? Yaxud İordan çayının qərb sahillərində bu cür təzyiqlərlə üzləşən əhali sünni deyil?”
Amerika rəsmilərindən birinin: “Amerikanın düşməni islamçılardır” – deyə səsləndirdiyi fikrə münasibət bildirən Ali Məqamlı Rəhbər dedi: “Amerikalılar üçün sünni-şiənin fərqi yoxdur. Onlar İslam dininin hökm və qanunları əsasında yaşamaq istəyən və bunun uğrunda çalışıb-vuruşan hər bir müsəlmanın əleyhinədirlər”.
Həzrət Ayətullah Xamenei: “Amerikalıların müsəlmanlarla əsas problemi onların İslam dininin hökm və göstərişlərinə bağlılığı, İslam sivilizasiyasının qurulması uğrunda çalışmasıdır” – deyərək aşağıdakıları əlavə etdi: “Elə buna görə də islami oyanış start götürəndə onlar narahat olub təşvişə düşdülər və bu hərəkatı cilovlayıb neytrallaşdırmağa çalışdılar. Bəzi ölkələrdə buna nail oldular da, amma buna baxmayaraq, islami oyanış məhv edilməsi mümkün olan bir təzahür deyil və Allahın köməyi ilə, öz hədəflərinə çatacaq”.
İmperializm cəbhəsinin əsas hədəfinin müsəlmanlar arasında qardaş qırğını salmaq, Suriya, Liviya və Yəməndəki kimi, müsəlman ölkələrinin infrastrukturunu dağıdıb məhv etmək olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu məkrli plan qarşısında susub təslim olmaq yox, gözüaçıqlıqla, mətinliyini qoruyaraq müqavimət göstərmək lazımdır”.
İslam dünyasının Bəhreyndə müsəlmanlara qarşı təzyiqlərin davam etdirilməsi, Yəmənin artıq bir ilə yaxındır ki gecə-gündüz bombalanması, habelə Suriya və İraqda baş verən olaylar qarşısında susmasını tənqid edən Ali Məqamlı Rəhbər Nigeriyada baş vermiş son olaylara toxunaraq dedi: “Nəyə görə mömin və əməlisaleh bir şeyx belə faciəli şəkildə qətlə yetirilməli, yaxın ətrafından minə yaxın insan öldürülməli, bu adamın övladları da şəhid edilməli, amma İslam dünyası susmalıdır?”
O vurğuladı: “İslam düşmənlərinin izlədiyi hədəflər olduqca təhlükəlidir. Biz hamımız sayıq və gözüaçıq olmalıyıq. Bu arada, müsəlman alimlərinin və İslam dünyasının həqiqi ziyalılarının öhdəsinə də xalq, eləcə də vicdanı oyaq olan siyasətçilərlə söhbətlər aparıb həqiqətləri bəyan etmək vəzifəsi düşür”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sərvət və zorakılıq dünyası var gücü ilə İslam dünyası əleyhinə təhlükəli planlar cızdığı bir vaxtda heç kəsin bir anlıq belə olsun yuxuya keçib reallıqdan bixəbər qalmağa haqqı yoxdur”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı cənab Ruhani iştirakçıları Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günləri münasibətilə təbrik edərək İslam peyğəmbərinin (s) əxlaq və ləyaqət nümunəsi olduğunu qeyd etdi. O dedi: “Həzrət Məhəmməd (s) bəşəriyyətə vəhdət, birlik və qardaşlıq dərsini ərməğan gətirmişdir”.
“Bu gün əzəmətli İslam peyğəmbərinin (s) göstərişlərinə əməl edib onun yolu ilə getməyə hər zamankından daha çox ehtiyac duyuruq” – deyən ölkə başçısı əlavə etdi: “Biz xalqımızın birliyi, dahi rəhbərimizin istiqamətləndirmələri sayəsində dünyanın böyük dövlətləri qarşısında qələbə çaldıq və bu zəfər davam edəcək”.
Qarşıda iki: parlament və Xubriqan Məclisinə seçkilərin gözləndiyini qeyd edən cənab Ruhani bu seçkilərin İranın dünyadakı əzəməti üçün sınaq olduğunu bildirdi. O dedi: “Biz hamımız bu seçkidə ölkəmizin və İslam dövlətimizin qələbəsini düşünməliyik”.
İran xalqının 1388-ci il 9 dey günü həyata keçirdiyi tarixi qəhrəmanlığa da toxunan cənab Ruhani dedi: “9 dey İran xalqının Peyğəmbər (s) xanədanının, öz dövlətçiliyinin, qanunçuluğunun, dini hökumətin və vəli-fəqihin müdafiəsinə qalxdığı gün idi”.
Ölkə başçısı əlavə etdi: “Ali Məqamlı Rəhbərin irəli sürdüyü proqram və tədbirlər sayəsində bu gün İran İslam Respublikasının təhlükəsizliyi təmin olunub. Bu nemətin şükrünü yerinə yetirmək üçün daha da sıx birləşmək, müsəlman ölkələrini terror və xarici müdaxilədən xilas etmək üçün İslam dünyasına yardım etmək lazımdır”.
Düşmənlərin İslam dünyasında qardaş qırğını saldığını qeyd edən cənab Ruhani vurğuladı: “Böyük müsəlman ölkələri bir araya gəlib müsəlmanların ümumi problemləri haqda düşünsəydi, regiondakı problemlər asanlıqla həllini tapardı”.
O, bəzi müsəlman ölkələrinin iqtisadi və mədəni sferalarda bir-biri ilə əməkdaşlıq etmək əvəzinə, regiondan kənar dövlətlərlə əməkdaşlıq etdiyinə toxunaraq dedi: “Təəssüfləndirici bir haldır ki, bir ölkə başqa bir xalqın siyasi uğurlarından narahat olur və İslam dünyasının siyasi sərmayəsini çox ucuz qiymətə yadellilərin ixtiyarına verir”.
Ölkə başçısı əlavə etdi: “Neftin qiymətinin ucuzlaşmasında ən çox rol oynamış ölkə hazırda gələn il üçün büdcəsini 100 milyard dollar kəsirlə müəyyən edib. Bu onu göstərir ki, “başqasına quyu qazan özü düşər”.
Mərasimin sonunda Vəhdət Konfransında iştirak edən qonaqlardan bir qrupu Ali Məqamlı Rəhbərlə yaxından görüşdü.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir