Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasının məntiqi bütün xalqlarla əməkdaşlıq etməkdən ibarətdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Macarıstan Respublikasının baş naziri cənab Viktor Orban ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə İran və Macarıstan arasında bir sıra sferalarda əməkdaşlıq üçün əlverişli zəmin olduğunu qeyd etdi. O, İran İslam Respublikasının məntiqinin xalqlarla normal münasibətlər quraraq əməkdaşlıq etmək olduğunu bildirərək dedi: “Macarıstan dövlətinin “Asiyaya yanaşma” ilə bağlı elan etdiyi siyasət düzgün bir siyasətdir və əməkdaşlıqların artırılmasına yol aça bilər”.

Görüş zamanı Ali Məqamlı Rəhbər İran və Macarıstan arasında iqtisadi və qeyri-iqtisadi münasibətlərin səviyyəsinin aşağı olmasını uyğunsuz bir hal kimi dəyərləndirərək dedi: “İran xalqının zehnində Macarıstanla bağlı heç bir xoşagəlməz xatirə yoxdur. Sizi müşayiət edən nümayəndə heyətində yüksək ranqlı rəsmilərin təmsil olunduğunu nəzərə alaraq ümidvar olduğumu bildirmək istəyirəm ki, qəti iradə nümayiş etdirəcəyimiz halda bu səfər ölkələrimiz arasında əməkdaşlıqların artırılması üçün bir başlanğıc olacaq”.

“İran İslam Respublikasının məntiqi bütün insanlar və xalqlarla əməkdaşlıq etməkdən ibarətdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, konkret səbəblərə görə istisnalar da var, amma bu xüsusi hallardan başqa, bütün digər hallarda biz səmimi emosiyaları və şərəfli siyasəti səmimi hisslərlə cavablandırırıq”.

Cənab Viktor Orbanın “ölkələrarası əməkdaşlığın əsasında xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşma durmalıdır” fikrini təsdiqləyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İqtisadiyyat, elm, mədəniyyət və iqtisadiyyat sahələrində mübadilələr və qarşılıqlı əməkdaşlıq üçün prinsipial struktur və mexanizm yaradılmalıdır”.

“Ədavət və kin-küdürətin böyük qisminin mənşəyi doğru-dürüst və qarşılıqlı tanışlığın olmamasıdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu gün dünyaya hakim olan təbliğat atmosferində reallıqlar fərqli təqdim olunur. Belə dumanlı və anlaşılmaz şəraitdə yaşamaq isə bəşəriyyətin ziyanına nəticələnir”.

Ali Məqamlı Rəhbər İran İslam Respublikası tərəfindən İslam dünyası ilə xristianlar arasında müsbət və mehriban dialoqun bərqərar olunduğunu bildirərək dedi: “Bu fürsətlərdən müştərək cəhətlərin artırılması və həqiqətlərin aydınlaşdırılması üçün istifadə olunması düzgün dərk və tanımaya doğru atılan bir addım və eyni zamanda İslam dininin göstərişlərindəndir”.

“Son 40 ildə İslam İnqilabı əleyhinə aparılan geniş təbliğat dünya media orqanlarının həqiqətlərə riyakar yanaşmasının daha bir göstəricisidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ziyalılar, mütəfəkkirlər arasında dialoq və gediş-gəlişin olması həqiqətlərin aydınlaşmasına xidmət edir və bu işin xeyrinədir. Buna görə də biz bu kimi mübadilələri alqışlayırıq”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Qərb ölkələrində iqtisadiyyat və müdafiənin müxtəlif sferaları, mənəvi böhran və mədəni problemlərin müşahidə olunması baxımından vəziyyətin heç də ürəkaçan olmadığını qeyd edən Macarıstan baş nazirinin bu fikirlərini reallığa yaxın və məharətli bir dəyərləndirmə kimi xarakterizə edərək dedi: “Qərbin bəzi canıyanan mütəfəkkirləri artıq illərdir ki, bu təhlükənin fərqinə vararaq onunla bağlı xəbərdarlıqlar etmişlər”.

O, əlavə etdi: “Əlbəttə ki, bu gün istər Avropa, istərsə də Amerikada gənclərin aparıcı rolu ilə sakit, hiss olunmayan bir mənəvi oyanış formalaşır və ola bilsin, gələcəkdə Avropa maddi, elmi və texnoloji inkişafını mənəviyyatla paralel apara biləcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /