İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qərb ölkələrindəki gənclərə ünvanladığı ikinci məktubda Fransada baş vermiş acı terror olaylarının həmrəylik üçün zəmin yaratdığını qeyd edir. O, dünyanın bəzi super-dövlətləri tərəfindən himayə edilən terrorun İslam dünyasında doğurduğu acı nəticələrə, İsrailin dövlət terroruna dəstək verməsinə, İslam dünyasına son illərdə hərbi qüvvə yeridilməsinə və bunun böyük xəsarətlərlə müşayət olunmasına nümunələr sadalayaraq gənclərə xitabən deyir: “Siz gənclərdən istədiyim odur ki, düzgün məlumatlanma əsasında, iti gözlə, yaşadığınız xoşagəlməz təcrübələrdən istifadə edərək İslam dünyası ilə düzgün və şərəfli bir qarşılıqlı əməkdaşlığın əsasını qoyasınız”.
Ali Məqamlı Rəhbərin məktubunun tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Sözüm Qərb ölkələrində yaşayan bütün gənclərədir.
Kor terrorun Fransada törətdiyi acı olaylar məni siz gənclərə bir daha müraciət etməyə sövq etdi. Bu cür olayların müzakirə mövzusu olması mənim üçün son dərəcə təəssüfləndiricidir, amma reallıq budur ki, faciəvi hadisələr həmfikirlik, birgə çıxış yollarının düşünülməsi üçün zəmin yaratmazsa, gələcəkdə üzləşəcəyimiz xəsarət ikiqat ola bilər. Dünyanın istənilən yerində istənilən insanın çəkdiyi əziyyət özü-özlüyündə onunla eyni növdən olanlar – bəşər övladları üçün kədərvericidir. Əzizlərinin gözü önündə can verən körpənin, ailəsinin sevinci matəmə çevrilmiş ananın, həyat yoldaşının cansız cəsədini tələsik bir kənara çəkən ərin, yaxud bir neçə dəqiqədən sonra öz həyat tamaşasının son səhnələrinə baxacağından xəbərsiz olan tamaşaçının görüntüsü insanın hiss və emosiyalarına təsir göstərməyəcək mənzərələr deyil. İnsanlıq və sevgidən nəsibini almış hər kəs bu səhnələri görərkən təsirlənərək kədərə boğulur; istər bütün bunlar Fransada baş versin, istərsə də Fələstində, İraqda, Livanda və ya Suriyada. Sözsüz ki, milyard yarım müsəlman bu hissləri keçirir və bu faciəni törədənlərə, onun səbəbkarlarına qınaq və nifrətlə yanaşır. Amma məsələ bundadır ki, əgər bu gün yaşanan faciələr daha yaxşı və təhlükəsiz sabahların qurulması üçün zəmin yaratmazsa, yalnız acı və faydasız xatirəyə çevriləcək. Mən inanıram ki, yalnız siz gənclər bu gün yaşanan xoşagəlməz olaylardan dərs götürməklə gələcəyi qurmağın yeni yollarını tapa biləcək, Qərbi bugünkü nöqtəyə gətirib çıxarmış dolanbac yolların qarşısına sədd çəkəcəksiniz.
Doğrudur, bu gün terror sizin və bizim ortaq dərdimizdir, amma bilməlisiniz ki, son olayda yaşadığınız iztirab və asayiş pozuntusunun İraq, Yəmən, Suriya və Əfqanıstan xalqlarının uzun illərdir ki, mütəmadi olaraq çəkdiyi əziyyətdən iki əsas fərqi var: birincisi, İslam dünyası dəfələrlə geniş miqyasda, daha acınacaqlı bir formada və daha uzun müddət ərzində aqressiya və terrorun qurbanı olmuşdur, ikincisi isə, təəssüflər olsun ki, bu zorakılıq dünyanın bəzi böyük dövlətləri tərəfindən cürbəcür metodlarla və çox effektiv surətdə dəstəklənmişdir. Bu gün “Əl-qaidə”, “Taliban” və onların məşum ardıcıllarının yaradılmasında, gücləndirilməsində və silahlandırılmasında ABŞ-ın rolu olduğundan xəbərsiz olan çox az adam tapılar. Bu birbaşa havadarlıqdan əlavə, təkfirçi terrorizmin açıq və bəlli himayəçiləri ən geridəqalmış siyasi quruluş modelinə malik olduqlarına baxmayaraq, həmişə Qərbin müttəfiqləri sırasında yer alır, halbuki regiondakı canlı xalq hakimiyyətlərinin ortaya çıxardığı ən mütərəqqi və aydın beyinlər rəhimsizcəsinə əzilərək təzyiqlərə məruz qalır. Qərbin İslam dünyasındakı oyanışa ikili standartlardan yanaşması Qərb siyasətindəki təzadlara nümunədir.
Bu təzadın digər bir nümunəsini İsrailin həyata keçirdiyi dövlət terrorunun dəstəklənməsində görmək olar. Məzlum Fələstin xalqı 60 ildən çoxdur ki, terrorun ən pis formasına məruz qalır. Bu gün Avropa əhalisi bir neçə günlük evindən çölə çıxmamağa, sıxlıq olan ictimai yerlərə getməkdən çəkinməyə məcbur olursa, bir fələstinli ailəsi artıq 10 ildir ki, hətta öz evində belə özünü öldürücü və dağıdıcı İsrail maşınından təhlükəsizlikdə hiss etmir. Bu gün aqressivlik dərəcəsi baxımından hansı terroru İsrailin işğal edilmiş Fələstin torpaqlarında yeni yaşayış qəsəbələri salması ilə müqayisə etmək olar? Heç vaxt öz nüfuzlu müttəfiqlərinin, yaxud ən azından üzdə müstəqil görünən beynəlxalq qurumların ciddi və təsirli qınağı ilə üzləşməmiş bu rejim hər gün fələstinlilərin evlərini viran qoyur, bağ və tarlalarını məhv edir, hətta vacib əşyalarını çıxarmağa, yaxud məhsulunu toplamağa macal vermir. Və bütün bunlar əksər hallarda öz ailə üzvlərinin vurulmasını və yaralanmasını, bəzən isə dəhşətli işgəncələrə məruz qalacaqları həbsxanalara aparılmasını müşahidə edən qadın və uşaqların qorxu və vəhşət dolu, yaşlı gözləri qarşısında baş verir. Müasir dünyada bu miqyasda və səviyyədə, belə uzun müddət davam edən bir terror tanıyırsınızmı? Günahı yalnız təpədən dırnağa qədər silahlanmış əsgərə etiraz etmək olan bir qadını küçənin ortasında atəşə tutmaq terror deyilsə, bəs nədir? Bu barbarlığı işğalçı bir dövlətin silahlı qüvvələri törədir deyə ekstremizm adlanmamalıdır? Yoxsa bəlkə, bu təsvirlər artıq 60 ildir dönə-dönə ekranlarda nümayiş olunduğuna görə daha bizim vicdanımızı tərpətməməlidir?
İslam dünyasına son illər ərzində qoşunların yeridilməsi də Qərbin təzadlı məntiqinin daha bir göstəricisidir; hansı ki bunun özü də saysız-hesabsız qurbanlara səbəb olmuşdur. Hücuma məruz qalan ölkələr insan tələfatından əlavə, iqtisadi və sənaye infrastrukturunu da itirmiş, onların inkişaf və yüksəlişə doğru irəliləyişi durdurulmuş, yaxud ətalətlə üzləşmiş, müəyyən məqamlarda on illərlə geri düşmüşlər. Buna baxmayaraq həyasızcasına onlardan istəyirlər ki, özlərini zülmə məruz qalmış hesab etməsinlər. Bir ölkəni xarabalığa çevirib, şəhərlərini, kəndlərini yerlə yeksan edib, sonra necə demək olar ki, “xahiş edirik, zülmə məruz qaldığınızı düşünməyəsiniz”?! Yaşanan faciələri dərk etməməyə, yaxud unutmağa dəvət etmək əvəzinə, səmimi üzrxahlıq etmək daha yaxşı deyilmi? Bu illər ərzində İslam dünyasının ona hücum edənlərin ikiüzlülüyündən, maskalanmasından çəkdiyi əziyyət üzləşdiyi maddi ziyandan heç də az deyil.
Əziz gənclər! Ümidvaram ki, siz indi və ya gələcəkdə bu yalana qarışıq düşüncə tərzini dəyişəcəksiniz; o düşüncə tərzi ki, ustalıqla öz uzaq hədəflərini gizlədir, riyakar məqsədlərinə gözəl don geydirir. Məncə, asayiş və təhlükəsizliyin təmin edilməsində ilk etap terror və zorakılığa yol açan bu düşüncənin islah edilməsi olmalıdır. Nə qədər ki Qərbin siyasətinə ikili standartlar hakim olacaq, və nə qədər ki terror onu himayə edən güclü dövlətlər üçün “yaxşı” və “pis” olaraq 2 qrupa bölünəcək, və nə qədər ki ayrı-ayrı dövlətlərin mənafeyi insani dəyərlərdən və əxlaqdan üstün tutulacaq, zorakılığın kökünü başqa yerdə axtarmaq lazım deyil.
Təəssüf ki, bu köklər ardıcıl olaraq uzun illər boyu Qərbin mədəni siyasətinin də dərinliklərinə işləyərək səssiz-səmirsiz gedən, yumşaq bir hücuma yol açıb. Dünya ölkələrinin çoxu öz yerli, milli mədəniyyəti ilə fəxr edir; o mədəniyyətlərlə ki, inkişaf edib çiçəklənməklə yanaşı, yüz illərlə bəşər cəmiyyətinə layiqincə mənəvi qida olmuşlar. İslam dünyası da bu sıradan istisna olmamışdır, amma müasir dövrdə Qərb dünyası ən son texnologiyadan istifadə edərək dünyanın mədəni cəhətdən eyniləşdirilməsinə, klonlaşdırılmasına israr edir. Mən Qərb mədəniyyətinin başqa xalqlara zorla aşılanmasını, müstəqil mədəniyyətlərə həqarət gözü ilə baxılmasını səssiz-səmirsiz gedən, lakin çox ziyanlı bir zorakılıq hesab edirəm. Zəngin mədəniyyətlər aşağılanır, onların ən önəmli hissələri təhqir edilir, halbuki qarşılığında təqdim edilən mədəniyyət əsla onların alternativi olmaq potensialına malik deyil. Məsələn, Qərb mədəniyyətinin, təəssüflər olsun ki, əsas komponentlərinə çevrilmiş aqressiya və əxlaqsızlıq onun hətta baş qaldırdığı yerlərdə belə, mövqeyini və qəbul olunma göstəricisini aşağı salmışdır. Burada belə bir sual ortaya çıxır: əgər biz hücumçu, vulqar, mənasız bir mədəniyyəti istəmiriksə, günahkarıq? Cürbəcür psevdo sənət məhsulları formasında gənclərimizin üstünə gələn dağıdıcı selin qarşısını alırıqsa, müqəssirik? Mən mədəni əlqələrin dəyər və əhəmiyyətini inkar etmirəm. Bu əlaqələr təbii şəkildə, gətirilən mədəniyyəti qəbul edən cəmiyyətə ehtiramla paralel surətdə qurulduğu zaman, daim özü ilə inkişaf, yüksəliş və zənginləşməni ərməğan gətirib. Əksinə, zorla aşılanan, yad mədəni əlaqələr isə uğursuz və ziyanlı olub. Son dərəcə təəəsüflə qeyd etməliyəm ki, İŞİD kimi alçaq qruplaşmalar kənardan gətirilən yad mədəniyyətlərlə belə uğursuz uzlaşmaların törəməsidir. Əgər problemin kökündə, doğrudan da, dini ideologiya dursaydı, müstəmləkə əsrindən əvvəl də İslam dünyasında analoji təzahürlər müşahidə olunmalı idi, halbuki tarix bunun əksinə şahidlik edir. Danılmaz tarixi mənbələr açıq-aydın göstərir ki, bu regionda ekstremizmin əsası müstəmləkəçilik düşüncəsinin cəmiyyət tərəfindən qəbul edilməyən, ifratçı, özü də bədəvi bir qəbiləyə xas bir düşüncə tərzi ilə uzlaşması nəticəsində qoyulmuşdur. Əks halda necə ola bilər ki, dünyanın ən humanist və etik dinlərindən biri olan, öz fundamental təlimlərində bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər bilən bir dindən İŞİD kimi bir tullantı ərsəyə gəlsin.
Digər tərəfdən, soruşmaq lazımdır ki, Avropada böyüyüb boya-başa çatmış, mənəvi-psixoloji cəhətdən o mühitdə yetişmiş insanları bu cür qruplaşmalara çəkib gətirən nədir? İnanmaq mümkündürmü ki, insanlar müharibə bölgələrinə bir-iki dəfə səfər etməklə birdən-birə öz həmvətənlərini gülləbaran edəcək həddə ekstremizmə qapılsınlar? Burada insan mənəviyyatının bir ömür boyu mədəni cəhətdən qeyri-sağlam, zorakılıq doğuran, aqressiv bir mühitdə yetişməsinin təsirini əsla yaddan çıxarmaq olmaz. Bu sahədə cəmiyyətdəki aşkar və gizli çirkinlikləri üzə çıxaracaq kompleks təhlil aparmaq lazımdır. Ola bilsin, sənaye və iqtisadiyyatın çiçəkləndiyi illər boyunca cəmiyyətdəki qeyri-bərabərlik və yəqin ki, hüquqi və struktur ayrı-seçkilik nəticəsində Qərb ictimaiyyətinin müxtəlif təbəqələrinin qəlbində dərin kök salmış nifrət müəyyən düyünlər yaradıb və zaman-zaman onlar belə paranoik formada açılır.
Hər halda, məhz siz öz cəmiyyətinizin zahiri qatlarının arxasına nüfuz etməli, kin-küdurət və düyünləri tapıb üzə çıxararaq aradan qaldırmalısınız. Çatları dərinləşdirmək əvəzinə, təmir etmək lazımdır. Terrorla mübarizədə ən böyük səhv mövcud uzaqlığı daha da artıracaq tələsik reaksiyalar verməkdir. Avropa və Amerikada yaşayan milyonlarla fəal və məsuliyyətli müsəlmanın təcrid olunmasına, qorxu və narahatlıq keçirməsinə, öz təməl hüquqlarından əvvəlkindən də artıq məhrum olmasına və ictimaiyyətdən kənarlaşdırılmasına səbəb olacaq istənilən tələsik və emosional davranış nəinki problemi həll etməyəcək, əksinə uzaqlığı daha da artıracaq, kin-küdurəti daha da dərinləşdirəcək. Dərhal reaksiya verilərək görülən səthi tədbirlər – xüsusilə də əgər hüquqi status alarsa – mövcud qütbləşməni daha da artırmaqdan, gələcək böhranlara yol açmaqdan başqa heç bir fayda verməyəcək. Aldığımız məlumata görə, bəzi Avropa ölkələrində vətəndaşları müsəlmanların əleyhinə casusluğa vadar edən müəyyən qanunlar qəbul olunub. Bunlar zülmkar davranışlardır və hamımız bilirik ki, zülm sonda istər-istəməz bumeranq effekti verir. Bundan başqa, müsəlmanlar belə nankorluğa layiq deyillər. Qərb dünyası əsrlərdir ki, müsəlmanları yaxşı tanıyır. Qərblilər həm müsəlman torpaqlarında qonaq olub ev sahibinin sərvətinə göz dikdikləri gün, həm də başqa bir vaxt özləri ev sahibliyi edib müsəlmanların düşüncə və əməyindən bəhrələndikləri zaman əksər hallarda mehribanlıq və tolerantlıqdan başqa bir şeylə üzləşməyiblər. Odur ki mənim siz gənclərdən istədiyim odur ki, düzgün məlumatlanma əsasında, iti gözlə, yaşadığınız xoşagəlməz təcrübələrdən istifadə edərək İslam dünyası ilə düzgün və şərəfli bir qarşılıqlı əməkdaşlığın əsasını qoyasınız. Belə olarsa, yaxın gələcəkdə belə bir bünövrə üzərində qurduğunuz binanın öz memarlarının üzərinə etimad və arxayınlıq kölgəsi saldığını, onları sabitlik və təhlükəsizliyin istisinə qızdırdığını görəcək, bütün dünyaya ümid və işıqlı gələcək şəfəqləri saçdığının şahidi olacaqsınız.
Seyid Əli Xamenei
8 azər 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir