Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Biz Fələstin xalqının hərəkatını bütün varlığımızla, hər cür və gücümüz çatan günə qədər dəstəkləyəcəyik

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bəsic qüvvələrinin 2500 nəfər komandiri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə bəsicin bütün xalqın bərəkətli və çiçəklənən təmsilçisi olduğunu qeyd etdi. O, Amerikanın İran xalqına qarşı işlətdiyi düşmənçilik metodlarını açıqlayaraq aşağıdakıları vurğuladı: “İran xalqı imperializm cəbhəsi ilə öz kimlik və suverenliyini tələb edən cəbhə arasındakı real qarşıdurma və müharibədə məzlumları, xüsusilə də qəhrəman Fələstin xalqını, İordan çayının qərb sahilində gedən xalq müqavimət hərəkatını dəstəkləməkdə öhdəsinə düşən vəzifələri yerinə yetirəcək”.

Görüş iştirakçılarını 5 azər – bəsic qüvvələrinin təsis edilməsi barədə fərman verilməsinin ildönümü ilə əlaqədar təbrik edən Ali Məqamlı Rəhbər bəsici İmam Xomeyninin (r.ə) hünəri, təşəbbüskarlıq sayəsində ortaya çıxmış mübarək bir təzahür adlandıraraq dedi: “Diktaturaya qarşı mübarizə dövründə müqavimət dəstələrinin təşkil edilməsi praktikası bəzi başqa ölkələrdə də olmuşdur, amma bu dəstələrin qələbədən sonra da qorunub saxlanması, daha da çiçəklənməsi, kəmiyyət və keyfiyyət baxımından inkişaf etməsi yalnız bəsicə aiddir”.

Bəsicin dəqiq tərifini verən Həzrət Ayətullah Xamenei dedi: “Bəsic xalqın içindən çıxıb, bütövlükdə xalqı təmsil edir. Bəsicilər xalqın uca ilahi amalları rəhbər tutub, ehtiyac duyulan hər bir meydanda yorulmaq bilmədən iştirak edən, istedadını üzə çıxaran və bu yolda üzləşə biləcəyi təhlükələrdən qorxmayan nümayəndələridir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, bəsicilərin timsalında xalqın bir çox istedadlı övladlarının aşkara çıxıb inkişaf etməsi bu strukturun heyrətamiz reallıqlarındandır. O həmçinin dedi: “Müqəddəs Müdafiə dövrünün böyük, adlı-sanlı komandirlərindən əlavə, elm və texnologiya sferasında da, şəhid olmuş nüvə alimlərimiz kimi, böyük işlər həyata keçirmiş və bu gün də keçirməkdə olan görkəmli şəxsiyyətlər faktiki olaraq bəsici olmuşlar və bəsicidirlər”.

Bəsicə xas mühüm xüsusiyyətlərdən birinin də hərbi sfera, elm, texnologiya, incəsənət, mədəniyyət və müqavimət iqtisadiyyatı kimi müxtəlif sahələrdə fəal iştirak olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən dövlət rəsmilərinə tapşırmışam ki, müqavimət iqtisadiyyatında bəsicin potensialından istifadə etsinlər, amma bəsic zabitləri ehtiyatlı olmalıdırlar, çünki maliyyə və iqtisadiyyat məsələləri düşmənin tələlərindən olan, azdırıcı məsələlərdir”.

“Bəsicin müxtəlif sferalarda iştirak etməkdə məqsədi qəddar, hiyləgər, saxtakar və şeytansifət düşmən qarşısında xalqın inqilabi ideya və dəyərlərini, milli kimliyini qorumaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün ABŞ dövləti imperializmin İran xalqına qarşı düşmənçiliyinin təcəssümüdür”.

Ali Məqamlı Rəhbər hazırda dünya arenasında əsas qarşıdurmanın Amerika başda olmaqla imperialist siyasət yürüdən cəbhə ilə İran İslam Respublikasının mehvər simasında çıxış etdiyi, dəyərləri, milli istiqlal və kimliyi rəhbər tutan cəbhə arasında getdiyini vurğulayaraq dedi: “İmperialistlər siyasi qurum və təşkilatlardan əlavə, sionistlərə məxsus nəhəng şirkət və holdinqlərdən aldıqları güclü maliyyə imkanlarından da faydalanır. İmperializm cəbhəsi, faktiki olaraq bu 3 elementdən: pul, zorakılıq və hiylədən istifadə etməklə ardıcıl olaraq öz xeyrinə planlar qurmaqdadır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializmin siyasi-diplomatik qurumlarının hiyləgərliyi bundan ibarətdir ki, üzünüzə gülüb sizi qucaqladıqları halda, arxadan xəncəri ürəyinizə saplayırlar”.

İmperializmin istər sərt, istərsə də yumşaq düşmənçiliyinə qarşı həmişə sayıq olmaq lazım olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Yumşaq müharibədə olduqca önəmli mövzulardan biri də düşmənin “yol tapır nüfuz etmək” planından istifadə etməsidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəziləri düşmənin yol tapıb ölkəyə nüfuz etməsi mövzusunun gündəmə gəlməsinə reaksiya verərək bu məsələdən partiya maraqları üçün istifadə olunduğunu deyirlər.Əlbəttə, əgər kimsə bundan partiya maraqları üçün istifadə edirsə, bu, səhv bir hərəkətdir, amma bu söz-söhbətlər düşmənin ölkəyə nüfuz etməsi mövzusunun özünün ikinci plana keçərək diqqətdən yayınmasına səbəb olmamalıdır”.

O vurğuladı: “Əsas odur ki, düşmənin bu istiqamətdə planlar cızdığını bilək və buna inanaq”.

Ali Məqamlı Rəhbər bu təzahürü planlaşdıranların iki əsas metoddan istifadə etdiyini qeyd etdi: konkret situasiyalarda nüfuz etmə və bütöv bir cərəyan olaraq, şəbəkə şəklində nüfuz etmə.

Konkret situasiyalarda nüfuz etmənin hazırda və keçmişdə çoxlu nümunələri olduğunu bildirən Həzrət Ayətullah Xamenei bu metodu daha ətraflı şərh edərkən dedi: “Siyasi sferada, hökumət strukturlarında, hətta dini qurumlarda uzunillik keçmişi olan bu metoddan istifadə edən düşmən ünsürlər danışıqlarında və davranışlarında maskalanaraq dost sifətində  yol tapıb nəzərdə tutulan konkret insanların evlərinə, yaxud qurum və təşkilatlara daxil olurlar”.

Konkret situasiyalarda nüfuz etmədə əsas məqsədin informasiya toplamaq, casusluq olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Burada izlənən daha mühüm hədəf  qəbul edilən qərarları istiqamətləndirməkdir”.

O, əlavə etdi: “Burada düşmən ünsür hər hansı bir rəsmi şəxsin, yaxud ölkə və cəmiyyətdə gedən proseslərə təsir gücünə malik olan insanın müxtəlif məsələlərə baxışını dəyişməyə çalışır. Məqsəd isə həmin insanı düşmənin istəyinə uyğun qərar qəbul etməyə, yaxud addım atmağa sövq etməkdir”.

Bütöv bir cərəyan olaraq, şəbəkə formasında həyata keçirilən nüfuz etmənin digər metodlardan daha təhlükəli olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu metodda düşmən idealları, inancları və nəticə etibarilə həyat tərzini dəyişmək üçün əsasən iki vasitədən: pul və cinsi maraqlardan istifadə edərək ölkə içərisində, əhali arasında şəbəkə qurur”.

O həmçinin vurğuladı: “Qat-qat təhlükəli olan bu cərəyan şəklində nüfuz etmədə bir qrup insan cürbəcür metodlarla yanlış bir məqsəd ətrafında birləşdirilir ki, tədricən onların müxtəlif məsələlərə yanaşması dəyişdirilərək düşmənin yanaşmasına uyğunlaşdırılsın”.

Yanaşmada baş verən bu dəyişikliyin ideallarda, inanclarda və dəyərlərdə də dəyişikliyə yol açdığını bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu minvalla yadelillər heç bir təhlükə ilə üzləşmədən, kimlikləri məlum olmadan ölkədə öz hədəflərini gerçəkləşdirirlər”.

“Rəsmilər, rəhbər işçilər, görkəmli simalar və ölkəmiqyaslı qərarların qəbuluna təsir gücünə malik olan insanlar düşmənin nüfuz etmə planının konkret hədəfləridir” – deyən Həzrət Ayətullah Xamenei bir daha vurğuladı: “Kimlərinsə bu mövzudan partiya maraqları üçün sui-istifadə edəcəyi ehtimalı ilə düşmənin ölkə içərisinə nüfuz etməsi məsələsini, bunun əhəmiyyətini arxa plana keçirmək olmaz”.

İkinci-üçüncü dərəcəli məsələlərin qabardılmasının düşmənin ölkəyə nüfuz etməsinə yardımçı olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu olayda dəyərlərə, mlli-mənəvi orijinallığa önəm verən, bu kimi məsələlərin üzərində israr edən bəzi şəxslər ifratçılıqda, ekstremizmdə ittiham olunur və bu yolla onların susub geri çəkilməsi, dəyər və idealların tədricən arxa plana keçməsi sayəsində düşmənin ölkəyə nüfuz etmə planının gerçəkləşməsi üçün zəmin yaradılır”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei bəsici ekstremizmdə suçlayıb sıxışdıran ayrı-ayrı şəxsləri və cərəyanları kəskin tənqid edərək dedi: “Mən onların bunu bilə-bilə etdiklərini demirəm, amma bu ittihamlarla onlar istər-istəməz bəsicin möhkəm bünövrəsini zəiflədir, yol tapıb ölkəyə nüfuz etməyə çalışan düşmənin bu təhlükəli planının dəyirmanına su tökürlər”.

İnqilabın əsas dəyər və prinsiplərini müdafiə edən insanları müxtəlif tribuna və postlardan istifadə edərək sıxışdırıb zəiflətməyə çalışanlara öz nəsihətamiz tövsiyəsini verən Ali Məqamlı Rəhbər dedi: “İnqilabın, İmam Xomeyninin (r.ə) dəyişməz prinsip və dəyərlərindən danışan hər kəs partiya təəssübkeşliyi və ifratçılıq kimi ittihamlara məruz qalmamalıdır”.

Çıxışının digər hissəsində bəsicin yüksəliş və çiçəklənməsindən, effektivliyindən və davamlı xeyir-bərəkət qaynağı olmasından danışan Ali Məqamlı Rəhbər dedi: “Bəsicin gələcəyi parlaqdır, amma köklü-köməcli bəsic ağacını özəlliklə daxildən təhdid edən bəlalara qarşı diqqətli olmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, lovğalıq, lovğalıqdan doğan qəflət, dünya malına görə bir-biri ilə yarışa girmək bəsicilərin tam diqqət və ehtiyatla yanaşmalı olduqları daxili bəlalardandır.

Bəsic üçün prioritet olan məsələlərə toxunan Ali Məqamlı Rəhbər təqva və gözüaçıqlığı vurğulayaraq dedi: “Ölkənin daxili arenasını, düşmənin izini, daxildən möhkəmlənmək üçün münasib məqamları yaxşı dərk etməli, İran xalqının region və dünyada yüksək və qürurverici mövqeyə malik olduğunu bilməliyik”.

Hazırlıq səviyyəsini günü-gündən artırmağın bəsic üçün digər bir prioritet olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bir imperializm cəbhəsi ilə öz dəyərlərini və suverenliyini qorumaq istəyən cəbhə arasındakı qarşıdurmada bitərəf qala bilmərik. Buna əsasən, İran İslam Respublikasının regionda gedən müxtəlif proseslər, özəlliklə də Fələstin problemi, Bəhreyn, Yəmən, Suriya və İraq məsələlələri ilə bağlı ortaya qoyduğu mövqe tamamilə aydın və məntiqlidir”.

“İmperializm cəbhəsinin əsas məqsədi Fələstin ideyasını unutdurmaqdır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm cəbhəsinin bütün səylərinə və hətta Qərb dövlətlərinin də havadarlığına baxmayaraq, İordan çayının qərb sahillərində Fələstin xalqının müqavimət hərəkatı start götürmüşdür”.

Ali Məqamlı Rəhbər imperializmin sərəncamında olan medianın Fələstin məsələsini işıqlandırarkən zülmkar davrandığını qeyd edərək dedi: “Bu media orqanları vətəninin işğalına, ev-eşiyinin dağıdılmasına etiraz olaraq yerdən bir daş götürüb atan insanları terrorçu adlandırır! Fələstinlilərin həyatını və şərəfini məhv edənləri isə dəstəkləyərək: “Özlərini müdafiə edirlər” – deyir”.

O, əlavə etdi: “Məgər Fələstin məsələsinə belə bir yanaşma yanından etinasız şəkildə asanlıqla ötüb keçiləsi qədər kiçik bir səhv və zülmdür?”

Həzrət Ayətullah Xamenei qətiyyətlə vurğuladı: “Biz Fələstin xalqının hərəkatını bütün varlığımızla, hər cür və gücümüz çatan günə qədər dəstəkləyəcəyik”.

Bəhreyn məsələsinə də toxunan Ali Məqamlı Rəhbər dedi: “Bəhreyn xalqının günahı nədir? Onlar hər bir vətəndaşın səsvermə hüququnun təmin olunmasından başqa bir şey istəyirlərmi? Məgər bu, demokratiya deyilmi? Qərblilər demokratiyanı dəstəklədiklərini iddia etmirlərmi?”

Bəhreyn xalqının təzyiqlərə məruz qaldığını, əlində güc və hakimiyyət olan zalım bir azlıq tərəfindən təhqir olunduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu zalım azlıq işi o yerə çatdırıb ki, Bəhreyn camaatının müqəddəslərini, məhərrəm ayı ilə bağlı əzadarlıq mərasimlərini təhqir edir”.

Ali Məqamlı Rəhbər həmçinin məzlum Yəmən əhalisinə aylardır ki, davam edən hücumlarla da bağlı fikir bildirərək dedi: “Belə bir şəraitdə insan haqları və demokratiya iddiası edənlər Yəmən əhalisinə hücum edənləri müdafiə edirlər”.

Həzrət Ayətullah Xamenei Suriya və İraq məsələlərinə də toxunaraq dedi: “İmperialistlər bu iki ölkədə ən alçaq və murdar terrorçulara dəstək verir və Suriyada hökumətin təşkili mexanizminin məhz özləri tərəfindən müəyyən olunmasına israr edir”.

O, əlavə etdi: “Siz kimsiniz və nə haqqınız var ki, dünyanın o başından Suriya xalqının nə etməli olduğuna göstəriş verirsiniz?! Hər bir xalq öz hökumətini özü müəyyən etməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bəsicilər İran İslam Respublikasının Suriya, Fələstin, İraq, Bəhreyn və Yəmənə münasibətdə tutduğu mövqenin hər bir ağıllı və vicdanlı insanın tuta biləcəyi ən məntiqli mövqe olduğunu hər kəsə izah edə bilər”.

Sonda Həzrət Ayətullah Xamenei bəsici “tükənməz bir xəzinə və ehtiyat” adlandıraraq aşağıdakıları vurğuladı: “Allahın köməyi ilə, İran xalqı bu dəyərli xəzinəni qoruyub daha da geniş surətdə ixrac edəcək, bu iradə, əzm və gözüaçıqlıq sayəsində, qarşıya məqsəd qoyduğu tərəqqi və yüksəlişin zirvəsinə yetişəcək, düşmənlərinsə əlindən heç bir şey gəlməyəcək”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general Məhəmmədəli Cəfəri bəsicilərin İslam İnqilabının dahi banisinin mənəvi övladları olduğunu qeyd edərək dedi: “Bəsic İslam İnqilabının ideallarına nail olmaq yolunda öhdəsinə qlobal missiyalar götürməyə, balansı zülmə məruz qalan zəiflər və müsəlmanların xeyrinə dəyişməyə hazırlaşır”.

Bəsic Təşkilatının sədri general Məhəmmədrza Nəqdi də çıxış edərək mərhum İmam Xomeyninin (r.ə) bəsicin əhalinin bütün təbəqələri arasında genişlənməsi arzusunun gerçəkləşdiyini bildirdi. O dedi: “Bəsicilər şəhidlərə verdikləri anda son damla qanlarına qədər sadiq qalaraq, zülmün kökünü kəsməyincə rahat oturmayacaqlar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /