Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikası dünyanın istənilən yerində hegemonluq və müstəmləkəçiliyə müqavimət göstərən hər kəsi dəstəkləyir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Boliviya Respublikasının prezidenti cənab Evo Murales ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə Boliviya və bəzi digər Latın Amerikası ölkələrinin imperializm cəbhəsinin hegemonluğuna qarşı qəhrəmancasına göstərdiyi cəlbedici müqaviməti yüksək dəyərləndirərək bildirdi ki, Amerikanın dünyada və Latın Amerikası regionunda izlədiyi təhlükəli siyasət gənclərin milli-mənəvi kimliyini dəyişmək üzərində qurulub. O həmçinin vurğuladı: “İradəmizi gücləndirib aramızdakı əlaqə və əməkdaşlığı artıraraq bu işğalçı siyasətə müqavimət göstərməliyik”.

“İmperialist Amerikanın acgözlüyü qarşısında müqavimət göstərməyiniz Boliviya Respublikası və şəxsən sizin üçün hətta neft sənayesinin milliləşdirilməsindən də daha əhəmiyyətli bir üstünlükdür” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran dünyada ilk ölkə idi ki, İmam Xomeyninin (r.ə) liderliyi ilə aparılan müstəqil xalq hərəkatı sayəsində tamamilə Amerikanın ağalığı altından çıxdı, şərq və qərbdəki iki imperiyanın hücumları, hərbi, təhlükəsizlik və iqtisadi xarakterli cürbəcür təzyiqləri qarşısında müqavimət göstərdi”.

O həmçinin vurğuladı: “Elə buna görə də İran İslam Respublikası dünyanın istənilən yerində hegemonluq və müstəmləkəçiliyə müqavimət göstərən hər kəsi dəstəkləyir”.

Boliviyanın geniş imkan və potensiala malik olduğuna toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu potensial, həmçinin ölkələrimiz arasındakı münasibətlər, əməkdaşlıq üçün mövcud olan münbit zəmin xalqlarımızın mənafeyinə, hegemonlara qarşı mübarizəsinə xidmət edə bilər”.

Həzrət Ayətullah Xamenei öz siyasi və iqtisadi suverenliyini təmin etmək üçün Boliviyanın iqtisadi cəhətdən inkişaf etməsinin vacib və dəyərli bir məsələ olduğunu qeyd edərək dedi: “Bu maddi inkişafdan əlavə, mənəvi-ideoloji sahədə də inkişafa diqqət ayırmaq lazımdır”.

“Amerika dünyada və Latın Amrikası regionunda yeni kommunikasiya texnologiyalarından istifadə etməklə yerli əhalinin, gənclərin milli-mənəvi kimliyini dəyişmək siyasəti güdür” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər amerikalılar bu siyasətlərində uğur qazanıb gənclərin düşüncəsini “amerikanlaşdıra” bilsələr, ölkələrdə sərt tədbirlərə və hərbi çevrilişlərə ehtiyac olmadan ağalığı ələ keçirəcəklər”.

Ali Məqamlı Rəhbər Amerikanın bu siyasətinə qarşı mübarizə yolunun öz milli kimliyini gücləndirməkdən, gənclərə dəyərləri aşılamaqdan ibarət olduğunu bildirərək dedi: “Uca Yaradana arxalanıb iradəni gücləndirməklə bu döyüşdə qalib çıxmaq olar”.

Görüş zamanı Boliviya Respublikasının prezidenti cənab Evo Murales Ali Məqamlı Rəhbərlə görüşündən məmnunluq ifadə edərək dedi: “Biz sizi bütün müstəqil inqilabların, xüsusilə də Latın Amerikası regionundakı inqilabların atası və yolgöstərəni bilirik, sizin dəyərli, ilhamverici, insanda optimist ruh yaradan fikirlərinizdən çox dərs götürmüşük”.

Amerikanın müdaxiləsinin onun ölkəsi üçün problem yaratdığını bildirən cənab Murales aşağıdakıları vurğuladı: “Prezidentliyə gəldiyim ilk vaxtlarda amerikalıların İranla əlaqələr barədə xəbərdarlığına cavab olaraq vurğuladım ki, biz suveren ölkəyik və başqaları ilə münasibət qurarkən heç kəsdən icazə almırıq”.

“Biz Amerikaya bac verməmişik və verməyəcəyik də” – deyə vurğulayan cənab Murales əlavə etdi: “Biz Boliviyanın neft sənayesini milliləşdirməklə öz suverenliyimizi, müstəqil hakimiyyətimizi təsbit etdik və Qərbin illərlə davam etmiş işğalına son qoyduq”.

Ölkəsinin müstəqillik qazandığı dövrdə əldə etdiyi nailiyyətlərin, həyata keçirilmiş işlərin Boliviyanın Qərbdən asılı olduğu dövrlə müqayisədə qat-qat artıq olduğunu bildirən cənab Murales siyasi müstəqillik sayəsində iqtisadi müstəqillik əldə etməyin vacib olduğunu qeyd edərək dedi: “Bu gün Boliviyada ümumdaxili məhsulun həcmi 36 milyard dollardan artıqdır ki, bu da xaricdən asılılıq dövrü ilə müqayisədə 4 dəfə çoxdur”.

İranın elm və texnologiyanın müxtəlif sferalarında zəngin təcrübə və bacarıqlara malik olduğunu  deyən Boliviya prezidenti əlavə etdi: “İran və Boliviya tarixi, mədəniyyəti və xalqları arasında bağlılıq olan iki müttəfiqdir və ümidvarıq ki, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımız genişlənəcək”.

Cənab Murales həmçinin dedi: “Boliviya İslam Respublikasının mövqeyini həmişə bəyənib alqışlayır. Əminik ki, İran səbatla öz yoluna davam edəcək”.

Boliviya prezidenti əlavə etdi: “Boliviya da İran kimi inqilabçı, müqavimət göstərən ölkələrlə əməkdaşlığını, əlaqələrini genişləndirməsi sayəsində qüdrət, səbat və mətinlik qazanıb”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /