Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təəssüf ki, regiondakı bəzi müsəlman ölkələri İŞİD terrorçularını himayə edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əlcəzairin baş naziri cənab Əbdülmalik Səllal və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan əvvəl  baş tutan görüşündə İran İslam Respublikası və Əlcəzairin bir çox regional və beynəlxalq məsələlərdə yaxın siyasi görüşlərə malik olduğunu qeyd edərək dedi: “Siyasi görüşlərin yaxınlığından əlavə, İran xalqı da Əlcəzair ölkəsi və xalqına həmişə müsbət yanaşmışdır və bunun səbəbi Əlcəzair inqilabı dövründə Əlcəzair xalqının müstəmləkəçilik əleyhinə göstərdiyi mübarizə səyləridir”.

Ali Məqamlı Rəhbər xalqlar arasındakı mənəvi-emosional bağlılığın əməkdaşlığın, özəlliklə də iqtisadiyyat sferasında əməkdaşlığın genişləndirilməsi üçün son dərəcə münasib zəmin olduğunu qeyd edərək dedi: “İran və Əlcəzair arasında əməkdaşlığın səviyyəsi çox aşağıdır. Ümidvaram, bu səfər və müştərək komissiyanın təşkil olunması sayəsində, həmçinin cənab Cahangirinin Əlcəzairə səfər etməsi ilə yaxın gələcəkdə iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən genişlənməyə başlayacaq”.

Ali Məqamlı Rəhbər cənab Səllalın İŞİD təzahürü, region ölkələrinin İslamın adına ləkə gətirən terrorçulara qarşı ciddi mübarizə aparmalı olduğu barədə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “İŞİD, İslam adı altında bütün regiona səpələnmiş terror məsələsi normal və təbii bir mövzu deyil. Bu terrorçular qəsdən ortaya çıxarılıb və himayə olunur”.

Regiondakı bəzi müsəlman ölkələrinin İŞİD terrorçularını himayə etməsindən təəssüf hissi keçirdiyini bildirən Həzrət Ayətullah Xamenei İslamın düşmənlərinin və Amerikanın da bu qruplaşmaya havadarlıq etdiklərini qeyd edərək aşağıdakıları vurğuladı: “Öz aralarında daha yaxşı anlaşa bilən və hazırkı vəziyyətdən narahatlıq keçirən müsəlman ölkələri danışıqlar aparıb birgə əməkdaşlıq edərək terrorçulara qarşı mübarizənin praktik həlli yolunu tapa bilərlər”.

İslam İnqilabının qələbəsinin ilk dönəmlərində Əlcəzair, İran, Suriya və bir neçə başqa ölkənin iştirakı ilə müqavimət cəbhəsinin təşkil olunduğunu xatırladan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikanın ardınca gedən bəzi ölkələr həmin qurumun öz fəaliyyətini davam etdirməsinə əngəl oldular, amma belə görünür ki, hazırda ortaq baxışlara malik müsəlman ölkələrinin iştirakı ilə belə bir təşkilatın yaradılması üçün zəmin vardır”.

O, əlavə etdi: “Belə bir təşkilat təsis edilsə, ora daxil olan müsəlman ölkələri İslam dünyasındakı önəmli proseslərə təsir göstərə, regiondakı problemlərin həlli, terrorçulara qarşı mübarizə istiqamətində əməli addımlar ata bilərlər”.

Sonda Həzrət Ayətullah Xamenei Əlcəzair prezidenti cənab Buteflikanın tezliklə sağlamlığına qovuşacağına ümidvar olduğunu bildirdi.

Əlcəzairin baş naziri cənab Əbdülməlik Səllal Qaz İxrac Edən Ölkələrin Tehran Forumunun uğurlu bir beynəlxalq tədbir olduğunu qeyd etdi. O, İran rəsmiləri ilə apardığı danışıqlara toxunaraq dedi: “İran və Əlcəzairin siyasi məsələlərə, xüsusilə də İŞİD-ə və regionda terrorizmə qarşı mübarizə mövzusuna yanaşması bir-birinə çox yaxındır. Tehranda baş tutan danışıqları nəzərə alaraq ümid edirik ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin səviyyəsi də hazırkı mərhələdən irəli gedərək arzuolunan bir səviyyəyə çatacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /