Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmkan vermək olmaz ki, amerikalılar cürət edib İraqın bölünməsindən danışsınlar

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə İran və İraq, həmçinin bu ölkələrin xalqları arasında dərin köklərə malik tarixi əlaqənin, eyni regionda yerləşən iki qonşu dövlətdən daha yüksək səviyyəli münasibətlərin mövcud olduğunu bildirdi. İraqda milli birliyi qorumaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İraq xalqı qədim tarixə malik, böyük bir xalqdır, bacarıqlı və sayıq gəncliyi olmaq kimi mühüm bir potensiala sahibdir. Bu potensialdan İraqı öz layiqli mövqeyinə çatdırmaq istiqamətində istifadə olunmalıdır”.

İki ölkə arasında 8 il müddətində Səddam tərəfindən xarici dövlətlərin təhriki ilə məcburi müharibə getdiyinə baxmayaraq, İran və İraq xalqları arasında sevgi və səmimiyyət dolu qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bunu heyrətamiz bir təzahür adlandıraraq dedi: “Bu qardaşlıq münasibətlərinin bir nümunəsi də Ərbəin günü təşkil olunan yürüş və mərasimdir. Belə ki iranlı zəvvarlara ev sahibliyi edən İraq xalqı onlardan qulluq, sevgi və bağlılığını əsla əsirgəmir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran və İraq rəsmiləri bu fürsət və atmosferdən hər iki ölkənin mənafeyi üçün maksimum istifadə etməlidirlər”.

İraqdakı son proseslərdən, İŞİD fitnəsi üzərində qazanılmış nisbi qələbədən sevinc duyduğunu bildirən Həzrət Ayətullah Xamenei  hazırda ölkədə əldə edilmiş birliyi qorumaq lazım olduğunu vurğulayaraq dedi: “İraq hökumətinin təşkilati strukturunda ölkə prezidenti xüsusi mövqeyə malikdir və konfliktlərin yatırılmasında, vəhdətin möhkəmləndirilməsində effektiv rol oynaya bilər”.

Bəzi xarici dövlətlərin İraqda konfliktlərin qızışdırılmasına səy göstərdiklərini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şiə, sünni, kürd və ərəblər də daxil olmaqla İraq əhalisi əsrlər boyu heç bir problem olmadan yanaşı yaşamışdır, amma təəssüflər olsun ki, bəzi region ölkələri, həmçinin yadellilər xırda ixtilafları böyütməyə çalışır. Buna qarşı mübarizə aparmaq, konfliktlərin ortaya çıxmasına şərait yarada biləcək hər cür bəhanədən çəkinmək lazımdır”.

“İxtilafların üzə çıxması və İraqın ictimai arenasına daşınması yadellilərin müdaxiləçi bəyanatları üçün zəmin yaradır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə bir atmosfer yaratmaq lazım deyil ki, amerikalılar ürəklənib açıq-açığına İraqın bölünməsindən danışsınlar”.

O, əlavə etdi: “İraq kimi min illik tarixi olan, böyük və zəngin bir ölkə nəyə görə bölünərək kiçik məntəqələrə parçalanmalıdır ki, daim konflikt və münaqişələrə meydan olsun?”

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Sözsüz ki, İraq rəsmiləri başqa ölkələr, o cümlədən Amerika ilə münasibətləri bu ölkənin xalqının mənafeyi əsasında tənzimləyəcəklər, amma amerikalılara imkan vermək lazım deyil ki, İraqı öz xüsusi mülkiyyəti hesab edərək hər sözü danışsınlar və hər addımı atsınlar”.

Bugünkü İraqın öz böyük xalqı, bacarıqlı və sayıq gəncliyi sayəsində keçmişdəki İraqdan tamamilə fərqləndiyini bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu gün İraq gəncləri ayılıb, öz güc və bacarıqlarının fərqinə varıblar. Belə bir gənclik əsla Amerikanın ağalığına boyun əyməyəcək”.

Həzrət Ayətullah Xamenei İraqda İŞİD-ə qarşı döyüşən könüllü xalq qüvvələrinin İraq gəncliyinin qüdrət və oyanışının bariz təzahürü olduğunu qeyd edərək dedi: “İraqı öz layiqli mövqeyinə çatdırmaq üçün bu ölkənin gənclərinin imkan və potensialından əvvəlkindən də artıq istifadə etmək lazımdır”.

“İran İslam Respublikası elm, texnologiya, müdafiə və sosial xidmətlər sahəsində əldə etdiyi təcrübə və imkanları İraqa ötürməyə hərtərəfli hazırdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İki ölkə arasında iqtisadi əməkdaşlıq səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işlər görülməlidir”.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İraq Respublikasının prezidenti cənab Fuad Məsum Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək qeyd etdi ki, böyük bir müctəhid və mərcə-təqlid kimi onun fikirləri İraq xalqı və rəsmiləri arasında böyük nüfuz və mövqeyə malikdir. Cənab Məsum həmçinin vurğuladı: “Sizin İraqda vəhdətin qorunmasının, konfliktlərdən çəkinməyin vacibliyi ilə bağlı tövsiyələriniz, heç şübhəsiz, öz müsbət təsirini göstərəcək”.

İraq prezidenti özəlliklə İŞİD-in hücumları nəticəsində yaranmış son dərəcə çətin bir dövrdə ölkəsinə göstərdiyi köməyə görə İran İslam Respublikasına təşəkkürünü bildirdi. O, İran və İraq xalqlarının ortaq din, tarix və mədəniyyəti paylaşdıqlarına toxunaraq dedi:  “Biz iki ölkə arasında əməkdaşlığın əvvəlkindən də artıq genişlənməsini, İranın müxtəlif sferalardakı təcrübə və imkanlarından istifadə olunmasını istəyirik”.

Cənab Məsum İraqdakı ümumi vəziyyətin, ölkə daxilində birlik və həmrəyliyin keçmişdəki ilə müqayisədə daha yaxşı səviyyədə olduğunu qeyd edərək dedi: “İŞİD-lə mübarizədə də bir çox uğurlar qazanılıb. Ordu, könüllü qüvvələr və kürd peşmərgələrinin birgə səyləri nəticəsində İŞİD-ə ağır zərbələr endirilib”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /