Ali Məqamlı Rəhbərin informasiya bloku

Cənab Putin: “Biz sizi dünya və regionda arxalana biləcəyimiz, etimada layiq müttəfiq hesab edirik”

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinlə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsini müsbət qarşıladığını qeyd etdi. O, rəsmi Moskvanın regional məsələlər, xüsusilə də Suriyada effektiv iştirakını yüksək qiymətləndirərək dedi: “Amerikanın regionda izlədiyi uzunmüddətli planlar bütün ölkə və xalqların, xüsusilə də İran və Rusiyanın ziyanınadır. Bu planları ağıl və daha sıx əməkdaşlıqla neytrallaşdırmaq lazımdır”.

İki saata qədər davam edən görüşdə Ali Məqamlı Rəhbər cənab Putinin müasir dünyada görkəmli bir şəxsiyyət olduğunu qeyd edərək nüvə məsələsində göstərdiyi səylərə görə Rusiyaya təşəkkürünü bildirdi. O, əlavə etdi: “Bu məsələ müəyyən sonluqla bitmişdir, amma biz amerikalılara qətiyyən inanmırıq və Amerika administrasiyasının bu olayda davranış və fəaliyyətini gözüaçıqlıqla izləyirik”.

Cənab Putinin və İİR rəsmilərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ciddi yanaşdığına toxunan Ali Məqamlı Rəhbər dedi: “İqtisadiyyat sferası da daxil olmaqla ölkələrimiz arasında müxtəlif istiqamətdə əməkdaşlıqlar hazırkından dəfələrlə çox inkişaf etdirilə bilər”.

Tehran və Moskvanın siyasət və təhlükəsizlik sferalarında layiqli əməkdaşlıq etdiyini qeyd edən  Həzrət Ayətullah Xamenei Rusiya prezidentinin özəlliklə son il yarımda müxtəlif problemlərə münasibətdə çox müsbət və təşəbbüskar mövqe sərgilədiyini bildirdi. O həmçinin vurğuladı: “Amerikalılar həmişə öz rəqiblərini passiv mövqedə saxlamağa çalışır, siz isə bu siyasəti neytrallaşdırdınız”.

“Rəsmi Moskvanın Suriya məsələsi ilə bağlı verdiyi qərarlar və atdığı addımlar Rusiyanın və şəxsən Sizin dünya və regionda etibarınızın artmasına səbəb olmuşdur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar öz uzunmüddətli planlarında  Suriyada hökmranlığı ələ keçirib, daha sonra kontrolu bütün regionda genişləndirməklə tarixən Qərbi Asiyaya ağalığa malik olmamaqla hiss etdikləri boşluğu kompensasiya etmək niyyətindədirlər. Onların bu planı bütün ölkə və xalqlar, xüsusilə də Rusiya və İran üçün təhdiddir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Suriya məsələsində amerikalılar və onların havadarları müharibə yolu ilə reallaşdıra bilmədikləri hədəflərini siyasi arenada – danışıqlar masası üzərində reallaşdırmaq istəyirlər. Buna görə də ağılla və fəal mövqedən çıxış edərək bunun qarşısını almaq lazımdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Suriyanın xalq tərəfindən seçilmiş, qanuni prezidenti Bəşşar Əsədin getməsini israrla tələb etməsi də Vaşinqtonun elan etdiyi siyasətlərdə zəif məqamlardan biridir. O, əlavə etdi: “Suriya prezidenti ümumxalq səsverməsi nəticəsində müxtəlif siyasi, dini və etnik görüşlərə malik insanların səs çoxluğunu qazanıb. Amerikanın Suriya xalqının bu seçiminə saymaz yanaşmağa haqqı yoxdur”.

O həmçinin vurğuladı: “Suriya ilə bağlı istənilən həll yolu bu ölkənin rəsmiləri və xalqı ilə razılaşdırılaraq tətbiq edilməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Amerikanın siyasətindəki açıq-aşkar zəif məqamlardan biri də terrorçu qruplaşmalara, o cümlədən İŞİD-ə birbaşa və dolayısı ilə yardım göstərməsidir. O, əlavə etdi: “Terrorçuları himayə etdiklərinə görə region və dünya ictimaiyyətinin gözündə inamını itirmiş ölkələrlə əməkdaşlıq etməsi Amerikanın şərəfli diplomatiya yürütmədiyini göstərir”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Elə buna görə də biz Amerika ilə nüvə mövzusundan başqa (əlbəttə ki, bunun da özünəməxsus dəlilləri var) heç bir mövzu ətrafında – nə Suriya məsələsi, nə də başqa bir məsələ ilə bağlı ikitərəfli danışıqlar aparmırıq və aparmayacağıq”.

Ali Məqamlı Rəhbər Suriya probleminin düzgün həllinin olduqca önəmli və regionun gələcəyi üçün təsirli olduğunu bildirərək dedi: “Suriyada bu cinayətləri törədən terrorçular məhv edilməsə, onların bu dağıdıcı fəaliyyəti Orta Asiyaya və digər regionlara doğru da genişlənəcək”.

Görüş zamanı cənab Putin də Ali Məqamlı Rəhbərin dəyərli təcrübəyə malik olduğunu qeyd edərək onunla görüşündən məmnun olduğunu bildirdi.  O dedi: “İki ölkə arasında texnologiya, aerokosmik tədqiqatlar və qabaqcıl texnologiyalar sferaları da daxil olmaqla əməkdaşlıqlar daha böyük sürətlə genişlənməkdədir. Biz çox sevinirik ki, İran İslam Respublikası ilə təhlükəsizlik, qlobal və regional böhranların həlli istiqamətində də çox fəal əməkdaşlıq edirik”.

Cənab Putin İslam Respublikasını çox yaxşı perspektivi olan, suveren və sarsılmaz bir ölkə kimi xarakterizə edərək dedi: “Biz sizi dünya və regionda arxalana biləcəyimiz, etimada layiq müttəfiq hesab edirik”.

O həmçinin vurğuladı: “Biz öhdəlik götürürük ki, bəziləri kimi şəriklərimizə arxadan zərbə vurmayacaq, heç vaxt dostlarımızın əleyhinə gizlində bir addım atmayacaq, fikirlərimiz üst-üstə düşməsə belə, danışıb anlaşma əldə edəcəyik”.

İran və Rusiyanın Suriya məsələsinə münasibətdə mövqeyinin çox yaxın olduğunu deyən cənab Putin bu sahədə əməkdaşlığın olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “Biz də bunun üzərində dururuq ki, Suriya böhranını  yalnız siyasi yolla, bu ölkənin əhalisinin seçimini, Suriyada yaşayan bütün etnos və qrupların istəyini qəbul etməklə həll etmək mümkündür, heç kimin Suriya xalqına öz fikrini diktə etməyə, onların əvəzinə Suriyanın hökumət quruluşu və prezidenti ilə bağlı qərar qəbul etməyə haqqı yoxdur”.

Rusiya prezidenti həmçinin vurğuladı: “Sizin də qeyd etdiyiniz kimi, amerikalılar Suriyada döyüş meydanlarında gerçəkləşdirə bilmədikləri məqsədlərini danışıqlar masası arxasında davam etdirmək niyyətindədirlər. Biz bunu anlayırıq”.

Ölkəsinin Suriyada terrorçulara hücumları davam etdirəcəyini vurğulayan cənab Putin bildirdi ki, Tehran və Moskvanın Suriya məsələsinin siyasi həlli ilə bağlı həmrəy olub əməkdaşlıq etməsi çox vacibdir. O dedi: “Dünyada demokratiya iddiası edənlər Suriyada keçirilən seçkinin əleyhinə çıxa bilməzlər”.

Görüşün sonunda Rusiya prezidenti Ali Məqamlı Rəhbərə hədiyyə olaraq ən qədim Quran nüsxələrindən birini hədiyyə etdi. Ali Məqamlı Rəhbər bu hədiyyəyə görə ona öz təşəkkürünü bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /