İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Nigeriya Respublikasının prezidenti Məhəmməd Buxari ilə bu gün (bazar ertəsi) günortadan qabaq keçirdiyi görüşdə qeyd etdi ki, müsəlman ölkələrinin İslam ümmətinin kimliyini, müsəlmanları müdafiə etmək üçün öz aralarında əməkdaşlığı artırması başlıca əhəmiyyətə malik bir zərurətdir. O vurğuladı: “Terrorizmə qarşı mübarizə iddiası edən beynəlxalq koalisiyalara heç bir vəchlə inanmaq olmaz, çünki İŞİD kimi terror qruplaşmalarının yaradılmasının və ya himayə olunmasının pərdəarxasında elə həmin destruktiv ünsürlər, xüsusilə də Amerika durur”.
“İslamın birbaşa düşmənləri və İslam adı altında bu dinlə düşmənçilik edənlər ikisi də bir bezin qırağıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müsəlman ölkələri bu təhlükəli düşmənlər qarşısında aralarındakı əməkdaşlığı artıraraq öz heysiyyət və mənafeyini qorumalıdırlar”.
İŞİD və Bokoharam kimi terrorçu cərəyanlara qarşı mübarizədə Amerika və Qərbin yardım və əməkdaşlığına ümid bağlamağın düzgün olmadığını bildirən Həzrət Ayətullah Xamenei dedi: “Dəqiq məlumatlara əsasən, İraqda Amerika və regionun bəzi mürtce dövlətləri İŞİD-ə yardım göstərir və destruktiv rola malikdir”.
“Müsəlman ölkələri ilə əməkdaşlığın artırılması digər qeyri-müsəlman ölkələri ilə əməkdaşlığın rədd edilməsi anlamında deyil” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikası Amerika və İsraildən başqa bütün ölkələrlə geniş əlaqələrə malikdir, lakin düşünürük ki, müsəlman ölkələri bir-birinə daha yaxın olmalıdır”.
Ali Məqamlı Rəhbər inanclı bir müsəlman olaraq cənab Buxarinin Nigeriya kimi mühüm bir ölkənin prezidenti seçilməsinə sevindiyini qeyd edərək bildirdi ki, İran və Nigeriya arasında qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar var. O həmçinin vurğuladı: “Bu imkanlar üzə çıxarılmalı və mübadilə predmetinə çevrilməlidir”.
Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Nigeriya prezidenti cənab Məhəmməd Buxari ölkəsi ilə İran İslam Respublikası arasında çoxillik və möhkəm əlaqələrin olduğunu qeyd edərək dedi: “İran böyük, inkişaf etmiş, əməkdaşlıq üçün zəngin potensiala malik bir ölkədir”.
Qaz İxrac Edən Ölkələrin Forumuna dəvət aldığı üçün İrana təşəkkürünü bildirən Nigeriya prezidenti dedi: “Bu gün Ali Məqamlı Rəhbərlə görüşümdə çox şey öyrəndim. Bu görüşə və verdiyiniz tövsiyələrə görə sizə öz minnətdarlığımı bildirirəm”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir