Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qonşularının, müsəlman ölkələrinin inkişaf, rifah və təhlükəsizliyi İran İslam Respublikasının xeyrinədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Türkmənistan Respublikasının prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə İran və Türkmənistan arasındakı yaxın dostluq münasibətlərinə, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regionda qızışdırılan konfliktlərə qarşı mübarizə aparılması üçün imkanların çox olduğuna toxunaraq aşağıdakıları vurğuladı: “Terrorçu cərəyanlara qarşı mübarizə aparıb onların nüfuzunu neytrallaşdırmağın yolu xalqın düzgün istiqamətdə dini fəaliyyətlə məşğul olmasına imkan vermək, mötədil və rasional dini-fəlsəfi cərəyanları gücləndirməkdir”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei İran və Türkmənistan xalqlarını aralarında qohumluq münasibəti olan iki qonşu kimi xarakterizə edərək bildirdi ki, mövcud zəngin imkanlardan əməkdaşlıqların genişləndirilməsi istiqamətində istifadə etmək lazımdır. O həmçinin dedi: “Əldə edilmiş razılaşmaların icrası istiqamətində ciddi surətdə effektiv və əməli addımlar atılmalıdır”.

“Qonşularının, müsəlman ölkələrinin inkişaf, rifah və təhlükəsizliyi İran İslam Respublikasının xeyrinədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran və Türkmənistan arasındakı sərhədlərdə həmişə sülh və asayiş hökm sürmüş, hər iki tərəf bu baxımdan arxayın olmuşdur. Fars Körfəzinə və neytral sulara çıxış üçün İran yolundan istifadə etmək imkanı Türkmənistan üçün dəyərli bir şansdır”.

Regionda gərginlik hökm sürdüyü halda, İran və Türkmənistanda asayiş və təhlükəsizliyin bərqərar olduğuna toxunan Həzrət Ayətullah Xamenei bildirdi ki, bu vəziyyətin davam etməsi üçün birgə əməkdaşlığı artırmaq lazımdır. O, əlavə etdi: “İŞİD-in və İslam adı altında cinayətlər törədən bu kimi təkfirçi qruplaşmaların vəhşiliklərinə, qəddar terroruna qarşı mübarizə aparmaq üçün xalqın düzgün istiqamətdə dini fəaliyyətlə məşğul olmasına şərait yaratmaq lazımdır. Bu cərəyanların nüfuzunu neytrallaşdırmağın ən yaxşı yolu mötədil və rasional dini-fəlsəfi hərəkatları gücləndirməkdir”.

“Terrorçu cərəyanların baş kəsmək, insanları diri-diri yandırmaq kimi vəhşi cinayətləri onların İslama tamamilə yad olduğunu göstərir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam başqaları ilə münasibətdə qardaşlıq, sevgi və xeyirxahlıq dinidir və bu cinayətlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur”.

Ölkə başçısının 1-ci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə Türkmənistan prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov Tehrana səfərindən məmnun qaldığını, Ali Məqamlı Rəhbərlə görüşündən isə qürur duyduğunu ifadə etdi. O dedi: “İran və Türkmənistan arasında tarixən həmişə gözəl münasibətlər olub. Bu iki dövlət bir-birinin kədərinə və sevincinə daim şərik olublar. Bildirdiniz ki, İran və Türkmənistan təkcə iki qonşu yox, həm də iki qohumdur. Sizin bu sözünüz Türkmənistan dövlətinin və xalqının daha da ürəklənməsinə, həvəslənməsinə səbəb olacaq”.

Türkmənistan prezidenti əvvəlki səfərlərində Ali Məqamlı Rəhbərin ona verdiyi tövsiyələri xatırladaraq dedi: “Müdrik bir lider, mütəfəkkir bir insan kimi sizin söylədiyiniz fikirlər bizim üçün çox dəyərlidir. Sizin tövsiyələrinizə əməl etməyimizin çox yaxşı nəticələri olmuşdur”.

İki ölkə arasında özəlliklə qaz, nəqliyyat və yol tikintisi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün zəngin potensial olduğunu qeyd edən cənab Berdiməhəmmədov dedi: “İran və Türkmənistan arasında müştərək iqtisadi və quruculuq layihələrinin həyata keçirilməsi bütövlükdə regionun xeyrinədir”.

İpək yolunun tarixi keçmişinə və əhəmiyyətinə toxunan Türkmənistan prezidenti əlavə etdi: “Bəzi ölkələr İran və Türkmənistan yolu ilə dənizə çıxış əldə etməkdə maraqlıdırlar”.

Regiondakı vəziyyətin arzuedilməz olduğunu bildirən cənab Berdiməhəmmədov İŞİD terror qruplaşmasının cinayətlərinə toxunaraq dedi: “İŞİD və onun kimilər İslamdan çox-çox uzaqdır və təəssüflər olsun ki, bəzi dövlətlər onları himayə edərək yemləyir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /