Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Universitetlər yeni İslam sivilizasiyasının yaradılmasında rol oynamalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədəki universitetlərin rektorları, ali təhsil müəssisələrinin, elm və texnologiya parklarının, elmi tədqiqat mərkəzlərinin direktorları ilə bu gün səhər keçirdiyi görüşdə İslam İnqilabından əvvəlki və sonrakı dövrlərdə ölkənin elmi inkişaf tarixi, elmi mirası və təcrübəsi, universitetlərin İranın müasir tarixində, xüsusilə də islami hərəkatda və inqilabdan sonrakı mərhələdə mövqe və rolu haqda ətraflı danışdı. O bildirdi ki, yeni İslam sivilizasiyasının yaradılmasında rol oynamaq üçün universitetlər və elmi mərkəzlər ölkənin zəngin elmi miras və təcrübəsindən yararlanmaq istiqamətində planlama işləri aparmalıdırlar. Ali Məqamlı Rəhbər vurğuladı: “Universitetlərin yeni İslam sivilizasiyasının yaradılmasında rol oynaması üçün zəruri olan tələblər sırasına elm sahəsində hazırkı və gələcək ehtiyacların dəyərləndirilməsi, sürətli elmi inkişafın yavaşımasına imkan verilməməsi, Kompleks Elmi Planın icrası, ali təhsildə keyfiyyətə önəm verilməsi, universitetlərlə sənaye müəssisələri arasında əlaqəyə ciddi diqqət yetirilməsi, universitetlərin müqavimət iqtisadiyyatında rol oynaması, İslam, iman mədəniyyəti atmosferinin genişləndirilməsi, dini və siyasi cəhətdən gözüaçıqlığın dərinləşdirilməsi, dini-inqilabi dəyərlərin daşıyıcısı olan tələbə və müəllimlərin fəaliyyəti üçün şərait yaradılması daxildir”.

Akademik ictimaiyyətlə keçirdiyi görüşlərin onun üçün ən xoş və gözəl görüşlər olduğunu bildirən Həzrət Ayətullah Xamenei elmin ölkənin inkişaf və iqtidarının önəmli amili kimi mövqe və roluna toxunaraq dedi: “Universitetlər ölkənin gələcək administrasiyasını yetişdirən ən mühüm mərkəzdir. Belə ki universitetlərin bu sahədə mənfi və ya müsbət fəaliyyəti ölkənin gələcəyinə təsir göstərəcək”.

Tarixən İranda İbn Sina, Farabi, Zəkəriyya Razi, Xarəzmi və elmin müxtəlif sahələrində dünyaya səs salmış bir sıra başqa görkəmli alimlərin yetişdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Tarix boyu İran elmin, fəlsəfi fikrin zirvəsi olmuş, bu tendensiya Qacar və Pəhləvi dövrünə qədər davam etmişdir”.

O, əlavə etdi: “Təəssüf ki, Qacar və Pəhləvi hakimiyyəti dövründə ölkənin elmi inkişafı müəyyən spesifik səbəblər ucbatından durduruldu və Avropada elmin çiçəkləndiyi bir dövrdə biz öz elmi istedadlarımızdan, inkişaf üçün münasib zəmindən və öz elmi etikamızdan istifadə edə bilmədik, buna görə də qlobal elmi hərəkatdan geri qaldıq”.

Ali Məqamlı Rəhbər qərblilərin “3-cü dünya ölkələri” adlandırılan ölkələr üçün universitetlər vasitəsilə Qərb təfəkkürünün və Qərbə xas həyat tərzinin daşıyıcısı olan rəhbər kadrlar yetişdirmək kimi bir plan cızdıqlarını bildirərək dedi: “İran insanı öz milli kimliyini dərk etdiyi, həmçinin tələbə və müəllimər arasında dini ideyalar dərin və geniş surətdə yayıldığı üçün bu plan İranda həyata keçirilərkən onlar problemlə üzləşdilər. 1341-ci ildə ölkədə islami cərəyan vüsət aldıqdan sonra isə universitetlərdə böyük və getdikcə genişlənən bir dini hərəkata start verildi”.

O, əlavə etdi: “O dövrdə Qərb və Şərq dünyası üçün güclü bir zəlzələyə bərabər olan İslam İnqilabının qələbəsi universitetlərə olduqca böyük təsir göstərdi. İnqilabın ən fədakar və sadiq dostlarının əksəriyyəti universitetlərdən idi”.

Ötən 37 il ərzində universitetlərdəki vəziyyətə, eniş-yoxuşlu günlərin yaşandığına, hakimiyyətdə müxtəlif siyasi təmayüllərin, universitetlərdə cürbəcür ideoloji cərəyanların iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu gün ən vacib sual budur ki, universitetlər bu elmi və tarixi mirasdan, İslam İnqilabının dəyərli təcrübəsindən bəhrələnərək yeni İslam sivilizasiyasının – başqa sözlə, ideal İslam cəmiyyətinin – yaradılmasında nə kimi rol oynaya bilər?”

Ali təhsil rəsmilərini, universitetlərin və elmi mərkəzlərin rektorlarını bu barədə dərindən düşünməyə çağıran Həzrət Ayətullah Xamenei dedi: “Universitetlərin bütün fəaliyyət kursu və proqramları yeni İslam sivilizasiyasının yaradılmasında rol oynamağa istiqamətlənməlidir”.

“Bu yolda irəliləmək üçün Elmlər və Səhiyyə Nazirliklərinin rəsmiləri universitetlərdəki real vəziyyət haqda dəqiq və yerində alınmış məlumata malik olmalıdırlar” – deyən Ali Məqamlı Rəhbər aşağıdkaıları vurğuladı: “Yalnız rəhbər işçilərin verdiyi hesabatlarla kifayətlənmək lazım deyil. Qarşıya qoyulmuş hədəflərin nə dərəcədə reallaşdığını bilmək üçün nəticələri yerində araşdırmaq lazımdır”.

İstedadlı kadrların varlığının elmi inkişaf hərəkatı üçün mühüm olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İstedadlı kadrların varlığından da daha əhəmiyyətlisi elmi inkişafın istiqamətidir. Əgər elmi inkişaf düzgün istiqamətdə, əxlaq və mənəviyyat çərçivəsində getməzsə, bir sıra arzuedilməz nəticələri ola bilər”.

Ali Məqamlı Rəhbər elmin yanlış istiqamətə yönəlməsinin mənfi nəticələrinə tarixdən nümunə olaraq, müstəmləkəçilik və atom bombasını qeyd edərək aşağıdakıları əlavə etdi: “Daim diqqətli olmalıyıq ki, elmlə yanaşı əxlaq və mənəviyyat da olsun”.

Həzrət Ayətullah Xamenei ölkənin hazırkı və gələcək elmi ehtiyaclarının dəyərləndirilməsinin son dərəcə vacib olduğunu qeyd edərək dedi: “Elmi inkişaf prosesində ölkənin hazırkı və gələcək ehtiyacları nəzərə alınmalı, ehtiyac duyulan sahələrə investisiya qoyulmalıdır”.

“Elmi məqalələrin və doktorantura pilləsində yazılan elmi işlərin ölkənin hazırkı və gələcək ehtiyaclarına uyğun istiqamətləndirilməsi də mühüm bir mövzudur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nüvə elmi də ölkənin ehtiyac duyduğu sahələrdəndir və bu sahəyə illər öncə sərmayə qoyulmağa başlayıb. Odur ki əgər neftdən istifadə etmək imkanı olmasa, yaxud neft ehtiyatları tükənsə tam qətiyyətlə demək olar ki, alternativ enerjimiz var”.

Ali Məqamlı Rəhbər bir daha İranın gənc alimlərinin 20 faiz zənginləşdirilmiş uran istehsal etməsinə toxunaraq dedi: “Bir vaxtlar Tehran reaktorunda radiodərman preparatlarının istehsalı üçün zəruri olan yanacaq tükənmək üzrə idi və qərblilər bu yanacağı bizə verməyin qarşılığında ağır şərtlər irəli sürdülər. Amma bizim istedadlı və mömin gənclərimiz gecə-gündüz çalışıb 20 faiz zənginləşdirilmiş uran istehsal edərək ölkənin ehtiyacını aradan qaldırdılar”.

Uranın zənginləşdirilməsi prosesində ən çətin mərhələnin 20 faizə qədər zənginləşdirmə olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bundan sonra 99 faizə qədər zənginləşdirmə texnologiyası əldə etməyin asanlıqla mümkün olduğunu bildirdi. O dedi: “Qərblilərin nüvə məsələsində çaş-baş qalmasının səbəbi də bu idi. Əlbəttə, əgər onlar o vaxt Tehran reaktoru üçün bizə yanacaq versəydilər, biz uranı 20 faiz zənginləşdirmək niyyətinə düşməzdik”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Elmi ehtiyacların müəyyən edilməsi və ölkənin ehtiyac duyduğu elm sahələrinə sərmayə qoyulması olduqca mühüm bir mövzudur və daim diqqətdə saxlanmalıdır”.

“Sürətli elmi inkişaf geridə olduğumuz məqamların kompensasiya edilməsi, həmçinin elmi hərəkatın ardıcıl surətdə getməsi baxımından çox vacib və əsas məsələdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, özü universitetdə çalışan bəzi insanlar tələbələrə bu elmi nailiyyətlərin yalan olduğunu deyirlər. Əgər bu nailiyyətlər həqiqət deyilsə, onda nə üçün İsrailin araşdırmalar mərkəzi İranın elmi inkişafından narahatlıq ifadə edir?”

Ölkənin müəyyən tarixi mərhələdə elmi inkişafdan geri qaldığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Ölkənin elmi inkişafının sürət tempi azalsa, biz qlobal elmi inkişafdan geri qalacağıq, buna görə də inkişafımızın sürətini qoruyub saxlamalıyıq”.

Ali Məqamlı Rəhbər universitetlərdə əsas diqqətin elmi tədqiqatlara yönəldilməsi, ölkənin kompleks elmi planının dəqiq icrası, ali təhsilin keyfiyyətinə diqqət yetirilməsi, reallığa uyğun, dəqiq meyarların müəyyən edilməsi, universitetlərlə sənaye müəssisələri arasında əlaqə qurulması kimi məsələlərin də altını cızaraq dedi: “Ali təhsilini başa vuran məzunları işlə təmin etməyin yollarından biri də universitetlərlə sənaye müəssisələri arasında əlaqə yaratmaqdır. Bunun üçün isə əlaqədar nazirliklərin rəsmiləri müvafiq fəaliyyət proqramları işləyib hazırlamalı, dövlət və qeyri-dövlət sektorlarında universitetlərlə istehsalat müəssisələri arasında kompleks əməkdaşlığın yaradılmasına səy göstərməlidirlər”.

Universitetlərin elmi əsaslı şirkətlər vasitəsilə müqavimət iqtisadiyyatında rol oynamalı olduğunu bildirən Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının siyasətlərinin icrası ilə bağlı aşağıdakıları qeyd etdi: “Müqavimət iqtisadiyyatının icrası ilə bağlı hələ arzuedilən vəziyyət müşahidə olunmur. Yeni hökumət rəsmiləri bu istiqamətdə həyata keçirməyi nəzərdə tutduqları fəaliyyət proqramları barədə mənə hesabat veriblər”.

Çıxışının ardında universitetlərdə mədəniyyətlə bağlı məsələlərdən danışan Ali Məqamlı Rəhbər həyata keçirilən bəzi tədbirləri tənqid edərək dedi: “Bəziləri mədəniyyət sahəsində iş görməyi hansısa konsertlər təşkil etmək, yaxud ekskursiyaya çıxıb qızlı-oğlanlı, qarışıq halda düşərgələrdə qalmaqla səhv salıblar, gördükləri işi əsaslandırmaq üçün də deyirlər ki, “Tələbələr şənləməlidir!”

O, əlavə etdi: “İstənilən mühitdə sevinc, şənlik olması yaxşıdır, amma nəyin bahasına? Qarışıq cinsli düşərgələr təşkil etmək bahasına? Qərblilər kişi və qadınların bir-birinə qarışmağından bu gün cinsi zəmində müşahidə olunan cinayətlərdən başqa nə “xeyir” görüblər ki, biz də onların yolu ilə gedib eyni metoddan istifadə edək?”

Mədəni işlərin tamamilə başqa mahiyyət daşıdığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Universitetlərdə mədəni tədbirlərə görə məsuliyyət daşıyan rəhbər işçilər nə etdiklərini anlayırlar? Düzgün mədəni iş odur ki, universitetlərimizdə mömin, gözəl keyfiyyətlərə malik, inqilabi ideyaların daşıyıcısı olan, sarsılmaz bir əqidə ilə amallara bağlı, ölkəni və İslam dövlətini sevən, dini və siyasi cəhətdən gözüaçıq, məsələlərin dərinliyinə vara bilən insanlar yetişdirilsin”.

“Dini və siyasi cəhətdən gözüaçıqlıq gənclər üçün, onların doğru yoldan azmaması üçün çox əhəmiyyətlidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “1388-ci ildə baş vermiş fitnə və iğtişaşlar zamanı bir çox insanların – hansılar ki özlüyündə heç də pis insanlar deyildi – doğru yoldan azmasının səbəbi gözüaçıq olmamaları idi. Qarşı tərəf: “Seçki bəhanədir, hədəf dövlətin özüdür” – deyirsə, dövlətinə bağlı və sadiq olan bir insan nə etməlidir? Gözüaçıq olmayan insan lazımi anda öhdəsinə düşən vəzifəni yerinə yetirməyəcək”.

Ali Məqamlı Rəhbər universitetlərdə ehtiyac duyulan mədəni işlər sırasında gənclərdə özünəinam və gələcəyə ümid əhval-ruhiyyəsinin yaradılmasını da qeyd edərək dedi: “Ölkədə ümidverici məqamlar olduqca çoxdur. Bu sıraya ölkəmizin böyük imkan və potensialı, hazırkı mövqe və iqtidarı da daxildir”.

“Özünü lazımınca qiymətləndirməmək ən böyük təhlükədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Özünü layiqincə dəyərləndirməməyin, ölkənin və xalqın güc və bacarığını zəif hesab etməyin nəticəsi budur ki, hamı İran İslam Respublikasının regiondakı nüfuz və iqtidarını etiraf etdiyi halda, ölkə daxilində biri durub deyir: “Biz heç kimik, dünyadan təcrid olunmuşuq!”

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, universitetlərdə həyata keçirilməli olan digər mədəni işlər sırasına ideoloji, mədəni, siyasi və iqtisadi cəhətdən müstəqilliyin vacibliyinə inanan gənclərin yetişdirilməsidir. O dedi: “Mənə çatan xəbərlərə görə – ümidvaram ki, onlar doğru deyil – bəzi universitetlərdə bunun əksi müşahidə olunur, yəni gözəl fikirlərin, inqilabi ideyaların daşıyıcısı olan, mömin tələbə təşkilatları təzyiqlərə məruz qalır”.

O, üzünü Elmlər və Səhiyyə Nazirliklərinə, universitetlərin rektorlarına tutaraq aşağıdakıları vurğuladı: “İnqilabi ideyalara bağlı, mömin, yüksək əhval-ruhiyyəli, dindar, heysiyyətli gənclərə şərait yaradın, belə ki meydan onların əlində olsun”.

Çıxışını yekunlaşdıran Ali Məqamlı Rəhbər universitetlər və universitet ictimaiyyəti ilə özü arasında çoxdan və sıx bağlılıq olduğunu bildirərək dedi: “Bu gün universitetlər və tələbələr ən böyük planların hədəfidir. Düşmənlər ölkədə inqilabi əhval-ruhiyyəli, imperializmə qarşı aqressiv tələbə gənclərin fəal iştirak edərək onların qırmızı xətlərini pozmasından, elmin bayrağını ucaltmasından, inqilabi şüarları önə çəkməsindən qorxur, bu hərəkatın əleyhinə mübarizə aparmaq üçün plan cızıb böyük pullar xərcləyirlər”.

Müasir dövrdə müstəmləkəçilik metodlarının dəyişdiyini bildirən Həzrət Ayətullah Xamenei dedi: “Bu gün imperialistlər ayrı-ayrı ölkələrdə cəmiyyətin fəal, savadlı və tanınmış nümayəndələrininin düşüncəsini elə bir formada dəyişməyə çalışırlar ki, həmin insanlar onların məqsədlərinin reallaşmasına xidmət etsin”.

Universitetlərdə dəyərlərlə bağlı maarifləndirmə işinin aparılmasının da vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Dini-mənəvi dəyərlərə, inqilabi ideyalara sadiq tələbələrin, həmçinin bu gün universitetlərimizdə sayı minlərlə olan mömin, inqlabi ruhiyyəli professor və müəllimlərin bu mövzuda keçirdiyi narahatlığa diqqət yetirmək, həmin müəllimlərin qədrini bilmək lazımdır”.

Ali Məqamlı Rəhbərin nitqindən öncə Elm, Tədqiqat və Texnologiya Naziri Dr. Fərhadi çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi qurumun müqavimət iqtisadiyyatının reallaşdırılması sahəsində ən çox önəm verdiyi fəaliyyət proqramları elmi əsaslı iqtisadiyyata diqqət yetirmək, elm və texnologiyadan maddi sərvət istehsal etməkdir. O dedi: “Elmlər Nazirliyinin başlıca fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbilər sırasında müqavimət iqtisadiyyatı ilə bağlı dövlət sənədinin işlənib hazırlanması və təsdiq edilməsini, tədris proqramlarına yenidən baxılması və lazımi islahatların aparılmasını, ölkədəki sənaye və xidmət sektorları ilə əməkdaşlığı, “Universitetlərin İslam dininin dəyərlərini əks etdirməsi haqda sənəd”in icrasına səy göstərilməsini, azad fikir klublarının təşkilini, universitetlərdə dini-inqilabi atmosferin dərinləşdirilməsi və genişləndirilməsini qeyd etmək olar”.

Səhiyyə və Tibbi Təhsil Naziri Dr. Qazizadə Haşimi isə öz çıxışında İranın tibb sahəsində yazılan elmi məqalələrin sayına görə regionda birinci, dünyada isə 24-cü yerdə olduğunu qeyd edərək dedi: “Ölkənin elmi inkişafına görə regionda liderlik qazanması və beynəlxalq arenada fəal iştirak etməsi, ənənəvi və milli təbabətə, həkimlik etikasına diqqət yetirilməsi, Tibb və Din fakültəsinin yaradılması, pasiyentlərin hüquqlarına riayət edilməsi, qadınlar üçün xəstəxananın yaradılması Səhiyyə Nazirliyinin gündəliyində yer alan əsas məsələlərdir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /