İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə axşamı) səhər baş tutan izdihamlı görüşündə bildirdi ki, İran xalqının imperializmə qarşı mübarizəsinin tarixi təcrübəyə əsaslanan müdrik və məntiqli bir mübarizə olduğunu bildirdi. O, İranın müasir tarixində bəzi siyasətçilərin sadəlövhlük edib Amerikaya etimad göstərməsi ucbatından ölkənin üzləşdiyi problem və zərbələrə istinad edərək dedi: “Amerika elə köhnə Amerikadır, bir qrup qərəzli və ya sadəlövh insan isə onun münasib fürsətdə arxadan xəncəri belimizə saplaya bilməsi üçün bu məkrli düşmənin simasını xalqa unutdurmağa çalışır”.
13 aban – Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində baş tutan bu görüş zamanı Ali Məqamlı Rəhbər bildirdi ki, hazırkı etap xalqın qürur və heysiyyətini təsbit etmək, iranlıların inkişaf planını cızmaq dövrüdür. O, bu etapda hamı, özəlliklə gənclər üçün sayıqlıq, məlumatlılıq və gözüaçıqlığın son dərəcə mühüm olduğunu qeyd etdi.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hazırkı vəziyyəti dərk və təhlil etməkdə, habelə ölkənin gələcək hərəkət kursunu müəyyən etməkdə əsas məqam aşağıdakı reallığı dərk etməkdir: bəzilərinin dediyindən fərqli olaraq, İslam Respublikasının və İran xalqının imperializmə qarşı mübarizəsi emosialardan irəli gələn, məntiqsiz bir davranış deyil, ağıl və təcrübədən qaynaqlanan, elmi nəzəriyyəyə əsaslanan bir mübarizədir”.
“Xalqların ibrətamiz təcrübəsinə diqqət yetirmək insanın məsələlərə yanlış yanaşmasına, səhv hesablamalara yönəlməsinə mane olur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qurani-Kərimin zülm və imperializmə qarşı mübarizədən söz açan açıq-aşkar ayələrini bir kənara qoysaq belə, 1332-ci il 28 mordad tarixində baş vermiş böyük çevriliş Amerika ilə necə davranmaq lazım olduğunu göstərir”.
Mühüm bir etap olan neft sənayesinin milliləşdirilməsi dövründə baş vermiş hadisələrdən danışan Həzrət Ayətullah Xamenei Amerikaya ümid və etimadın Doktor Müsəddiqin (həmin dövrdə baş nazir) tarixi səhvi olduğunu qeyd edərək dedi: “Müsəddiq İngiltərəyə qarşı mübarizə aparmaq üçün Amerikaya söykəndi və elə bu sadəlövhlük, məlumatsızlıq və primitiv düşüncə tərzi də Amerikanın cızdığı çevriliş planının uğurla nəticələnməsi üçün zəmin yaratdı. O çevriliş ki, xalqın neftin milliləşdirilməsi uğrunda çəkdiyi bütün zəhmətləri hədər etdi, xaricdən asılı Pəhləvi diktaturasını yenidən hakimiyyətə gətirdi və nəticədə əziz İranımız 25 il müddətində milli, siyasi, iqtisadi və mədəni cəhətdən ən ağır zərbələrə məruz qaldı”.
1332-ci il 28 mordad çevrilişindən sonra Amerikanın İranda geniş və dərin nüfuz qazandığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Layiqli lideri olmayan xalqlar bu cür çətinliklər qarşısında geri çəkilərək təslim olur. Allahın lütfündən bəhrələnən və İmam Xomeyni kimi bir rəhbəri olan İran xalqının isə getdikcə gözü daha da açıldı və xalq həyata keçirdiyi dini hərəkatla xaricdən asılı Pəhləvi rejimini və onun əsas himayəçisi olan Amerikanı hədəfə aldı”.
İmam Xomeyninin (r.ə) 1342-ci ildə İran xalqının Amerika prezidentinə dərin nifrət bəslədiyi barədə söylədiyi fikirlərə istinad edən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İlahi vədlərə dərin inam bəsləyən o güclü və qətiyyətli lider inqilabi hərəkatın formalaşdığı ilkin dövrdən xalqa başa saldı ki, bütün şər və məkr Amerikadan baş verir”.
İslam İnqilabının qələbə çaldığı ilk aylardan etibarən Amerikanın İslam İnqilabına düşmən kəsildiyini xatırladan Həzrət Ayətullah Xamenei dedi: “İnqilabdan sonra bir müddət Amerikanın Tehrandakı səfirliyi fəaliyyət göstərdi və onlar dövlətimizlə əlaqələrini qoruyub saxladılar, amma bir gün belə olsun məkrli niyyətlərindən əl çəkmədilər. Bəziləri bu tarixi təcrübədən anlamalıdırlar ki, əlaqə saxlamaq və üzdə dostluq etməklə Amerikanın düşmənçiliyinə və məkrli planlarına son qoyulmur”.
“Amerikanın Tehranda yerləşən səfirliyinin bir qrup tələbə tərəfindən ifşa edilməsi Vaşinqtonun öz çirkin planlarını davam etdirməsinə, amerikalıların xalqın mütləq düşməni olan Məhəmmədrza Pəhləviyə sığınacaq verməsinə göstərilən reaksiya idi” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika səfirliyindən götürülən sənədlər bu səfirliyin, doğrudan da, casus yuvası, İran xalqı və yenicə ayaqlanmış İslam İnqilabı əleyhinə ardıcıl surətdə həyata keçirilən məkrli planların mərkəzi olduğunu göstərdi”.
Casus yuvasından çıxan o sənədləri oxuyub araşdırmağın vacib, əhəmiyyətli və ibrətamiz olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu sənədlər açıq-aydın göstərir ki, amerikalılar inqilabi hərəkatın yetişdiyi dövrdə – rüsvayçı şah rejimi xalqa qarşı mübarizə apardığı zaman, həmçinin inqilabdan sonra daim İran xalqına zərbə vurmağa çalışmışlar”.
Həzrət Ayətullah Xamenei 1357-ci ilin qışında şah diktaturasını xilas etmək üçün İrana gəlmiş Amerika generalı Hayzerin xatiratında yer alan fikirlərə toxunaraq dedi: “Bu fikirlər açıq-aydın göstərir ki, Amerika Pəhləvi generallarını xalqı qırmağa təşviq edirmiş”.
Ali Məqamlı Rəhbər Amerikanın ölkədə desktruktiv və əks-inqilabi hərəkatlara, o cümlədən Nuje adlandırılan qiyama dəstək verməsini, Səddamı İrana hücuma təşviq etməsini və 8 il davam etmiş məcburi savaş dövründə mənfur Bağdad diktaturasına günü-gündən daha çox kömək göstərməsini bu ölkənin məkrli planlar zəncirinin digər halqaları olduğunu bildirdi.
O vurğuladı: “İran reallıqlarını düzgün dərk və təhlil edə bilməyən amerikalılar son 37 ildə daim İslam İnqilabını kökündən devirməyə çalışmış, lakin Allahın lütfü sayəsində həmişə uğursuzluğa düçar olmuşlar. Onların arzusu bundan sonra da ürəklərində qalacaq”.
“Böyük Şeytanın məkrli planlar zəncirini araşdırıb gözdən keçirməkdə məqsəd Amerikanı daha yaxşı tanımaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Son illər bəzi insanlar qərəzli surətdə, Amerikanın istiqamətləndirməsi ilə və ya sadəlövhlük ucbatından xalqın dəfələrlə təcrübədən keçirdiyi olaylara göz yumub Amerikanı bəzəkli simada təqdim etməyə, vəziyyəti belə qələmə verməyə çalışırlar ki, amerikalılar nə vaxtsa İranın düşməni olsalar da, bu gün o məkrli planlarından əl çəkiblər!”
O həmçinin dedi: “Bunu edənlərin məqsədi odur ki, düşmənin həqiqi siması beyinlərdən silinsin, amerikalılar gizlində öz düşmənçiliklərinə davam edə bilsinlər və fürsət tapan kimi arxadan bıçağı kürəyimizə saplasınlar”.
Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Reallıq budur ki, Amerikanın İran İslam Respublikası əleyhinə izlədiyi hədəflər əsla dəyişməyib. Əgər onların əlinə İslam Respublikasını məhv etmək kimi bir fürsət düşsə, bir an belə olsun düşünüb ləngiməzlər, amma bunu bacarmırlar və Allahın köməyi, gənclərimizin əzmi, xalqın uzaqgörənliyinin günü-gündən daha da dərinləşməsi və genişlənməsi, İranın inkişafı sayəsində gələcəkdə də bu hədəflərini gerçəkləşdirə bilməyəcəklər”.
O, Amerika rəsmilərinin danışıqların gedişində müəyyən məqamlarda yumşaqlıq göstərməsinə toxunaraq dedi: “Amerikanın bu davranışlarının iç üzü eynilə keçmişdəki düşmənçilikdir. Xalqımız bu reallığı unutmur”.
Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Amerika rəsmilərindən biri danışıqlar zamanı müharibəyə nifrət etdiklərindən söz salıb və hətta göz yaşı da töküb. Bir qrup sadəlövh insan buna inana bilər, amma Amerikanın cinayətkar, qəsbkar və qatil İsrail rejimini heç nəyi əsirgəmədən himayə etməsi və ona ardıcıl olaraq yardım göstərməsi, habelə Yəmən əhalisinə qarşı törədilən cinayətləri müdafiə etməsi o iddianın və o göz yaşlarının həqiqi mahiyyətini ortaya qoyur”.
Həzrət Ayətullah Xamenei İranın dünyanın müxtəlif ölkələri, hətta İran xalqına qarşı səmimi olmayan dövlətlərlə normal münasibət saxladığını bildirərək dedi: “Bu yanaşmasına baxmayaraq, İran xalqı ona zərbə vurmaq, İslam Respublikasını məhv etmək üçün hər bəhanədən istifadə edən Amerikaya dost gözü ilə baxmayacaq və bu dövlətə dostluq əlini uzatmayacaq. Çünki şəriət, ağıl, vicdan və insaniyyət ona bu haqqı vermir”.
Ali Məqamlı Rəhbər Amerika dövlətinin İslam Respublikası əleyhinə hərtərəfli fəaliyyətini durmadan davam etdirdiyini qeyd edərək dedi: “Onlar tədricən anlayıblar ki, xalqın müqavimətinin səbəbi onun dini inanc və ideolgiyasıdır, ona görə də bu gün yeni texnologiyalarla bu dəyər və ideyaları hədəfə alıblar. Buna baxmayaraq, bizim tələbə və şagirdlərimiz, eləcə də bütün gənclərimiz bu hiyləni neytrallaşdıracaq”.
O, əlavə etdi: “Düşmən rüsvayçı şah rejiminin dövründə olduğu kimi, indi də bizim universitetlərimizi Qərbə doğru körpüyə çevirmək istəyir, amma gənclərimizin sayıqlığı sayəsində universitetlərimiz uzunmüddətli amallara ucalan bir nərdivana çevrilib və gənclərimiz bu effektiv mövqelərini qoruyurlar”.
“Düşməni İranla nüvə danışıqları aparmağa sövq edən səbəb İran xalqının qüdrət və inkişafıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Onlar İran xalqının hərəkatına zərbə vurmaq üçün həmin danışıqlarda da öz düşmənçi tədbirlərindən əl çəkmədilər”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Amerikanın İran xalqına qatı düşmən olduğuna ciddi diqqət yetirmək daxildəki zəif cəhətlərə göz yummaq anlamına gəlmir. O, əlavə etdi: “Siyasətlərin işlənib hazırlanmasında, icrasında, işləri aktiv, dinamik şəkildə həyata keçirməkdə, prioritet məsələlərin müəyyən edilməsində və digər müxtəlif sahələrdə elə zəif cəhətlərimiz var ki, düşmən bir çox məqamalarda onlardan istifadə edib”.
Diqqəti əsas düşməndən yayındırıb daxildəki hərc-mərcliklərə yönəltməyin böyük bir səhv olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəziləri daxildəki nöqsan və problemləri bəhanə edib xarici düşməni yaddan çıxarırlar”.
O həmçinin vurğuladı: “Düşməni həmfikir olmadığımız insanlarla səhv salmamalıyıq. Düşmən o kəsdir ki, xalqa zərbə vurmaq, ölkədə hakimiyyətə xaricdən asılı, Qərb dövlətləri qarşısında təslim olan bir rejim gətirmək üçün var gücü ilə çalışır. Biz bu kinli, qərəzli və ciddi düşməni heç bir halda yaddan çıxarmamalıyıq”.
Həzrət Ayətullah Xamenei sözünə aşağıdakı fikirlərlə davam etdi: “Tənqiddən inkişaf doğur, cəmiyyət də azaddır və tənqid etmək hüququ var, amma İmam Xomeyninin dəfələrlə vurğuladığı bu tarixi sözləri unutmamalıyıq: “Səsiniz çıxdığı qədər Amerikaya bağırın”.
Gənclərə təhsilə, elmlərin mənimsənilməsinə ciddi yanaşmağı, ictimai hədəfləri şəxsi istəklərdən üstün tutmağı, özlərində dünyagörüşü və analiz bacarığını artırmağı tövsiyə edən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Dünyanın hazırkı dolaşıq vəziyyətində zülm, istismar və müstəmləkiçilik əleyhinə ucalan, xalqların, ziyalıların diqqətini çəkən yeganə qətiyyətli səs İran xalqının səsidir. Bu səsi əldən verməməliyik”.
Bu sözləri gənc və yeniyetmələrin “Amerikaya ölüm!” şüarları ilə müşayiət olunan Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İran xalqının “Amerikaya ölüm!” şüarı, bu fəryadı dövlətimizin konstitusiyasından, zülm və istibdadı heç cür qəbul etməyən prinsipial ideologiyasından qaynaqlanır və güclü məntiqi, rasional əsasa malikdir”.
O həmçinin dedi: “Bu şüarın mənası Amerika və imperializmin siyasətlərinə ölüm arzulamaqdır. Bu məntiqi hansı xalqa izah etsən, qəbul edər”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda aşağıdakıları vurğuladı: “İran xalqı ümid və qətiyyətlə öz yoluna davam edir. Bu günün gəncləri özlərində imanı, gözüaçıqlığı artırmaqla, heç şübhəsiz, elə bir dövranın şahidi olacaqlar ki, xalqlar dəhşətli monstrların kölgəsi altında yaşamaqdan qurtulacaq, əziz və mütərəqqi İranımız isə bütün xalqların ilhamverici qüvvəsi olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir