Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın regionda izlədiyi hədəflər İranınkılardan 180 dərəcə fərqlənir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, səfirlər və İranın müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərində çalışan insanlarla bu gün (bazar günü) səhər baş tutan görüşündə ölkənin xarici siyasətinin Konstitusiyada əksini tapan sabit, dəyişməz prinsip və strategiyaları, eləcə də bu prinsip və siyasətlərdən irəli gələn tələblər haqda danışdı. O, İranın mühüm regional problemlər, o cümlədən Suriya, Yəmən və Bəhreyn məsələləri ilə bağlı irəli sürdüyü əsaslı və məntiqli həll yollarının nədən ibarət olduğunu açıqlayaraq aşağıdakıları vurğuladı: “Amerikanın regionda izlədiyi hədəflər İranınkılardan 180 dərəcə fərqlənir”.

Rəsmi Tehranın yürütdüyü xarici siyasətin dövlətin Konstitusiyada əksini tapan xarici siyasətləri ilə üst-üstə düşdüyünü qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu siyasət İslam dinindən əxz edildiyinə, İslam İnqilabının hədəf və ideallarından qaynaqlandığına görə Xarici İşlər Nazirliyinin rəsmiləri, səfirlər və diplomatik nümayəndəliklərin işçiləri, əslində, bu prinsip və amalların elçiləri, əsgərləri və xidmətçiləridir”.

O, mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Bütün dünya ölkələri kimi, ölkəmizin də xarici siyasəti dəyər və prinsiplər, uzunmüddətli mənafe üzərində qurulub. Müxtəlif siyasi təmayüllü hökumətlərin gəliş-gedişi bu siyasəti dəyişmir. Dövlətlər yalnız bu xarici siyasətin strategiyalarının icra taktikasına, bu sahədə edilən təşəbbüslərə təsir göstərə və müdaxilə edə bilirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müxtəlif hökumət kabinetlərinin iş başında olduğu dövr ərzində bütün diplomatik gedişlər Konstitusiyada əksini tapan xarici siyasət prinsiplərinin irəli aparılmasına xidmət etməli, İranın xaricdəki siyasi nümayəndələri özlərini dövlətin siyasətlərinin ciddi, məntiqli müdafiəçisi və təmsilçisi bilməlidirlər”.

Həzrət Ayətullah Xamenei yadelillərin İslam Respublikasının öz xarici siyasətində məcburən və ya istəyərək dəyişiklik edəcəyi barədə təbliğat apardığına toxunaraq dedi: “Qərblilərin bu özündənrazı təhlili, əslində, aşağıdakı reallığın onlara etdiyi təzyiqdən qaynaqlanır: İslam Respublikasının xarici siyasəti ən azından regional səviyyədə möhkəm, dağılmaz bir sədd kimi imperialist dövlətlərin, özəlliklə də Amerikanın hegemonluğuna əngəl olur və onlar daim bu siyasətin dəyişməsini arzulayırlar”.

“Regionda stabilliyin pozulmasının əsas səbəbi amerikalıların olduqca həssas bir bölgə olan Qərbi Asiyada izlədiyi siyasətdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəzilərinin düşündüyünün tam əksinə olaraq, regiondakı problemlərin önəmli bir hissəsi Amerika ilə bağlıdır, bu problemlərin həlli yollarından bir hissəsi yox”.

İran İslam Respublikasının xarici siyasətinin bu və ya digər qüvvələrdən asılı olmadığını və dövlətin konstitusiyasındakı dəyişməz prinsiplərə əsaslandığını bir daha vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Konstitusiyaya görə, xarici siyasətin meyarı İslam dinidir. Odur ki müxtəlif ölkələrə və məsələlərə münasibətdə mövqe seçilərkən bu dinin tələbləri nəzərə alınmalıdır”.

Xarici siyasətin konstitusiya ilə müəyyən edilmiş digər prinsiplərindən danışan Ali Məqamlı Rəhbər İranın bütün dünya müsəlmanlarına qarşı qardaşlıq öhdəçiliyi daşıdığını, dünyadakı zəif və məzlum insanları heç nəyi əsirgəmədən müdafiə etdiyini, müstəmləkəçiliyi tamamilə rədd etdiyini, əcnəbilərin bütün sferalarda ölkəyə nüfuz etməsinin qarşısını aldığını, öz suverenliyini hərtərəfli surətdə qoruduğunu, qeyri-militarist dövlətlərlə sülh əsasında qarşılıqlı əməkdaşlıq qurduğunu, xalqların daxili işlərinə hər cür müdaxilədən çəkindiyini, dünyanın istənilən nöqtəsində məzlumların imperialistlərə qarşı haqlı mübarizəsini dəstəklədiyini qeyd edərək dedi: “Bu cəlbedici, yeni və ali prinsiplər xalqlarda, xüsusilə də ziyalılarda maraq yaratmışdır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İslam Respublikasının özündə bu strategiya və xüsusiyyətləri əks etdirən xarici siyasəti İslam İnqilabının töhfəsidir. Bu siyasət müdrik metodlarla icra olunarsa, heyrətamiz nəticələri olacaqdır və İslam dünyasındakı problemlərin önəmli bir hissəsini həll etmək potensialına malikdir”.

Həzrət Ayətullah Xamenei ölkənin xarici siyasət strategiyalarının icrasından irəli gələn bəzi müsbət nəticələrə toxunaraq dedi: “İnqilabın siyasətlərinin istənilən sahədə, o cümlədən diplomatiya sferasında icrası ölkənin mövqe, iqtidar və nüfuzunun yüksəlməsinə, dünya xalqları arasında iranlıların hörmət və etibarının artmasına səbəb olur”.

Ölkənin dəyişməz xarici siyasət strategiyalarını ardıcıl surətdə davam etdirmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Biz bütün məqsədlərimizə çatdığımızı, yaxud hətta onlara yaxınlaşdığımızı iddia etmirik. Çünki inqilabın xarici siyasətinin icrasında bəzi nöqsanlar olub, müəyyən məqamlarda kifayət qədər diqqət və ya uzaqgörənlik nümayiş etdirilməyib, habelə xaricdən də bəzi əngəllər törədilib. Amma yenə də ölkəmizin hazırda malik olduğu nüfuzlu mövqeyi biz bu müdrik siyasətlərə borcluyuq. Əgər biz həmin prinsiplərə əməl etməsəydik, Allah bilir, sərhədlərimiz daxilində hansı inanılmaz problem və zərbələrlə üzləşərdik”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei XİN rəsmilərinə, səfir və diplomatlara üzünü tutaraq aşağıdakıları vurğuladı: “İnqilabın prinsiplərini, xarici siyasətimizin dəyişməz strategiyalarını qüdrət, mətanət və qürurla davam etdirin ki, yadelillər və onların ölkə daxilindəki ardıcılları İslam Respublikasının xarici siyasətinin dəyişiləcəyi xəyalı ilə sevinməsinlər”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər xarici siyasətin prinsip və strategiyalarına sadiq qalmağın tələblərindən danışdı.

O dedi: “Bir məqama diqqət yetirin ki, xarici siyasətdə işlənən taktikalar strateji prinsiplərə xidmət etməlidir, daha taktika adı altında prinsiplərə zidd işlər görülməməlidir”.

Həzrət Ayətullah Xamenei xarici siyasətin digər tələbləri sırasında müxalif ünsürlər və əngəllər qarşısında özünəinam, qətiyyət və mətanətlə davranmağın əhəmiyyətini qeyd edərək eyni zamanda aşağıdakıları vurğuladı: “Əlbəttə, diplomatiyanın məharəti yeni ideyaları və mövcud maneələri effektiv bir şəkildə açıqlamaqdır”.

“İslam Respublikası regional məsələlərlə bağlı ortaya dünya ictimaiyyəti tərəfindən bəyənilən, güclü bir məntiq qoymuşdur” – deyən Ali Məqamlı Rəhbər İranın bu problemlərin həlli ilə bağlı irəli sürdüyü həll yollarının nədən ibarət olduğunu açıqlayaraq dedi: “Fələstin məsələsində biz qəsbkar və qondar rejimi rədd etmək, onu hər gün törətdiyi faciə və cinayətlərə görə ittiham etməklə yanaşı, bütün fələstinlilərin iştirakı ilə seçkinin keçirilməsini təklif etmişik. Bu, hazırda qüvvədə olan beynəlxalq normalara da tamamilə uyğundur”.

O, əlavə etdi: “Qoy işğal edilmiş torpaqlarda məskunlaşdırılmış əhali və sionistlərlə bağlı qərarı xalqın seçimi nəticəsində hakimiyyətə gələcək dövlət versin. Əlbəttə, bizim bu məntiqli təklifimizin əleyhinə çıxış edərək bildiriblər ki, bu, qəsbkar rejimin süqutuna bərabərdir. Təbii ki, bu qondarma rejim süquta uğramalıdır”.

Ali Məqamlı Rəhbər Suriya məsələsinə də toxunaraq aşağıdakıları vurğuladı: “Bizim bu məsələyə yanaşmamız ən məntiqli və əsaslı yanaşmadır. Biz düşünürük ki, başqa ölkələrin bir araya gəlib hansısa hökumət rejimi və onun başında duran şəxs haqda qərar qəbul etməyinin heç bir mənası yoxdur. Bu, beynəlxalq siyasətə gətirilən təhlükəli bir yenilikdir və heç bir hökumət ona qarşı belə bir şeyin tətbiq edilməsini qəbul etməz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Suriya probleminin həlli yolu seçkilərdir, bunun üçün isə müxalif qüvvələrə göstərilən hərbi və maliyyə yardımlarının kəsilməsi ilə əvvəlcə ölkədə müharibəyə, qeyri-sabitliyə son qoyulmalıdır ki, xalq asayiş və təhlükəsizlik şəraitində istədiyi şəxsi seçə bilsin”.

Mövzu ilə bağlı söhbətini davam etdirən Ali Məqamlı Rəhbər ölkələrin parçalanaraq kiçik etnik ərazi vahidlərinə çevrilməsinin əleyhinə olduğunu bildirdi və dedi: “Son qərarı verib hökuməti formalaşdırmaq üçün silahlı qruplardan birinə liderliyi həvalə etmək məqbul və məntiqli bir çıxış yolu deyil. Bu kimi çözüm formulları faktiki olaraq müharibənin davam etməsinə səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei İraq məsələsi ilə bağlı aşağıdakıları qeyd etdi: “Bu ölkənin sünni ərəb, şiə ərəb və kürd məntəqələrinə bölünməsi xalqın mənafeyinə tamamilə zidd, qeyri-real, mənasız və qəbuledilməzdir”.

O, əlavə etdi: “İranın İraq məsələsi ilə bağlı təklif etdiyi həll yolu prinsipi bu ölkənin ərazi bütövlüyü və xalqın seçiminin aliliyidir”.

Həzrət Ayətullah Xamenei Yəmən probleminə də münasibət bildirdi. O dedi: “Bu ölkədəki iğtişaşlara Səudiyyə hökumətinin cinayətlərini dərhal durdurmaq və ölkə daxilində danışıqlara başlamaqla son qoymaq olmaz”.

Ali Məqamlı Rəhbər Səudiyyə hökumətinin Yəmən və Suriyaya münasibətdə ikili standartlar sərgilədiyini bildirərək dedi: “Yəmənə gələndə onlar bu ölkəyə oranın istefa verərək xaricə qaçmış prezidentinin xahişi ilə hərbi müdaxilə etdiklərini deyirlər, Suriya məsələsində isə bu ölkənin qanuni prezidentinin xahişi ilə silahlı müxalifətə himayədarlıq etməkdən əl çəkmək istəmirlər”.

Bəhreyn məsələsinə də toxunan Ali Məqamlı Rəhbər dedi: “Bəhreyn xalqı səsvermə və seçki hüququndan başqa heç bir şey istəmir və biz onların bu tələbini məntiqli hesab edirik”.

Həzrət Ayətullah Xamenei İslam Respublikasının regional problemlərlə bağlı irəli sürdüyü həll yollarından danışdıqdan sonra aşağıdakıları dedi: “Bütün bu qeyri-sabitliyin əsas səbəbi Amerikanın İsrail rejimini və terrorçu qrupları himayə etməsidir. Bu siyasətlər İslam Respublikasının siyasətlərindən 180 dərəcə fərqlənir”.

Amerika ilə regional problemlər ətrafında danışıqlar aparmağın qəti əleyhinə olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Amerikalıları problemlərin həlli yox, öz mənafeləri maraqlandırır. Onlar danışıqlarda öz istəklərinin 60,70 faizini qarşı tərəfə diktə etmək, qalan məqsədlərini də faktiki olaraq qeyri-qanuni surətdə reallaşdırmaq istəyirlər. Belə isə bəs onda danışıqlar aparmağın nə mənası var?”

Çıxışının davamında Ali Məqamlı Rəhbər qonşu dövlətlər, müsəlman ölkələri və Afrika dövlətləri ilə əlaqələri daim genişləndirməyin xarici siyasətin digər vacib tələbi olduğunu bildirdi.

“XİN rəsmiləri və xaricdə fəaliyyət göstərən diplomatlar haqda “beynəlxalq arenanın avanqard döyüşçüləri” ifadəsini işlətmək yerinə düşər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “XİN öz məqsəd və vəzifələrini diqqətdə saxlayaraq lazımınca fəallıq göstərir. Xüsusilə son danışıqların gedişində Dr. Zərif və həmkarları çətin bir sınağı layiqincə geridə qoydular”.

Ali Məqamlı Rəhbər danışıqlarda iştirak etmiş komandanın səylərini və ciddiyyətini yüksək qiymətləndirərək dedi: “Nüvə danışıqlarında ölkəmizi təmsil etmiş diplomatların güclü cəhətləri sırasında onların özündə güc tapıb dünyanın 6 böyük dövləti qarşısında oturmasını, qarşıya qoyulmuş hədəfləri müdafiə etməsini, öz iştirakını və varlığını qarşı tərəflərə sübut etməsini qeyd etmək olar”.

Dini inancın cənab Zərifin ən önəmli güclü cəhəti olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən siz əzizlərimiz üçün dönə-dönə dua edirəm”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Müştərək Tədbirlərlə bağlı Kompleks Proqramın icrasında da öncədən nəzərdə tutulan mühüm məqamları diqqətdə saxlamalısınız. Həmin məsələlərin reallaşması tamamilə mümkündür. Cənab prezidentin də mənə bildirdiyi kimi, danışıqların gedişində də bəzi nətiəclərin əldə edilməsi əvvəlcə qeyri-mümkün görünürdü, amma sizli-bizli dediyimizin üstündə möhkəm durduq və sonda mümkün oldu”.

Həzrət Ayətullah Xamenei çıxışının son – üçüncü hissəsini ölkəni xaricdə təmsil edən səfirlik və nümayəndəliklərin rəsmilərinə tövsiyə və qeydlərə həsr etdi.

Bu tövsiyələr srasında İran xalqının milli iqtidarının, xalqın ölkədə dolğun və həlledici rolunun, saysız-hesabsız gənc, səmərəli və intellektual kadr potensialının, elm və texnologiya sahəsində əldə edilmiş heyrətamiz inkişafın beynəlxalq arenada təsbit edilməsi və bu amillərin vurğulanması, xaricdəki səfirlik və nümayəndəliklərdə çalışan rəsmilərin dini normalara və inqilabi ruhiyyəyə sadiqliyi, Qoşulmayanlar Hərəkatına üzv olan ölkələrin potensialından istifadə, habelə diplomatların müqavimət iqtisadiyyatının reallaşmasında rol oynaması yer alırdı.

Ali Məqamlı Rəhbərdən əvvəl çıxış edən Xarici İşlər Naziri cənab Zərif regionda həssas şəraitin formalaşdığına toxunaraq aşağıdakıları vurğuladı: “XİN öz fəaliyyətində Ali Məqamlı Rəhbərin tapşırıqlarını və müəyyən etdiyi kursu əsas götürmüşdür. Müştərək tədbirlərlə bağlı razılaşmanın əldə edilməsindən sonrakı mərhələdə də Ali Məqamlı Rəhbərin bu razılaşmanın icrası ilə bağlı ölkə prezidentinə ünvanladığı son məktubda əksini tapan prinsiplər rəhbər tutulacaqdır”.

XİN-in düşmənin ölkəyə nüfuz etməsi, habelə müqavimət iqtisadiyyatının icrası məsələlərinə diqqətlə yanaşdığını bildirən Dr. Zərif əlavə etdi: “Səfir və diplomatlarn builki konfransında hazırkı vəziyyətdən müqavimət iqtisadiyyatının qarşıya qoyduğu hədəflərin gerçəkləşməsi, regionda müqavimət cərəyanının gücləndirilməsi, Qərbi Asiyada mövcud olan problemlərin İran İslam Respublikasının nəzərdə tutduğu qaydada həllini tapması istiqamətində istifadə etməyə çalışırıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /