Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu faciə həcc ziyarətinə ev sahibliyi edən dövlətin məsuliyyətsizliyi ucbatından vaş verib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə Minada baş vermiş acınacaqlı və qəribə hadisənin ilahi sınaqlardan biri olduğunu qeyd etdi. O, dünya dövlətlərinin, xüsusilə də Qərb ölkələrinin və insan haqları iddiasında olan beynəlxalq təşkilatların bu böyük müsibət qarşısında susmasını tənqid edərək aşağıdakıları vurğuladı: “Bu hadisə heç bir vəchlə unudulmamalıdır. Ölkəmizin diplomatik korpusu və Həcc Təşkilatı bu məsələnin araşdırılmasını ciddi şəkildə izləməlidir”.

Görüş zamanı Ali Məqamlı Rəhbər bunu da qeyd etdi ki, həcc ziyarətinə ev sahibliyi edən dövlət 7 min müsəlmanın ölümünə görə məsuliyyət daşıyır. O, əlavə etdi: “Bu hadisədən sonra İslam dünyası vahid etiraz səsini ucaltmalı idi, amma təəssüflər olsun ki, İslam Respublikasından başqa heç kəsin səsi eşidilmədi, hətta ölənlər arasında zəvvarları olan dövlətlər belə, diqqətəlayiq bir tərzdə etiraz bildirmədilər”.

“Məsələnin araşdırılmasını izləmək, bu hadisənin nə qədər əhəmiyyətli olduğunu üzə çıxarmaq, onun təkrarlanmasının qarşısını hansı yollarla almaq lazım olduğunu nəzərdən keçirmək üçün müxtəlif dövlətlərlə danışıqlar aparmaq ölkə rəsmilərimizin, xüsusilə də diplomatik korpusun nümayəndələrinin vacib vəzifəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Olayın zahirindən görünür ki, bu faciə həcc ziyarətinə ev sahibliyi edən dövlətin məsuliyyətsizliyi ucbatından vaş verib, amma hər halda, bu, siyasi bir məsələ deyil və söhbət minlərlə insanın həcc ziyarətini yerinə yetirdikləri zaman, əyinlərində ehram libası, ibadət halında can verməsindən gedir. Bu məsələ ciddi şəkildə araşdırlmalıdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Amerika və Avropada insan haqları iddiası edən təşkilatların bu faciə qarşısında tam sükutu seçməsi də araşdırma predmeti ola biləcək maraqlı aspektlərdən biridir. O dedi: “İnsan haqlarını müdafiə etdiklərini iddia edən yalançı və ikiüzlü qurumlar, həmçinin bəzən bir nəfərin qətlinə görə dünyada böyük hay-küy qaldıran Qərb dövlətləri bu olayda özlərinə dost ölkənin xeyrinə tam sükut etdilər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnsan haqları iddisında olan bu dövlətlər əgər düzünü deyirdilərsə, gərək bu faciəyə səbəb olanların cavabdehlik daşımasını, cəzalandırılmasını, insanlara dəymiş ziyanın kompensasiya edilməsini və belə hadisələrin bir daha təkrar edilməyəcəyinə zəmanət verilməsini tələb edəydilər”.

Bu mühüm mövzunun diqqətdə saxlanması və aktuallığının qorunması vəzifəsinin Həcc Təşkilatının üzərinə düşdüyünü qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məsələnin üzərindən susaraq keçib onu unutmaq olmaz. Bu mövzu qlobal toplantılarda illərlə danışılmalı, bütün fəaliyyətlərin əsas hədəfi isə insan haqları barədə iddialarla çıxış edən Qərb dövlətləri olmalıdır”.

O, canıyananlıqla çəkdikləri zəhmətlərə görə ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərə, xüsusilə də vəziyyəti ardıcıl surətdə izləyib həyata keçirdiyi tədbirlərə, qətiyyətli ruhiyyə və mövqeyinə görə Höccətül-İslam vəl-muslimin Qazi Əsgərə, həmçinin hərtərəfli fəaliyyətinə, yaranmış situasiyada öhdəsinə düşən məsuliyəti dərhal hiss edərək zəruri addımları atdığına görə Həcc Təşkilatının sədri cənab Əvhədiyə səmimi təşəkkürünü bildirərək dedi: “Hamılıqla çəkilən bu zəhmət və əziyyətin əcri, mükafatı Allah yanındadır. Məhz bu səbri və Allah yolunda çətinliklərə tab gətirməsi sayəsində Həzrət Zeynəb (s.ə) Kərbəla çölündə üzləşdiyi o qədər bəla və müsibətdən sonra bütün bunları “gözəllik” deyə yad edir”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər builki həcc mövsümündə görülən işlər, xüsusilə də Məscidül-həram və Minada baş verən faciələrlə bağlı həyata keçirilmiş tədbirlər haqda ətraflı məlumat verərək dedi: “Bu faciə Səudiyyə rəsmilərinin yarıtmaz idarəçiliyinin, vaxtında hərəkətə keçməməyinin nəticəsi idi. Biz insident baş verdiyi zaman yaşanmış faciəli olayları rəsmi strukturların əməkdaşlığı ilə sənədləşdirəcək və səbəbkarların cavabdehlik daşımasını tələb edəcəyik”.

Həcc Təşkilatının sədri cənab Əvhədi də Mina faciəsində həlak olmuş məzlum insanların cəsədlərinin ölkəyə gətirilməsi, habelə faciə nəticəsində ziyan çəkmiş insanlara göstərilən yardımlarla bağlı aşağıdakıları dedi: “Həlak olmuş qalan iranlı zəvvarların yerinin müəyyən edilməsi istiqamətində digər hökumət strukturlarının əməkdaşlığı ilə ardıcıl işlər görülür”.

Cənab Əvhədi builki həcc ziyarətinin icrası ilə də bağlı məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /