İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) axşam şəhid general Hüseyn Həmədaninin ailə üzvlərini yaşadıqları mənzildə ziyarət etdi. General Həmədaninin ailə üzvləri ilə əhvallaşan Ali Məqamlı Rəhbər onları bu şanlı və vüqarlı insanın şəhadəti münasibətilə həm təbrik etdi, həm də başsağlığı verdi.
Şəhid general Həmədaninin təhlükəli meydanlarda ixlas və cihad ruhu ilə iştirak etdiyini deyən Ali Məqamlı Rəhbər bildirdi ki, belə şövqləndirici bir alın yazısına qovuşmaq haqq yolun mücahidlərinin çoxdankı arzusudur. O, əlavə etdi: “Allah-taala şəhadət qapısını Özünün həqiqi bəndələri üçün açıq qoymuşdur. Şəhid Həmədani kimi nümunəvi mücahidlərin şəhadətdən başqa bir yolla dünyadan getməsi heyifdir”.
“Şəhid Həmədaninin Tehran və Həmədanda misilsiz təntənə və ehtişamla son mənzilə yola salınması Allahın bu əzəmətli şəhidə nəsib etdiyi mükafatın bir təzahürüdür” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın bu heyrətamiz iştirakı o şəhidin ixlas və cazibəsindən qaynaqlanırdı və əslində, Həmədan əhalisinin də öz inqilabi hisslərini, şəhadət şövqünü büruzə vermələri üçün bir ilahi nemət və fürsət idi”.
Şəhid Həmədaninin həyat yoldaşının və ailə üzvlərinin səbir və şükrünü yüksək qiymətləndirdiyini deyən Həzrət Ayətullah Xamenei şəhid ailələrinin onların əcr və mükafatına şərik olduğunu bildirdi. O dedi: “Şəhadət silsiləsinin davam etməsi, bu böyük nemətin cəmiyyətdə günü-gündən rövnəqlənərək genişlənməsi məhz bu insanların səbir və şükründən asılıdır. Uca Allahdan diləyimiz budur ki, o əziz şəhidimizi Peyğəmbəri-Əkrəm (s) və Özünün digər övliyaları ilə birgə məhşur etsin, onun ailə üzvlərini Öz lütf və bərəkətinin yağışına qərq etsin”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir