İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə universitetlərinini tələbələri və xüsusi istedada malik gənc alimlərlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə ölkənin intellektual elitasına və rəsmilərə öz mühüm tövsiyə və xəbərdarlıqlarını etdi. Ali Məqamlı Rəhbər Elm Xadimləri Fonduna strateji əhəmiyyətli bir milli qurum kimi ciddi yanaşmaq, habelə gənc və istedadlı alimlərin cəmiyyətdə əməli rol oynaması üçün zəmin yaratmaq lazım olduğunu vurğulayaraq qeyd etdi ki, elmi əsaslı şirkətlər müqavimət iqtisadiyyatının əsas dayaqlarından biridir. O dedi: “Cəmiyyətimizin şüarları, hədəfləri və inqilabi hərəkatının bərəkəti, böyük bir kütləni təşkil edən gənc alimlərin iştirakı, ölkədə start götürmüş irimiqyaslı və sürətli elmi-texnoloji inkişaf sayəsində irəlidə ölkəmizi işıqlı bir gələcək, tərəqqi, iqtidar, regionda və dünyada günü-gündən artan mənəvi nüfuz gözləyir. Belə bir şəraitdə gənc nəsli bu günə və gələcəyə qarşı soyutmaq istəyənlər ölkəyə və xalqın heysiyyətinə xəyanət edirlər”.
Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər qeyd etdi ki, yüksək əhval-ruhiyyəyə malik, ziyalı və qətiyyətli İran gəncləri ilə görüşmək özü-özlüyündə insanda gələcəyə ümid yaradır. O, İran gənclərinin intellekt əmsalının dünya üzrə orta göstəricidən yüksək olduğunu bildirərək dedi: “İran İslam Respublikası güc-qüdrəti daxildən almaq lazım olduğunu düşünür, buna görə də zəkalı, məsuliyyətli və istedadlı gəncləri bu ölkənin ən böyük şansı və sərvəti hesab edir”.
Bu giriş sözlərindən sonra Həzrət Ayətullah Xamenei gənc alimlərə bir ata kimi bəzi tövsiyə və tapşırıqlar verdi. Onun gənc və istedadlı alimlərə ilk tövsiyəsi elmlə məşğul olmağı Allahın bəxş etdiyi bir nemət hesab edib bu nemətin şükrünü yerinə yetirməklə bağlı oldu. Ali Məqamlı Rəhbər dedi: “Bunu İslam İnqilabının da bərəkəti hesab edin, çünki inqilab öz daxili istedad və bacarıqlarını üzə çıxarmaları üçün İran gənclərinə cürət və şəxsiyyət qazandırdı”.
“Ölkəmizin elmi inkişafına görə dünyanın 200 ölkəsi arasında görkəmli yer tutması İslam İnqilabının nəticələrindəndir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran ötən 30 il ərzində məcburən savaşa cəlb olunduğu, siyasi təzyiqlərə və iqtisadi sanksiyalara məruz qaldığı halda, hazırda elmi inkişafına görə yüksək bir mövqedədir”.
O, üzünü gənc alimlərə tutaraq dedi: “Sizin elmdə belə yüksək mövqe əldə etməyinizdə ölkədəki asayiş və təhlükəsizliyin də rolu var. Odur ki bu asayiş və təhlükəsizliyi təmin edən şəhid general Həmədani kimi insanların qədrini bilmək lazımdır”.
“Şəhid Həmədaninin özəlliklə Həmədan şəhərində möhtəşəm bir şəkildə son mənzilə yola salınması İran xalqının onun təhlükəsizliyini təmin edən insanlara dəyər verdiyini göstərir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Asayiş və təhlükəsizlik olmazsa, elmi inkişaf, universitetlər, elmi araşdırma və tədqiqatlar da olmaz”.
Həzrət Ayətullah Xameneinin gənc alimlərə ikinci ata tövsiyəsi özünü başqalarından üstün hesab etmək psixologiyası ilə yox, cihad əhval-ruhiyyəsi ilə çalışmağın əhəmiyyəti ilə bağlı oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir