Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Soyuq müharibənin əsas hədəfi rəsmilər və xalqdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei milli teleradionun rəhbər işçiləri və Dövlət Teleradiosuna Nəzarət Şurasının üzvləri ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə imperializmin İslam Respublikası əleyhinə planlı, genişmiqyaslı və hərtərəfli surətdə apardığı soyuq müharibənin məqsədlərindən danışaraq bildirdi ki, bu mürəkkəb və dolaşıq xarakterli müharibənin ən başlıca məqsədi xalqın inanclarını dəyişməkdir. O, milli teleradionun bu olduqca ciddi savaş meydanında özünəməxsus rola malik olduğunu vurğulayaraq qeyd etdi ki, Dövlət Teleradiosunun öhdəsinə düşən vəzifələrin reallaşdırılması üçün dəqiq və elmi fəaliyyət proqramlarının işlənib hazırlanması olduqca vacibdir.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər İran İslam Respublikasında milli medianın əhəmiyyətindən danışdı. O, yeni yaranmış media vasitələrinin köməyi ilə dünyada möhtəşəm bir media hərəkatının gerçəkləşdiyini qeyd edərək dedi: “Milli mediamız belə nəhəng və heyrətamiz bir qarşıdurmada, qeyri-ixtiyari və qaçılmaz olan bir savaş meydanındadır. Son dərəcə dolaşıq xarakterli və mühüm olan soyuq müharibə də elə budur”.

Həzrət Ayətullah Xamenei bu sahəni yaxşı bilən canıyanan, stimullu insanları soyuq müharibənin müxtəlif aspektlərini dəqiqliklə araşdırmağa çağıraraq dedi: “Soyuq müharibədə də elə aktiv hərbi əməliyyatlarda izlənən hədəflər izlənir. Lakin burada hər şey daha geniş və dərin miqyasda gedir”.

Aktiv hərbi əməliyyatlarla müqayisədə soyuq müharibənin bəzi məqamlarda daha dolaşıq xarakterli və təhlükəli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Silahlı müharibələrdən fərqli olaraq, soyuq müharibə açıq-aşkar, dərk və hiss ediləcək bir şəkildə getmir. Hətta bəzi hallarda qarşı tərəf öz zərbəsini vurur, amma bu zərbənin hədəfi olan toplum sanki yuxulu vəziyyətdə olduğuna görə ona edilən hücumu hiss etmir”.

O əlavə etdi: “Silahlı müharibələr bir qayda olaraq xalqda emosiyaların baş qaldırmasına, milli birlik və həmrəyliyin yaranmasına səbəb olur. Soyuq müharibələr isə, əksinə, insanlarda müqavimət göstərmək stimulunu yox edir, üstəlik, konfliktlərin də yaranmasına yol açır”.

Həzrət Ayətullah Xamenei soyuq müharibələrin silahlı müharibələrlə müqayisədə qat-qat artıq və narahatedici təhlükələr doğurduğunu qeyd etdikdən sonra aşağıdakıları vurğuladı: “Soyuq müharibə təkcə İrana aid deyil, amma ölkəmizlə bağlı situasiyada bu hərtərəfli düşünülüb hesablanmış soyuq müharibənin əsas hədəfi İran İslam Respublikasının mahiyyətini dəyişmək, zahiri formasını saxlamaqla onu mahiyyət və xaraktercə tamamilə başqa bir quruluşa çevirməkdir”.

Mahiyyət və xarakterin dəyişilməsi deyərkən stimulun, şüarların, inqilabi təlimlərin və böyük amalların dəyişdirilməsini nəzərdə tutduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Soyuq müharibənin hədəfləri baxımından, “İslam Respublikası” adının qalması və hətta bu dövlətin başında əmmaməli bir ruhaninin durması önəmli deyil. Əsas odur ki, İran Amerikanın, sionizmin və ümumdünya güc şəbəkəsinin məqsədlərini təmin etsin”.

“Bu soyuq müharibənin əsas hədəfi rəsmilər və xalqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Soyuq müharibənin rəsmiləri hədəfə alan planları ilə bağlı onlarla indiyə qədər danışmışam və bundan sonra da danışacağam, amma əsas hədəf xalq, xüsusilə də intellektual elita, universitetlərimizin ictimaiyyəti, tələbələr, gənclər və fəallardır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar xalqa təsir göstərmək, camaatın, özəlliklə də gənclərin və ziyalıların inanclarının geniş bir hissəsini dəyişmək niyyətindədirlər. Bu sıraya əhalinin dini, siyasi, habelə mədəni ideya və inancları daxildir”.

O, əlavə etdi: “Xalqımızın din, ailə, kişi-qadın problemləri, suverenlik, yadelillərə qarşı mübarizə, dinə əsaslanan xalq hakimiyyəti və digər bir sıra mədəni mövzularla bağlı ideoloji inancları var. Qarşı tərəf bu inanclarla manipulyasiya etməyə və ya onları dəyişməyə çalışır”.

“Xalqın öz keçmişi ilə bağlı inanclarını dəyişmək soyuq müharibədə izlənən digər hədəflərdəndir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Xalqımızın keçmişdə ölkədə hakimiyyətdə olmuş müstəbid və korrupsioner rejimlə bağlı müəyyən inancları var. Soyuq müharibədə bu çirkin, eybəcər və qaranlıq keçmişi parlaq və gözəl bir dövr kimi təqdim etmək məqsədi də izlənir”.

O, əlavə etdi: “Onlar xalqın keçmişlə bağlı inanclarını dəyişməklə insanları belə bir fikrə yönəltmək istəyirlər ki, həmin keçmişi ortadan qaldırmaq üçün İslam İnqilabının meydana çıxmasına heç bir lüzum olmayıb”.

Hazırkı və gələcək dövrlə bağlı inacların dəyişilməsinin də soyuq müharibənin planları sırasına daxil olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar bu günün gənclərinə təlqin etməyə çalışırlar ki, ölkənin hazırkı vəziyyəti utancvericidir, bu gedişlə gələcəkdə də inkişafa nail olmaq qeyri-mümkündür. Bunda məqsədləri isə gənc nəslin yüksək əhval-ruhiyyəsini, dinamikliyini, elmə həvəsini və gələcəyə ümidini yox etməkdir”.

“Soyuq müharibənin digər bir hədəfi gənclərdə dünya ölkələri, xüsusilə də Amerika və Avropa ilə bağlı qeyri-real inanclar yaratmaq, bunları inkişaf etmiş, rahat, təhlükəsiz və problemsiz ölkələr kimi qələmə verməkdir” – deyən Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən aşağıdakıları qeyd etdi: “Planlı surətdə aparılan bu soyuq müharibənin əsas və son hədəfi xalqın, xüsusilə də gənclərin inanclarını dəyişmək, ideologiyasını zəiflətmək yolu ilə İslam Respublikasını daxildən məhv etmək, mahiyyətini tamamilə fərqli şəklə salmaqdır”.

Ali Məqamlı Rəhbər düşmənin soyuq müharibədə hər cür maddi-texniki və ideoloji təbliğat imkanlarına malik olduğunu bildirərək dedi: “Virtual məkanın günü-gündən artan nailiyyətlərinin hamısı soyuq müharibənin məqsədlərinə xidmət edir. Lakin bu maddi-texniki imkanlardan da daha əhəmiyyətlisi siyasətçilərdən, ədiblərdən, fikir adamlarından, ictimai xadimlərdən, ictimai əlaqələr və müxtəlif incəsənət sahələrində həddən artıq məşhur olan fəallardan ibarət nəhəng bir intellektual ordudur. Onlar soyuq müharibənin hədəflərinin reallaşdırılması üçün güclü və effektiv bir ideoloji dayağı təşkil edir”.

“Birgə və əlaqəli surətdə planlama aparıb iş görmək soyuq müharibənin layihəçilərinin və icraçılarının bariz xüsusiyyətlərindəndir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının qarşısında duran cəbhənin bütün audio, video və çap məhsullarında – əlbəttə ki, əksəriyyət etibarilə qeyri-müstəqim surətdə – soyuq müharibənin məqsəd və hədəfləri izlənərək təbliğ olunur”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq onu da qeyd etdi ki, istənilən fərdi və ictimai davranışla uyğunlaşa bilən minimal, sekulyar dinin genişlənidirlməsi də xarici medianın əsasən sosial istiqamətli gizli proqramlarındandır. O həmçinin vurğuladı: “Onlar öz dolaşıq məqsədlərini tam ciddi və planlı şəkildə izləyirlər, biz isə bu sahədə geri qalırıq”.

Milli Teleradiounun səylərinin diqqətəlayiq olduğunu bildirən Həzrət Ayətullah Xamenei eyni zamanda aşağıdakıları da əlavə etdi: “Bu səyləri daha da dərinləşdirmək, qarşıya qoyulmuş hədəfləri görüntü xatirinə nə isə edib görülən işləri şişirtmədən Dövlət Teleradiosunun bütün proqramlarının potensialı səviyyəsində ustalıqla genişləndirmək lazımdır ki, tamaşaçı auditoriyası razı qalıb qəbul etsin”.

O bildirdi ki, düşmənin apardığı soyuq müharibə əleyhinə mübarizədə Dövlət Teleradiosunun qarşıya qoyduğu hədəflərin reallaşdığını əməli surətdə müşahidə etmək üçün ən mühüm məsələ İslam Respublikasının daxili vəziyyəti, regional və qlobal mövqeyi ilə bağlı düzgün, əsaslı və realist təhlil əldə etməkdir. O, əlavə etdi: “Bu təhlil Dövlət Teleradiosunun müxtəlif ranqlı rəhbər kadrlarının və bütövlükdə bu təşkilatın kollektivinin düşüncə və tendensiyasını bir istiqamətə yönəldərək birləşdirəcək və bütün fəaliyyətlər üçün əsasa çevriləcək”.

Ali Məqamlı Rəhbər Dövlət Teleradiosunda əsaslı bir təhlil əldə etmək üçün mövcud imkanlardan arxayınlaşmamaq, problemlərə diqqət yetirmək, yadelli təbliğatın təsiri altına düşməmək, səthi yanaşmalardan çəkinmək, faktiki və potensial imkanlara diqqət yetirmək lazım olduğunu bildirərək dedi: “Ölkənin hazırkı vəziyyətinin dünyada baş vermiş inqilabların müvafiq dövrü ilə düzgün müqayisəsi ölkədəki şəraitin obyektiv qiymətləndirilməsinə yardımçı ola bilər”.

Həzrət Ayətullah Xamenei dünyadakı müasir inqilabların saysız-hesabsız problemlər, qanlı vətəndaş müharibələri ilə müşayiət olunduğunu, hətta bəzilərinin köhnə rejimlərə qaydışla sonuclandığını qeyd edərək dedi: “İranın indiki vəziyyətini Amerikada “İstiqlaliyyət bəyannaməsi”nin elan edilməsindən sonrakı 40 illik dövrlə, habelə Fransada Böyük Fransa İnqilabından sonra 40 il müddətində hökm sürmüş şəraitlə müqayisə etmək lazımdır ki, İranın hazırkı şəraitini və ölkənin diqqətəlayiq inkişafını daha yaxşı dərk edəsən”.

Dövlət Teleradiosunda əsaslı və hərtərəfli bir təhlil əldə edilməsinin vacibliyindən danışan Ali Məqamlı Rəhbər fikrini aşağıdakı cümlələrlə davam etdirdi: “Bu baxımdan yadellilərin ölkəmiz əleyhinə apardığı qaralama kompaniyasını nəzərdə saxlamaq və bir məqama diqqətyetirmək lazımdır ki, onlar apardıqları soyuq müharibənin hədəflərini reallaşdırmaq üçün İranı dünya ictimaiyyətinə və hətta iranlıların özlərinə tam tərsinə təqdim edirlər. Eyni zamanda onların dünya ilə bağlı mediada yaratdığı mənzərə də tamamilə qərəzlidir”.

Həzrət Ayətullah Xamenei Dövlət Teleradiosunun rəhbər işçilərinə ölkədəki vəziyyətlə bağlı obyektiv və hərtərəfli təhlil əldə etmək üçün İslam Respublikasının mövqeyini son 40 ildə Amerikanın kölgəsi altında yaşamış bəzi region ölkələri ilə müqayisə etməyi təklif etdi.

O dedi: “Bu müqayisə yadellilərə boyun əyməyin nə ilə nəticələndiyini, mübarizliyin isə hansı xeyir və nailiyyətlərlə sonuclandığını göstərir”.

Dövlət Teleradiosunda istehsal olunan bütün proqramların ana xətti kimi, ölkədəki vəziyyətlə bağlı əsaslı bir təhlildən bəhrələnməyin nə qədər vacib olduğunu şərh edən Ali Məqamlı Rəhbər sözügedən qurumun öz vəzifələrini daha ustalıqla və nəticələri göz önündə olacaq şəkildə həyata keçirməsi üçün zəruri olan ikinci məsələyə – əsas və prinsipial bir təfəkkürün formalaşdırılması məsələsinə toxundu.

Cənab Sərəfraz vəzifə səlahiyyətlərini icra etməyə başladığı zaman Dövlət Teleradiosunun fəaliyyəti ilə bağlı elan olunmuş strategiyalara toxunan Həzrət Ayətullah Xamenei vurğuladı: “Bütün bu strategiyalar izlənməli, onların icrası üçün müdriklik və dəqiqliklə planlama işləri aparılmalıdır. Əlbəttə ki, artıq müəyyən sahələrdə müsbət işlər görülüb”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Dövlət Teleradiosunun elan edilmiş və İslam Respublikasının başlıca strategiyalarının reallaşdırılması üçün müdrik və dəqiq planlama aparılması milli teleradionun fəaliyyətində daha bir zərurətdir.

Milli teleradionu “dövlətin, ölkənin və inqilabın mediası” adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Səda və sima” Dövlət Teleradiosu soyuq müharibəyə qarşı fəal və avanqard bir mübarizə qərargahıdır. Milli teleradionun rəhbər və sıravi işçiləri bu müharibənin komandir və əsgərləridir”.

Çəkdikləri zəhmətə görə milli teleradionun rəhbər işçilərinə və kollektivinə, xüsusilə də “Səda və sima” Dövlət Teleradio Komitəsinin sədri cənab Sərəfraza təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər onun çalışqan, zəhmətkeş, əzmkar, intizamlı, dəbdəbə və cah-calaldan uzaq, sadə həyat tərzi keçirən, dindar, beytülmala qarşı həssas, önəmli qərarların qəbulunda cəsarətli, kreativ, təşəbbüskar və novator bir insan olduğunu qeyd edərək dedi: “Bütün bunlar olduqca dəyərli, təqdirəlayiq, əlahiddə bir qurum olan “Səda və sima” Dövlət Teleradio Komitəsi üçün lazımlı və zəruri olan xüsusiyyətlərdir və gələcəkdə də davam etdirilməlidir”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə “Səda və sima” Dövlət Teleradio Komitəsinin sədri cənab Sərəfraz rəhbərlik etdiyi qurumun fəaliyyəti və gördüyü işlər haqda məlumat verdi.

O, Dövlət Teleradiosunun üzləşdiyi problem və çətinliklərə toxunaraq dedi: “Səda və sima”nın fəaliyyətində ən önəmli istiqamətlərdən danışarkən idarəetmə strukturunda, o cümlədən nizamnamə və qərarlarda islahatların aparılmasını, interaktiv medianın fəaliyyətə başlaması üçün lazım olan şəraitin yaradılmasını, internet məkanında və mobil sosial şəbəkələrdə iştirakı gücləndirmək üçün planlama işlərinin həyata keçirilməsini, milli teleradioda istehsal olunan proqramların keyfiyyətinin daha da artırılmasını qeyd etmək olar”.

Cənab Sərəfraz əlavə etdi: “Milli teleradionun həyata keçirdiyi digər işlər sırasında İslam İnqilabı diskursu, müqavimət iqtisadiyyatı, iranlı-müsəlman həyat tərzi və elmi inkişaf kimi mövzuların önə çəkilməsini, Ssenaristlərə Dəstək Mərkəzinin təsis edilməsini, uşaq şəbəkəsinin yenidən layihələndirilərək istifadəyə verilməsini, estetika və koqnitiv elmlər departamentlərinin yaradılmasını, müxtəlif rəhbər vəzifələrə gənc və mömin kadrların cəlb edilməsini, Dövlət Teleradiosunun reytinqinin artırılmasını, “Əl-aləm” və “Press TV” şəbəkələrinin effektivliyinin artırılmasını, “Səda və sima” Xəbər Agentliyinin işə başlamasını, xəbərlər departamentinin ixtisaslaşdırılması və günün tələblərinə uyğunlaşdırılmasını, baş verən hadisələrin təhlil və interpretasiyasına önəm verilməsini, sərhəddən kənarda azəri, kürd və urdu kanallarının yayıma başlamasını, arxiv resurslarının yenidən qurulmasını, dini və inqilabi musiqiyə önəm verilməsini, əhalidə inam və təhlükəsizlik hissinin qorunmasına diqqət yetirilməsini qeyd etmək olar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /