Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dünya üçün təhlükə insan haqları iddiası edənlərin ikiüzlülüyüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin zabitləri və onların ailələri, habelə bu qüvvələrdən şəhid olmuş hərbçilərin ailə üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə ölkənin su sərhədlərində təhlükəsizliyin təmin olunması və düşməndə qorxu yaradılması işində Keşikçi Korpusun Dəniz Qüvvələrinin sıralarında xidmət edən inqilabçı gənclərin, habelə cənub bölgələrinin cəsur gənclərinin rolunu qeyd edərək aşağıdakıları vurğuladı: “Düşmənlər ölkə rəsmilərimizin hesablamalarını, habelə xalqın, özəlliklə də gənclərin düşüncələrini dəyişməyə çalışır. Ona görə də hamı ayıq-sayıq olmalıdır”.

Görüş zamanı Ali Məqamlı Rəhbər ölkənin su sərhədlərində təhlükəsizliyin təmin olunmasının əhəmiyyətinə toxunaraq dedi: “Hazırlıqlar daim elə bir səviyyədə olmalıdır ki, Quranın verdiyi göstərişə uyğun olaraq, düşməndə qorxu yaratsın və onda ölkəmizə təcavüz etmək cəsarətini öldürsün. Çünki səngərlər möhkəm olmasa, düşmən sərhədlərimizə nüfuz edəcək”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei imperialist dövlətlərin region üçün cızdığı təhlükəli planlara toxunaraq vurğuladı ki, bu dövlətlər oldüqca təhlükəli silahlardan və qeyri-insani metodlardan istifadə edərək günahsız insanları qırmaqdan qətiyyən çəkinmirlər. O, əlavə etdi: “Onların insan haqlarının müdafiəsi, mülki əhalinin hüquqları barədə irəli sürdüyü iddialar reallığa zidd, tamamilə puç və mənasızdır”.

Ali Məqamlı Rəhbər Əfqanıstanda xəstəxanaya edilən hücumun, Suriya, İraq, Yəmən, Fələstin və Bəhreyndəki insan qırğınlarının imperialist dövlətlərin törətdiyi faciələrə nümunə olduğunu və onların nə qədər rəhmsiz, daşürəkli olduğunu nümayiş etdirdiyini bildirərək dedi: “Bu gün dünya üçün ən böyük təhlükə insan haqları iddiası edənlərin ikiüzlülüyü, riyakarlığı və yalançılığıdır”.

Həzrət Ayətullah Xamenei regionun hazırkı vəziyyətində İran İslam Respublikasının mövqe və roluna toxunaraq dedi: “Belə bir şəraitdə İslam Respublikası, Allahın köməyi ilə, düşmənin ölkəsinə nüfuz etməsinin qarşısını almaqdan əlavə, bir çox hallarda onun region üçün cızdığı planların reallaşmasına da əngəl olmuşdur”.

“Düşmənin ölkə daxilində və regionda uğursuzluğa düçar olması inqilabi ideyaların daşıyıcısı olan gənclərin sayıqlığının, güclü əzminin və hazırlığının, habelə İslam Respublikasının regionda malik olduğu iqtidarın bərəkətli nəticəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elə buna görə də imperialist dövlətlər səylərini daha çox İslam Respublikası ilə düşmənçiliyə yönəldiblər. Amerikanın İranla danışıqlara getməyə səy göstərdiyi barədə iddiaları da məhz bu çərçivədədir və ölkəyə nüfuz etmək məqsədi daşıyır”.

Ali Məqamlı Rəhbər ölkə daxilində bəzi səthi düşüncəli, məsuliyyətsiz insanların bunun fərqinə varmadığını bildirərək dedi: “Bu səthi düşüncəli insanlardan əlavə, cəmiyyətdə ölkənin milli mənafeyinə heç bir diqqət və əhəmiyyət verməyən laqeyd insanlar da var”.

Belə primitiv düşüncəli, məsuliyyətsiz insanların Amerika ilə danışıqlarla bağlı səsləndirdikləri bəzi fikirlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Onlar deyirlər: “Necə olur ki, Həzrət Əli (ə) və Həzrət İmam Hüseyn (ə) öz düşmənləri ilə danışığa getdilər, amma indi Amerika ilə danışıqlara razılıq verilmir?”

Bu sualı cavablandırarkən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam tarixi və ölkədə hazırda gedən proseslərlə bağlı bu şəkildə təhlillər etmək primitiv düşüncənin ən son həddidir. Çünki Həzrət Əli (ə) Zübeyrlə və Həzrət Hüseyn (ə) Ömər ibn Sədlə müasir anlamda danışıqlara getməmiş, yəni sazişə girməmişlər. O dahi şəxsiyyətlər hər ikisi qarşı tərəfə Allahdan qorxmağı nəsihət edərək onları çəkindirməyə çalışmışlar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüflər olsun ki, bir qrup insan İran İslam Respublikasının Böyük Şeytanla danışıqlara getməli olduğunu əsaslandırmaq üçün media və mətbuatda, internet məkanında bu kimi çıxışlar edirlər. Amma bunlar kökündən yanlış fikirlərdir”.

Həzrət Ayətullah Xamenei Avropaya, yaxud qeyri bir regiona aid olmasından asılı olmayaraq, İranın əslində ölkələrlə danışıqlara getməyin əleyhinə olmadığını vurğulayaraq dedi: “Lakin Amerika ilə bağlı vəziyyət başqadır, çünki onlar üçün İran İslam Respublikası ilə danışıqlara girmək öz iradələrini diktə etmək üçün yol açıb ölkəyə nüfuz etmək deməkdir”.

Ali Məqamlı Rəhbər Amerikanın anti-bəşər sionist cərəyanı ilə havadarlıq və əməkdaşlıq etdiyini vurğulayaraq dedi: “Amerika ilə danışıqlara getmək onun siyasi, mədəni, iqtisadi və təhlükəsizlik sferalarında ölkəyə nüfuz etməsinə yol açmaq deməkdir”.

O, bu yaxınlarda aparılan nüvə danışıqlarına toxunaraq dedi: “Həmin danışıqlar zamanı qarşı tərəf ölkəyə nüfuz edib milli mənafeyə zidd işlər həyata keçirmək üçün hər bir fürsətdən istifadə etməyə çalışırdı. Əlbəttə ki, biz tərəfdən danışıqlarda iştirak edən diplomatlar çox diqqətli davranırdı, amma yenə də amerikalılar müəyyən məqamlarda fürsət tapdılar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika ilə danışıqlara getmək qadağandır, çünki bunun nəinki təkcə heç bir faydası yoxdur, eyni zamanda saysız-hesabsız ziyanları da ola bilər”.

O həmçinin dedi: “Hazırkı vəziyyət İslam Respublikasının düşmənlərinin fəaliyyəti baxımından həssas bir etapdır (hərçənd bizim onlarn bütün səyləri haqda ətraflı məlumatımız var) çünki onlar rəsmilərimizin hesablamalarını, inqilabi, dini və ölkənin mənafeyi ilə bağlı məsələlərdə ictimai fikri dəyişdirməyə çalışırlar”.

İctimai fikrin dəyişdirilməsi məsələsində əsas hədəf kimi gənclərin seçildiyini vurğulayan Ali Məqamlı Rəhbər gəncləri əvvəlkindən də artıq sayıq olmağa çağıraraq dedi: “Əlbəttə ki, Allahın lütfü sayəsində, ölkəmizin universitetlərində və Silahlı Qüvvələrində təmsil olunan gənclər sayıq və iş başındadırlar. Mənim bu sarıdan heç bir nigarançılığım yoxdur”.

Peyğəmbəri-Əkrəm (s) və onun pak ailəsinin küfr qarşısında durduğu Mübahilə gününün ildönümü olduğunu qeyd edən Ali Məqamlı Rəhbər üzünü gənclərə tutaraq aşağıdakıları vurğuladı: “İslamın gəldiyi ilk dövrlərdə baş vermiş Mübahilə olayında bütövlüklə iman küfr qarşısında durduğu kimi, bu gün də İran İslam Respublikasında iman bütövlüklə küfr qarşısında durmuşdur. O zaman Peyğəmbər (s) və ailəsinin mənəvi saflığı düşməni meydandan kənarlaşdırmağa müvəffəq olduğu kimi, bu gün də İran xalqı öz mənəvi gücü sayəsində düşməni meydandan kənarlaşdıracaq”.

Ali Məqamlı Rəhbər çıxışının yekununda aşağıdakıları qeyd etdi: “Əgər biz Allahın dininə yardım etməyə daim hazır olsaq, Allahın Onun dininə yardım edənlərə yardım edəcəyi barədə vədi, heç şübhəsiz, gerçəkləşəcək, bədxahların siyasi, iqtisadi, mədəni, hərbi və təhlükəsizlik sferalarında İslam dövləti əleyhinə cızdığı planlar uğursuzluğa düçar olacaq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin komandanı admiral Fədəvi çıxış edərək Keşikçi Korpusun Müqəddəs Müdafiə illərində göstərdiyi rəşadətlərə toxundu. O dedi: “Əsgərləriniz Böyük Şeytana və onun regiondakı qonaq və uşaq qatili olan riyakar havadarlarına tarixi bir ibrət dərsi vermək üçün əmrinizi gözləyirlər”.

“Bu an üçün mümkün olan ən hazırlıqlı vəziyyətdəyik” – deyən admiral Fədəvi əlavə etdi: “Korpusun Dəniz Qüvvələrinin döyüş imkanlarının və hazırlığının bir qismini nümayiş etdirməyimizlə düşmənlər öz dəniz strategiyalarını dəyişmək lazım olduğu barədə danışmağa başladılar. Halbuki onların bizim haqqımızda bilmədikləri bildiklərindən müqayisəyəgəlməz dərəcədə çoxdur”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir
 
 
 
700 /