İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Çəharmahal və Bəxtiyari ostanının şəhidlərinin xatirəsinə həsr olunmuş konfransın təşkilat komitəsinin üzvləri ilə 13.07.1394-cü il tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Şəhri-kürddəki İmam Xomeyni (r.ə) adına namaz salonunda yayımlandı.
Həmin görüş zamanı Ali Məqamlı Rəhbər düşmənin İslam İnqilabının əleyhinə bütün vasitələrdən istifadə edərək siyasi, mədəni və ideoloji sferalar da daxil olmaqla hərtərəfli hücum və məkrli planlar həyata keçirdiyini bildirərək demişdi: “Düşmənin mədəni və siyasi ordusunun planları sırasına müxtəlif sferalarda fəal və effektiv olan gənclərin dini və siyasi əqidəsini zəiflədərək onları özünə cəlb etmək də yer alır”.
Ali Məqamlı Rəhbər düşmənin bu hücumlarına qarşı görülən tədbirlərin, dindarların, eləcə də öhdəsinə düşən məsuliyyəti dərk edən rəsmilərin həyata keçirdiyi işlərin faydalı və lazımlı olduğunu bildirərək əlavə etmişdi: “Cihad, şəhidlər, şəhidlik, Allaha xatir səbir və bu kimi mühüm məfhumların təbliği və genişləndirilməsi istiqamətində atılan addımlar düşmənin planlarını puça çıxara biləcək əhəmiyyətli işlərdəndir”.
Bu başlıca məfhumları dərindən təbliğ edib yaymaq üçün insanları düşündürən sualları cavablandıraraq onları ideoloji cəhətdən qane etmək, həmçinin incəsənətin müxtəlif janrlarından və cürbəcür təbliğat vasitələrindən istifadə etmək lazım olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğulamışdı: “Sənət və fikir adamları əməkdaşlıq edərək effektli işlər ərsəyə gətirməlidirlər. Bu, həm hökumət və qeyri-hökumət qurumlarının rəsmilərinin, həm də dindar ictimai hərəkatın öhdəsinə düşən bir vəzifədir”.
Ali Məqamlı Rəhbər Çəharmahal və Bəxtiyari ostanının əhalisinin inqilab və Müqəddəs Müdafiə meydanlarında böyük stimul və ixlasla fəal iştirak etdiyini qeyd edərək bu ostanın insanlarının rəşadətini yüksək qiymətləndirdiyini bildirmişdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir