İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İİR Ordusunun yüksək rütbəli zabitləri və rəsmiləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə vurğuladı ki, İslam İnqilabı əleyhinə olan düşmənçiliklərin səbəbi İran xalqının müqaviməti, imperializmin siyasətləri qarşısında tutduğu qətiyyətli mövqe və bu siyasətlərə təslim olmamasıdır. O həmçinin dedi: “Silahlı qüvvələr inkişafını sürətləndirib hazırlıq səviyyəsini yüksəldərək elə bir iqtidara nail olmalıdır ki, düşmənlər ölkəmizə hücum etməyi hətta ağıllarına belə gətirməyə cürət etməsinlər”.
Həzrət Ayətullah Xamenei müsəlman İranının daha gözəl gələcəyi və inkişafı üçün bütün sferalarda fəaliyyət proqramları hazırlamağın vacib olduğunu qeyd edərək dedi: “Ölkənin gələcəyi gənclərin əlindədir, onların qiymətini bilmək lazımdır. Sabahın İranının dünya və regionda daha güclü və qüdrətli bir şəkildə özünü göstərməsi, sözünü daha da kəsərli deyə bilməsi üçün sonrakı nəsli daha hazırlıqlı, daha qətiyyətli, daha elmi və daha cəsarətli yetişdirmək lazımdır”.
Ali Məqamlı Rəhbər xüsusilə Pəhləvi rejiminin hakimiyyəti dövründə İrana xaricdən asılı ünsürlərin hökmranlıq etməsi ucbatından ölkədə tarixən yığılıb qalmış bir çox gerilik və nöqsanların mövcud olduğuna işarə edərək dedi: “Bu gün hərbi qüvvələrimizin müxtəlif sferalarda əldə etdiyi inkişaf və irəliləyiş olduqca dəyərlidir, amma geridə olduğumuz məqamları nəzərə alaraq bu inkişafı daha da sürətləndirmək və elə bir iqtidara nail olmaq lazımdır ki, düşmən ölkəmizin sərhədlərinə hücum etməyi hətta ağlına belə gətirməyə cürət etməsin”.
“İran xalqının 8 illik Müqəddəs Müdafiə dövründə göstərdiyi müqavimət və mətanət bütün dünyanın gözü önündə olan mühüm bir təcrübədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikası suveren bir dövlətdir, inqilabın əvvəlindən bəri açıq siyasət yürüdüb və heç bir dövlətin zahiri ehtişamından, onun siyasətinə müxalif çıxmaqdan qorxmayıb”.
İran xalqının heyrətamiz və müstəqil inkişafına qarşı ciddi və ağır düşmənçiliklərin olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Düşmənin niyyəti İslam dövlətini təslim etməkdir. Onun qarşısında geri çəkilməklə düşmənçilik aradan götürülməyəcək”.
O, əlavə etdi: “Hegemonların və onlardan asılı olanların əleyhinə çıxan müstəqil bir xalqın baş qaldırması imperializm üçün dözülməzdir, buna görə də onlar bu xalqa qarşı düşmənçilik edirlər. “Düşməni nəzərə alıb filan sözü deməsək, yaxud filan işi görməsək, düşmənçilik azalar” – deyə güman etmək yanlış bir təsəvvürdür”.
Xalqların, eləcə də xaricdən asılı olmayan bəzi dövlətlərin İran xalqının müstəqil hərəkatını alqışladığını bildirən Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının inkişafını, böyük dövlətlər qarşısında öz mənafayini müdafiə etdiyini görən xalqlar bundan ruhlanır. İslam Respublikasının rəsmiləri xarici səfərlərdə olarkən də xalqın öz emosiyalarını ifadə etməsinə dövlət tərəfindən icazə verildiyi istənilən yerdə İran İslam Respublikası, bu ölkənin açıq və qətiyyətli mövqeyi böyük coşqu və izdihamla dəstəklənmişdir”.
Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələr üçün elmi araşdırmaların, bu sahədə inkişafın əhəmiyyətinə toxunaraq dedi: “Ölkənin universitetləri və elmi araşdırma mərkəzləri çox gözəl potensiala malikdir. Silahlı Qüvvələrin onlarla əlaqəsini gücləndirmək lazımdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir