Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İran İslam Respublikası ordusunun hərbi akademiyalarının Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasında keçirilən buraxılış mərasiminə qatıldı.
Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər Minada baş vermiş təəssüfləndirici və qanlı hadisəyə toxunaraq bildirdi ki, minlərlə insanın, xüsusilə də yüzlərlə iranlı hacının ölümünə səbəb olmuş bu olay İran xalqı üçün əsl kədər və müsibətdir. O, İran da daxil olmaqla müsəlman ölkələrindən ibarət faktaraşdırıcı komissiyanın təşkil edilməli olduğunu vurğulayaraq dedi: “Ərəbistan hökuməti vəfat edənlərin pak nəşlərinin öz ölkələrinə göndərilməsi işində öhdəsinə düşən vəzifəni yerinə yetirmir. İran İslam Respublikası indiyə qədər təmkinli davranaraq İslam dinin ədəb qaydalarına riayət etmiş, müsəlman qardaşlığının ehtiramını qorumuşdur, amma bunu bilsinlər ki, Məkkə və Mədinədə on minlərlə iranlı zəvvara qarşı hörmətsizlik edilməsi, ölənlərin pak nəşinin öz ölkələrinə geri göndərilməsi işində yol verilən səhlənkarlıq İranın sərt və aqresiv reaksiyası ilə nəticələnəcək”.
Minada baş vermiş hadisədə hacıların məzlum bir vəziyyətdə, susuz halda canlarını tapşırdığını, səbirsizliklə əzizlərinin dönüşünü gözləyən ailələrin yasa batdığını qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu hadisədə iranlı zəvvarlardan neçəsinin həyatını itirdiyi hələ dəqiq müəyyən olunmayıb və statistik rəqəmlərin bir neçə yüz nəfər də artacağı ehtimal olunur. Bu hadisə İran xalqı üçün, doğrudan da, böyük bir müsibətdir”.
O həmçinin Minada 5 mindən artıq insanın həlak olduğu barədə yayılan bəzi məlumatlara da toxunaraq dedi: “Halbuki Qurani-Kərim Allahın evini təhlükəsiz bir məkan, həcci asayiş və təhlükəsizliklə əhatə olunmuş bir yer bilir. Amma indi bu hadisəyə səbəb olanlardan soruşmaq lazımdır: “Təhlükəsizlik budur?”
Həzrət Ayətullah Xamenei İran da daxil olmaqla müsəlman ölkələrindən ibarət faktaraşdırıcı komissiyanın təşkil edilməli olduğunu vurğulayaraq dedi: “Hələlik biz bu hadisənin səbəbi barədə vaxtından qabaq mühakimə yürütmürük, amma bu fikirdəyik ki, Ərəbistan dövləti Mina hadisəsində xəsarət almış insanlara qarşı səhlənkarlıq edərək onları susuz və köməksiz vəziyyətdə buraxmışdır”.
Mina hadisəsində həlak olmuş insanların pak cəsədlərinin ölkəyə qaytarılması ilə bağlı problemlərin mövcud olduğunu, rəsmilərin bu istiqamətdə gərgin iş apardıqlarını qeyd edən Ali Məqamlı Rəhbər bu səyləri davam etdirməyin vacibliyini vurğulayaraq dedi: “Ərəbistan dövləti bu məsələdə öhdəsinə düşən vəzifəni yerinə yetirmir, bəzi hallarda isə qəsdən problemlər yaradır”.
O, əlavə etdi: “İran İslam Respublikası indiyə qədər təmkin nümayiş etdirərək İslam dininin etik qaydalarına riayət etmiş, müsəlman qardaşlığının hörmətini gözləmişdir, amma bunu bilsinlər ki, İranın əli çoxlarından yuxarı, imkanları daha artıqdır. Qəsdən problem yaradıb ona əziyyət verənlərə əks-reaksiya vermək istəsə, onların vəziyyəti heç də yaxşı olmayacaq və üz-üzə gəldikləri heç bir meydanda ona layiqli rəqib ola bilməyəcklər”.
“İran İslam dövlətinin reaksiyası sərt və aqresiv olacaq” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “8 illik Müqəddəs Müdafiə dövründə şərq və qərb dövlətləri, ətraf ölkələr murdar və korrupsioner bir ünsürü dəstəklədilər, amma sonda hamısı sillə aldı. Odur ki İranı tanıyırlar və əgər tanımırlarsa da, indi tanısınlar”.
Məkkə və Mədinədə on minlərlə iranlı hacının olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İranlı hacılara qarşı yol verilən azacıq bir hörmətsizlik, eləcə də Ərəbistan dövlətinin ölənlərin nəşinin ölkəyə geri qaytarılması işində öhdəsinə düşən vəzifələri yerinə yetirməməyi İranın əks-reaksiyasına səbəb olacaq”.
O həmçinin dedi: “İran İslam Respublikası heç kəsə zülm edən deyil, amma heç kəsin zülm və əziyyətini də qəbul etməyəcək. Odur ki İran müsəlman və ya qeyri-müsəlman olmağından asılı olmayaraq, heç bir xalqın və ya insanın hüququna əl uzatmır, amma əgər kimsə onun ölkəsinin və xalqının hüququna əl uzadarsa, buna qətiyyətli və sərt şəkildə cavab verəcək. Allahın lütfü sayəsində, ölkəmiz bu cavabı vermək iqtidarına da malikdir. İran xalqı qüdrətli və sarsılmazdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir