Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplanışına müraciət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplanışına ünvanladığı müraciətdə qeyd edir ki, imperializmin regionda İslam ümmətinə böyük problem və çətinliklər yaratmaq məqsədilə həyata keçirdiyi şər dolu siyasətlər, qəsbkar İsrail rejiminin törətdiyi cinayətlər, habelə Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizliyə yol verilməsi bütün müsəlmanların bir nömrəli problemidir. O, İslam dünyasının din alimlərini və görkəmli simalarını bu hadisələr qarşısında öhdələrinə düşən missiyanı həyata keçirməyə çağıraraq aşağıdakıları vurğulayır: “Möhtəşəm həcc toplanışı bu tarixi vəzifəni qarşılıqlı şəkildə həyata keçirmək üçün ən yaxşı arena,  “Müşriklərə etiraz” isə ən tutarlı siyasi tədbirlərdən biridir və onu dəyərləndirmək lazımdır”.

O həmçinin Məscidül-həramda hacılardan bir neçəsinin vəfatına səbəb olmuş acınacaqlı hadisəyə də toxunaraq Allahın evini ziyarətə gəlmiş müsafirlərin təhlükəsizliyini təmin etməyin ağır bir məsuliyyət olduğunu qeyd edir və aşağıdakıları vurğulayır: “Biz qətiyyətlə bu vəzifə və öhdəçiliyin layiqincə yerinə yetirilməsini istəyirik”.

Ali Məqamlı Rəhbərin hacılara müraciəti bu gün (çərşənbə günü) səhər vəli-fəqihin nümayəndəsi və iranlı zəvvarların kuratoru Höcətül-İslam vəl-muslimin Qaziəsgər tərəfindən Ərəfat səhrasında oxunmuşdur. Onun tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمد لله ربّ العالمین، و الصّلاة و السّلام علی سیّد الخلق اجمعین محمّد و آله الطّاهرین و صحبه المنتجبین و علی التّابعین لهم باحسان الی یوم الدّین

Tövhid məqamı, möminlərin təvaf yeri, mələklərin eniş məkanı olan Kəbeyi-şərifə salam olsun!  Məscidül-hərama, Ərəfata, Məşər və Minaya salam olsun! Allahdan qorxan itaətkar qəlblərə, Rəbbini zikr edən dillərə, bəsirətlə açılmış gözlərə, ibrətə yol tapmış düşüncələrə salam olsun! Və Allahın çağırışına “Ləbbeyk!” demək kimi mənəvi bir uğura nail olaraq bu bərəkətli süfrənin başında oturan siz bəxtəvər hacılara salam olsun!

Sizin ilk vəzifəniz bütün dünya müsəlmanlarının tarix boyu daim dilə gətirərək dediyi bu “Ləbbeyk!” haqda dərindən düşünməkdir.

اِنَّ الحَمدَ وَ النِّعمَةَ لَکَ وَ المُلکَ، لا شَریکَ لَکَ لَبَّیک

– “Bütün sitayiş və təriflər Ona layiqdir, bütün nemətlər Ondandır,  hakimiyyət və qüdrət bütünlüklə Ona məxsusdur”. Bu dərin məna dolu, vacib dini ayinin ilk addımında hacılara aşılanan yanaşma bu olur, ziyarətin davamı da buna uyğun olaraq formalaşır, daha sonra isə bu, qalıcı bir təlim, unudulmaz bir dərs kimi insanın qarşısına qoyulur və ondan qalan həyatını bu proqram əsasında tənzimləməsi istənilir. Bu böyük dərsi öyrənərək ona əməl etmək müsəlmanların həyatına təravət, canlılıq və dinamiklik bəxş edə, onları – hazırda və bütün dövrlərdə – düçar olduqları problemlərdən qurtara biləcək bərəkətli bir çeşmədir. İbrahimin dünyaya saldığı bu səs, yaratdığı həyəcanla – əlbəttə ki, əgər qəlbin dərinliklərindən gələr və insanın həyat proqramına çevrilərsə – nəfs, təkəbbür və şəhvətin, özünü artıq hesab etmək və özünü artıq hesab edənin ağalığına təslim olmağın, dünya imperializminin, tənbəllik və məsuliyyətsizliyin bütü, eləcə də insanın dəyərli varlığını xar edən bütün bütlər qırılıb məhv olacaq,  asılılıq, çətinlik və ağrı-acının yerini azadlıq, nüfuz və salamatlıq tutacaq.

Bütün ölkə və xalqlardan həcc ziyarətinə gəlmiş qardaş və bacılar bu hikmətamiz ilahi kəlam haqda düşünsünlər, İslam dünyasında, özəlliklə də Qərbi Asiya və Şimali Afrikadakı problemlərə dərindən nəzər salaraq şəxsi imkanlarını, eləcə də yaşadıqları mühitin potensialını nəzərə almaqla öhdələrinə hansı vəzifələrin düşdüyünü müəyyən edib həmin istiqamətdə çalışsınlar.

Bu gün bir yandan Amerikanın regionda izlədiyi, müharibələrə, qan tökülməsinə, evlərin viran, insanların sərgərdan qalmasına, həmçinin yoxsulluğa, geriliyə, etnik mənsubiyyət və məzhəb zəminində konfliktlərə səbəb olan şər dolu siyasətlər, bir yandan Fələstində qəsbkar davranışlarını həyasızlıq və xəbisliyin son həddinə çatdırmış İsrail rejiminin cinayətləri, Məscidül-əqsaya qarşı dəfələrlə hörmətsizlik edilməsi və digər tərəfdən isə məzlum fələstinlilərin canı və malının ayaqlar altında tapdanması siz müsəlmanların hamınızın bir nömrəli problemidir. Siz bu problem haqda düşünməli və onun qarşısında boynunuza hansı dini məsuliyyətin düşdüyünü bilməlisiniz. Din alimlərinin, tanınmış siyasət və mədəniyyət xadimlərinin öhdəsinə də kifayət qədər ağır məsuliyyət düşür, lakin təəssüflər olsun ki, əksər hallarda onlar buna əhəmiyyət vermirlər. Din alimləri məzhəblərarası konfliktləri körükləmək, siyasətçilər düşmən qarşısında çəkinib onun təsiri altına düşmək, mədəniyyət xadimləri isə ikinci dərəcəli məsələlərə baş qatmaq əvəzinə, İslam dünyasının böyük dərdinin nə olduğunu anlasınlar və ilahi ədalət qarşısında məsuliyyət daşıdıqları missiyanı qəbul edib layiqincə yerinə yetirsinlər. Regionda – İraq, Şam, Yəmən və Bəhreyndə – İordan çayının qərb sahillərində, Qəzzada, eləcə də Asiya və Afrikanın bəzi digər ölkələrində baş verən və İslam ümmətinin böyük dərdləri olan acınacaqlı hadisələrdə məkrli planlar cızan dünya imperializminin əli olduğunu görmək və buna bir əlac fikirləşmək lazımdır.  Xalqlar bunu öz dövlətlərindən istəməli, dövlətlər isə öhdələrinə düşən ağır məsuliyyətə sədaqətli olmalıdırlar.

Həcc ziyarəti və onun əmələ gətirdiyi möhtəşəm toplanış bu tarixi missiyanın üzə çıxması və qarşılıqlı surətdə həyata keçirilməsi üçün ən yaxşı yerdir. “Müşriklərə etiraz” mərasimi isə bu çoxcəhətli vacib dini ayinin ən tutarlı siyasi tədbirlərindən biridir. Onu dünyanın müxtəlif yerlərindən gəlmiş hacıların hamılıqla iştirakı ilə dəyərləndirmək lazımdır.

Bu il Məscidül-həramda baş vermiş və bir qrup zəvvarın xəsarət alması ilə nəticələnmiş faciəli hadisə hacılara və onların təmsil etdiyi xalqlara üzüntü gətirdi. Düzdür, bu hadisə zamanı namaz, təvaf və ibadət halında Haqqın görüşünə tələsərək dünyadan köçmüş insanlar böyük bir səadətə nail olmuş, ilahi rəhmətlə əhatə olunan təhlükəsiz bir hərəmdə rahatlığa qovuşmuşlar, inşallah – bu isə onların yaxınları üçün böyük bir təsəllidir – lakin bu, Allahın evini ziyarətə gələn müsafirlərin təhlükəsizliyinə cavabdeh olan şəxslərin məsuliyyətini heç də azaltmır. Biz qətiyyətlə bu vəzifə və öhdəçiliyin layiqincə yerinə yetirilməsini  istəyirik.

Allahın əməlisaleh bəndələrinə Onun salamı olsun.

Seyid Əli Xamenei
4 zilhiccə 1436
27 şəhrivər 1394


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /