İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei təqvalı din alimi Ayətullah Əbülqasim Xəzəlinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Müraciətin tam mətni:
Allahın adı ilə.
Elminə əməl edən pərhizkar alim, Ayətullah Hacı Şeyx Əbülqasim Xəzəlinin (Allah ona rəhmət etsin) vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, bütün qohum-əqrəbasına, dostlarına və yaxınlarına başsağlığı verirəm. Bu fəzilətli alimin bərəkətli ömrü parlaq fraqmentlərlə doludur. Uzun illər boyunca İmam Xomeyninin, eləcə də Qum və Məşhədin digər böyük fəqihlərinin dərslərindən bəhrələnməsi, inqilabi hərəkatın ilk günlərindən dahi İmama silahdaşlıq edərək o böyük şəxsiyyəti şücaətlə, şah diktaturasının ağır represiyaları dövründə qətiyyətli və sərrast dillə müdafiə etməsi, inqilabın qələbəsindən sonra çətin və məsuliyyətli vəzifələrdə çalışması, Keşikçi Şurada və Xubriqan Məclisində təmsil olunması, İran xalqının inqilabi hərəkatının getdiyi dövrdə Qumda övladının şəhadətinə gözəl bir şəkildə səbir etməsi, Quranı əzbərləməsi, ilahi kitabla və ucu-bucağı görünməyən hədis dəryası ilə sıx ünsiyyətdə olması, İslam maarifinin təbliği sahəsində uzun illər boyu göstərdiyi fəaliyyət, hər bir halda və ömrünün sonuna qədər inqilabın əsl, düzgün kursundan ayrılmaması və bu yolda sabitqədəm olması ... bütün bunlar bu təqvalı və zəhmətkeş alimin ömrünün, inşallah, Allah dərgahında qeydə alınmış və layiqli mükafatını alacaq çox önəmli fəsilləridir.
Allahdan o böyük şəxsiyyətə rəhmət və bağışlanma diləyirəm.
Seyid Əli Xamenei
25 şəhrivər 1394
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir