Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ali Məqamlı Rəhbər Keşikçi Korpusun minlərlə zabiti ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Keşikçi Korpusu Allahın böyük bir neməti, daxili və xarici məsələlərdə İslam İnqilabının məlumatlı və gözüaçıq qoruyucusu adlandırdı. O, İslam İnqilabının keşiyində durmaq vəzifəsinin hansı tələb və aspektləri olduğunu açıqlayaraq dedi: “İnqilabın sona çatacağına sonsuz ümid bəsləyən düşmən ölkəyə nüfuz etmək, xüsusilə də siyasi və mədəni sferalarda buna nail olmaq niyyətindədir. Düşmənin məkrli planlarına bələd olmaq, inqilabi əhval-ruhiyyəni daha da möhkəmləndirmək, idealların gerçəkləşməsinə doğru ardıcıl olaraq irəliləməklə onun bu niyyətini puça çıxarmaq olar”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei Keşikçi Korpusda xidmət edən hərbçilərin digər hərbi birləşmələr arasında tutduğu yeri, ölkənin hazırkı və gələcək mövqeyində onların öhdəsinə düşən mühüm vəzifələri şərh etdi. O, “keşikçi”, “korpus”, “İslam” və “inqilab” sözlərinin mənasını ayrı-ayrılıqda açıqlayaraq Keşikçi Korpusun özünəməxsus cəhətlərindən və müxtəlif aspektlərindən, inqilab keşikçisi olmağın tələblərindən danışdı.

“Korpus” sözünü təşkilatlanmaq, ciddi nizam-intizama malik olmaq kimi mənalandıran Ali Məqamlı Rəhbər dedi: “Ölkədə baş vermiş ən dəyərli tarixi hadisə kimi İslam İnqilabının keşiyində durmaq Keşikçi Korpus kimi, heç bir başqa təşkilat və ya qurumun bilavasitə vəzifəsi olaraq tanınmamışdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, inkişaf edib möhkəmlənmək yolu ilə köhnəlməməsini, hər dəfə yeni nəfəs qazanmasını təmin etmək, yeni, səmərəli və zəkalı kadrlar yetişdirmək qurum olaraq Keşikçi Korpusun üzərinə düşən tələblərdəndir. O, əlavə etdi: “Keşikçi Korpus öz içində yeni kadrlar yetişdirməkdən əlavə, digər müxtəlif qurumlara ötürdüyü kadrlarla həmin qurum və təşkilatlara da öz təsirini göstərir və effektli insanların sayını artırır”.

“Keşikçi Korpusun təşkilatlanmış bir qurum olduğunu göstərən xüsusiyyətlərdən biri də onun meydanlarda, siyasətdə, öz kimliyini nümayiş etdirməkdə və ölkəyə nüfuz bəxş etməkdə qazandığı güc və iqtidardır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Keşikçi Korpusda təşkilatlanmanın yaxşı aparıldığını göstərən daha bir xüsusiyyət gənc kadrlara yer verilməsi, eyni zamanda qocaman kadrların təcrübəsindən istifadə edilməsidir. Bu tendensiya qorunmalı və korpusda nəsillər arasında qırıqlıq yaranmamalıdır”.

Daha sonra “keşikçi”, “inqilab keçikçisi” ifadələrinin iradə, iştirak və inqilabi kimliyin göstəricisi olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Biz “inqilabın keşiyində durmaq” dediyimiz zaman bu o deməkdir ki, inqilabi iradə əvvəlki kimi yenə də güclü şəkildə mövcuddur, inqilab da bütün qüdrəti və gücü ilə canlıdır, aktualdır və vardır. Çünki əgər inqilab canlı və aktual olmazsa, onun keşiyində durmağın heç bir mənası olmaz”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, “inqilabın keşiyində durmaq” anlayışının ortaya qoyduğu digər bir cəhət inqilabın təhlükələrə məruz qalması, onu hansısa təhlükələrin gözləməsidir. O dedi: “Əgər inqilab üçün təhlükə olmasaydı, onun keşiyində durmağa lüzum olmazdı. Odur ki təhlükələrin mövcudluğunu nəzərə alaraq onların nədən ibarət olduğunu bilmək lazımdır”.

“Keşikçi Korpusun əsas vəzifələrindən biri risk və təhlükələri dəyərləndirmək məqsədilə ölkədaxili, regional və beynəlxalq məsələləri daim izləməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İniqlabı Keşikçiləri Korpusu başını aşağı salıb öz işi ilə məşğul olan bir qurum deyil. Bu, daxili və xarici məsələləri daim diqqətdə saxlayan məlumatlı və gözüaçıq bir strukturdur”.

Bu baxımdan Korpusun İnformasiya İdarəsinin əhəmiyyətini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Korpusun İnformasiya İdarəsi daim prosesləri izləməli və təhlükələri aşkarlamalıdır”.

Ali Məqamlı Rəhbər “inqilabın keşiyində durmaq” anlayışının digər bir aspekti kimi, “daim ayıq-sayıq olmaq” məsələsini qeyd edərək aşağıdakıları vurğuladı: “Biz heç vaxt müharibəyə başlayan ilk tərəf olmamışıq və olmayacağıq, lakin İslam İnqilabı daim təcavüzkarların və müxaliflərin yaratdığı təhdidlərə məruz qaldığı üçün Korpusun həmişə ayıq-sayıq, təhdidlərə uyğun səviyyədə hazırlıqlı olması vacibdir”.

Ali Məqamlı Rəhbər inqilab keşikçisi olmağın digər bir aspektinə – yəni inqilabı qoruyub onu əziz tutmaq aspektinə toxunaraq dedi: “İslam İnqilabının qədrini bilib onu əziz tutmaq üçün bu inqilabı hərtərəfli surətdə, gözüaçıq və aydın bir şəkildə tanımaq lazımdır. Keşikçi Korpusun bütün sferalarında və müxtəlif rütbəli heyət üzvlərində bu bilgi olmalıdır”.

“Düşmənin ölkəyə nüfuz etməsinin yollarından biri də inanc və ideologiyada boşluq yaratmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu cür nüfuza qarşı mübarizənin yolu korpusun şəxsi heyətinin güclü inqilab məntiqi ilə silahlandırılmasıdır. Bunun üçün isə korpusun sıralarında xidmət edən hərbçilər özlərində İslam İnqilabı ilə bağlı fikir və ideyalarını qane edici və məntiqli bir şəkildə ifadə etmək bacarığını artırmalıdırlar”.

Ali Məqamlı Rəhbər inqilab keşikçisi olmanın digər bir aspekti kimi düşməni tanımaq xüsusiyyətini qeyd edərək dedi: “Düşmən dedikdə mən dünya imperializmini və onun tam təcəssümü olaraq Amerikanı nəzərdə tuturam. Mürtəce rejimlər və zəif nəfsli insanlar isə onun əlaltılarıdır”.

 

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /