İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı cənab Həsən Ruhani və Kiberməkan üzrə Ali Şuranın üzvləri ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə bildirdi ki, sözügedən şura kiberməkanla bağlı güclü, məsuliyyətli və tədbirli siyasət aparılmasının əsas mərkəzidir. O, nəhəng və misilsiz bir təzahür olan kiberməkanın günü-gündən sürətlə genişləndiyini qeyd edərək aşağıdakıları vurğuladı: “Ölkə gəncliyinin istedad və bacarığından istifadə edərək, düzgün siyasət yürüdüb ölçülüb-biçilmiş, koordinasiyalı addımlar ataraq, vaxt itirmədən kiberməkan sferasında passivlik vəziyyətindən çıxmağa, bu meydanda fəal və effektiv iştiraka, İslama əsaslanan güclü, cəlbedici məna və məzmuna doğru irəliləməliyik”.
Ali Məqamlı Rəhbər internetin mədəniyyət, siyasət, iqtisadiyyat, həyat tərzi, iman, dini etiqad və əxlaq da daxil olmaqla yaşamın müxtəlif sferalarına geniş şəkildə təsir göstərən qeyri-adi bir “yumşaq qüvvə” olduğunu bildirərək qeyd etdi ki, bu məkanda cəmiyyətin ideoloji və əxlaqi baxımdan təhlükəsizliyini qorumaq üçün dəqiq və münasib planlama həyata keçirmək lazımdır. O həmçinin vurğuladı: “Kiberməkanda fəal və effektiv iştirak etmək üçün diqqəti qəti qərarların qəbulu üzərində cəmləmək, qərarları vaxt itirmədən, ciddi surətdə icra etmək, qurumlar arasında koordinasiyanı təmin etmək, mahiyyətcə paralel və ya ziddiyyətli olan işlərdən çəkinmək lazımdır”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, hökumət, xüsusilə də Prezidentin Elm və Texnologiyalar üzrə Müavinliyi kommunikasiya texnologiyaları ilə əlaqəli sənaye sahələrinin inkişaf etdirilməsi üçün proqramlar işləyib hazırlamalı və onların icrasına dəstək verməlidir. O, əlavə etdi: “Bu sənayenin elmi əsaslı şirkətlər vasitəsilə inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasına və ölkə iqtisadiyyatında dəyişikliklərin baş verməsinə böyük təsir göstərəcək”.
Həzrət Ayətullah Xamenei həmçinin çəkdikləri zəhmətə görə ölkə başçısına, Kiberməkan üzrə Ali Şuranın keçmiş üzvlərinə, şuranın keçmiş və hazırkı katiblərinə təşəkkürünü bildirdi.
Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani və Kiberməkan üzrə Ali Şuranın katibi cənab İntizari çıxış edərək kiberməkanın əhəmiyyəti, fəaliyyətdə olduqları birinci dövrdə Ali Şuranın və Milli Kiberməkan Mərkəzinin həyata keçirdikləri proqram və tədbirlər haqda məlumat verdilər. Həmçinin Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani kiberməkanın tələbləri ilə bağlı müəyyən məqamlara toxundu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir