Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Dünya xalqları və dövlətləri içərisində İranın bir çox yaxşı və səmimi dostları var

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avstriya Respublikasının prezidenti cənab Hayns Fişer və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra keçirdiyi görüşdə Amerikanın İranda öz mənafeyini əldən verdiyi üçün İslam İnqilabına düşmən kəsildiyini qeyd edərək bildirdi ki, bəzi Avropa ölkələrinin ABŞ-ın İrana qarşı yürütdüyü düşmən siyasətə qoşulması məntiqsizdir. O dedi: “Əlbəttə, Avstriya belə ölkələrdən deyil və İran-Avstriya əlaqələrinin daha da möhkəmləndirilməsi üçün hər iki ölkənin rəsmiləri tədbirlər planı hazırlamalı və həyata keçirilməsinə səy göstərməlidirlər”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei bunu da qeyd etdi ki, İslam İnqilabının əsas hədəfi Allahın yolu ilə getmək, ağıl və imanı rəhbər tutmaq, bununla yanaşı əməyə önəm vermək sayəsində İran xalqının mənafeyini və xoşbəxtliyini təmin etməkdir. O, əlavə etdi: “Əlbəttə ki, bizim bu xeyirxah yanaşmamızın beynəlxalq arenada düşmənləri də var. Onlar xalqlar arasında müharibələr törətmək, millətləri bir-birinin canına salmaq niyyətindədirlər, İranın isə dünya xalqları və dövlətləri içərisində bir çox yaxşı və səmimi dostları var”.

İslam İnqilabının qələbəsindən sonra bəzi Avropa ölkələrinin İrana qarşı məntiqsiz bir düşmənçilik apardığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabı tamamilə Amerikanın ixtiyarında olan İranı onun əlindən aldı. Amerikanın İslam Respublikası ilə düşmənçiliyinin səbəbi də məhz elə budur. Bəzi Avropa ölkələrinin də bu düşmənçilikdə Amerikaya qoşulması isə məntiqsiz və yersizdir. Əlbəttə ki, Avstriya bu ölkələrin sırasına daxil deyil”.

İki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün müvafiq proqramların əhəmiyyətini vurğulayan Həzrət Ayətullah Xamenei cənab Fişerin İran və Avropa ölkələri arasındakı münasibətlərin gələcəyi ilə bağlı sualını aşağıdakı kimi cavablandırdı: “İndiyə qədər Avropa dövlətləri tərəfindən bu mövzuda müəyyən fikirlər səsləndirilib, lakin bütün bu bəyanatların əməldə reallaşmasını gözləmək lazımdır”.

Söhbətinin davamında azğın ünsürlərin regionda İslam adı altında törətdiyi fəsad və çirkin əməllərə toxunan Ali Məqamlı Rəhbər dedi: “İslam dini bu cərəyanların dünyaya təqdim etdiyi deyil. İslam dini ağıl və imanı rəhbər tutan güclü məntiqə əsaslanır”.

Ölkə başçısı cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Avstriya Respublikasının prezidenti cənab Hayns Fişer İranda gördüyü qonaqpərvər münasibətə görə Ali Məqamlı Rəhbərə təşəkkür edərək İran rəsmiləri ilə apardığı danışıqları müsbət qiymətləndirdiyini bildirdi. O dedi: “Daha artıq razılaşma əldə etmək üçün hazırkı səfərdə müzakirə etdiyimiz mövzular üzərində işləməliyik”.

Ali Məqamlı Rəhbərin Avstriyaya müsbət yanaşmasının onu sevindirdiyini bildirən cənab Fişer dedi: “Cənab Ruhani ilə baş tutan söhbətlərimiz çox yaxşı keçdi. Ölkələrimiz arasındakı münasibətlərin gələcəyinə biz də nikbin yanaşırıq”.

O, əlavə etdi: “Hazırda müştərək əməkdaşlıq üçün yeni bir fürsət yaranıb”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /